Telman Hüseynov: ” Cənab Prezidentə təşəkkür edirəm”

12 OKTYABR 2015 | VIEWS:
2843

DSC_9440Professor Telman Hüseynov “Neft və qaz texnologiyası” ixtisası üzrə Bakı Neft Texnologiyası Texnikumunu bitirərək, 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur. Görkəmli alim, pedaqoq 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Sənayenin iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib. Telman Hüseynov institutda təhsil aldığı illərdə elmi-tədqiqat işinə meyl göstərmiş, üçüncü kursda oxuyarkən “Azərbaycan sənayesinin inkişafı” mövzusunda professor-müəllim heyəti qarşısında elmi məruzə etmişdir. Telman müəllim elmi axtarışlar sahəsində müvəffəqiyyətlərinə görə  1958-ci ildə institut tələbə elmi cəmiyyətinin sədri seçilmişdir. Gənc mütəxəssis Telman Hüseynov Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1967-ci ildə “Neftmaşınqayırma sənayesinin əsas fondları və onlardan istifadənin yaxşılaşdırılması yolları” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra Telman müəllim bir müddət həmin institutda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

Telman Hüseynov sənayenin iqtisadiyyatı sahəsində ən yüksək professionallığı ilə fərqlənən iqtisadçı alimlərdəndir. Maşınqayırmanın respublika sənayesinin strukturunun təkmilləşdirilməsində, sosial-iqtisadi dirçəlişində rolunu çox düzgün və obyektiv qiymətləndirən alim bu sahənin səmərəlilik problemlərini sistemli və kompleks şəkildə tədqiq edən ilk iqtisadçı alimlərimizdəndir. Telman Hüseynovun doktorluq dissertasiyasında respublikanın maşınqayırma sənayesinin inkişaf imkanları, bu sahəyə kapital qoyuluşu, onun səmərəliliyi məsələləri araşdırılır. Əsas fondlardan istifadənin iqtisadi inkişafa təsiri, sənayedə səmərəlilik probleminin metodoloji əsasları, göstəricilər sistemi, iqtisadi səmərəliliyin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Telman Hüseynovun doktorluq dissertasiyası SSRİ-nin görkəmli iqtisadçı alimləri tərəfindən yüksək qiymətləndirildi. SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad elmləri doktoru alimlik dərəcəsi, bir müddətdən sonra isə professor elmi adı verildi. Onun zəngin iqtisadi, statistik materiallara, sistemli təhlilə əsaslanaraq istehsal potensialından effektli istifadə olunması istiqamətlərini özündə əks etdirən monoqrafiyası elmi ictimaiyyət və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Professor Telman Hüseynov 1977-1987-ci illərdə nəşr olunan ilk “Azərbaycan Ensiklopediyası”nda sənaye iqtisadiyyatı ilə bağlı materialların hazırlanmasında da fəal iştirak edib. Uzun illər Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin kollegiyasının, Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunun namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə daimi və birdəfəlik elmi şuralarının üzvü, Azərbaycan Dövlət İqtisad İnstitutunun Tədris Metodiki Şurasının sədri olub. 130 elmi məqaləsi, o cümlədən 4 monoqrafiyası, dərslik və çoxsaylı dərs vəsaitləri nəşr edilmişdir.

Qocaman alim Telman Hüseynov hazırda Azırbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Müəssisənin iqtisadiyyatı” kafedrasının məsləhətçi-professoru olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 oktyabr 2015-ci il tarixində imzalanan Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtsad Universitetinin professoru, Telman Hüseynov Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

2016-cı il avqustin 4-də vəfat etmişdir.

 Telman Hüseynovun saytımıza müsahibəsini təqdim edirik.

Telman müəllim, fəaliyyətiniz dövründə yüksək fəxri adlarla təltif olunmusunuz. İndi də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Əməkdar elm xadimi” fəxri adına layiq görüldünüz.

Bəli, iqtisad elmi və təhsil sahəsində xidmətlərimə görə 1991-ci ildə “Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı”, 2006-cı ildə “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüşəm, 2011-ci ildə isə “Şöhrət ordeni” ilə təltif edilmişəm Bu siyahıya yenisi də əlavə oldu. Ölkə başçısının sərəncamı ilə  “Əməkdar elm xadimi” fəxri adına da layiq görüldüm.

Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmə, təhsilə böyük diqqət və qayğısının təcəssümüdür. Təməli Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə qoyulan bu siyasi xətt indiyə qədər cənab Prezident və onun xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Əlbəttə ki, hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin  səviyyəsi ilə ölçülür. Bu gün Azərbaycanda elmə, təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Biz alimlər də dövlət başçısının etimadını doğrultmağa çalışırıq. Cənab Prezident İlham Əliyevə mənə təhsil və elm sahəsində fəaliyyətimlə bağlı göstərdiyi diqqətə və layiq gördüyü “Əməkdar elm xadimi” yüksək fəxri adına görə minnətdarlığımı bildirir və ailəmiz adımdan təşəkkür edirəm.

Artıq ənənə halını almış bu hadisə müəllim əməyinə yüksək dəyərin, təhsilə və təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu qayğını mənə və mənim kimi qocaman alimlərə, müəllimlərə əsirgəmədiyinə görə, hörmətli nazirimiz Mikayıl Cabbarova dərin minnətdarlığımı çatdırmaq istəyirəm.

Telman müəllim, uzun illər UNEC-də müəllimliklə bərabər rəhbər vəzifələrdə çalışmısınız. Bu dövr ərzində hansı çətinlikləriniz və uğurlarınız olub?

Bəli, 1967-ci ildə o dövrdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adlandırılan indiki UNEC-də baş müəllim vəzifəsində işləməyə başladım. Azərbaycanda ilk dəfə olaraq bu universitetdə  “Maddi-texniki təchizatın iqtisadiyyatı” kafedrası yaradıldı və mən 23 il həmin kafedraya rəhbərlik etdim. 1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun filialına çevrildi. Bu, həqiqətən, nəinki iqtisadçılar, bütünlükdə respublikamız üçün çox ağır bir hadisə oldu. Mən bir müddət bu filialın direktorunun tədris işləri üzrə müavini təyin edildim. Çalışırdım ki, respublikamızın mənafeləri baxımından Xalq Təsərrüfatı İnstitutu yenidən bərpa olunsun. 1991-ci ilin aprel ayında universitetin kollektivi ilə gərgin əməyimiz sayəsində institutun statusu geri qaytarıldı və Azərbaycan Dövlət İqtisad İnstitutuna çevrildi.  Mən əvvəlcə tədris işləri üzrə prorektor, bir qədər sonra isə birinci prorektor vəzifəsinə təyin edildim. Rəhbərliyim dövründə kafedranın əməkdaşlarından 3 elmlər doktoru, 15-ə qədər elmlər namizədi və təchizat üzrə yüksək ixtisaslı yüzlərlə iqtisadçı mütəxəssis hazırlandı. İnstitutda tədris prosesinin maddi-texniki bazasını möhkəmləndirildi, tədris-metodiki təminatı təkmilləşdirildi. Sənaye, onun ayrı-ayrı sahələrinin iqtisadiyyatı üzrə ali təhsilli iqtisadçı mütəxəssislərin hazırlanması, sənaye kompleksinin iqtisadi problemlərinin elmi tədqiqinin genişləndirilməsi üçün laboratoriyalar, şöbələr yaradıldı.

Telman müəllim, UNEC-də həyata keçirilən islahatları necə qiymətləndirirsiz?  Görkəmli alim, tanınmış təhsil işçisi kimi universitetimizdə tətbiq olunan yeniliklər barədə fikirlərnizi öyrənmək çox maraqlı olardı.

Universitetdə professor-müəllim heyətinə göstərilən diqqət və qayğı da məni çox sevindirir. Onların maddi durumu dəfələrlə yüksəldilib, çalışan professorların təcrübəsindən tədris və təlim prossesində istifadə etmək, elmi-pedaqoji kadr hazırlığını daha da yaxşılaşdırmaq məqsədilə məsləhətçi-professor vəzifəsi yaradılıb. Bütün bunlar deməyə əsas verir ki, UNEC uğura gedən yolda inamla irəliləyir.

 

 

2844 2