ADİU-da “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda konfrans keçirilib

30 APREL 2015 | VIEWS:
1297

Aprelin 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycanın aqrar siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir Fəxri xiyabanı ziyarətlə başlayıb. Konfrans iştirakçıları Ümummilli LiderHeydər Əliyevin məzarını ziyarət edərək, onun məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər qoyulub.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə aqrar sahəni iqtisadiyyatın prioritet istiqaməti kimi qiymətləndirdiyini, bu sahəyə xüsusi diqqət ayırdığını bildirib. Qeyd edib ki, onun bilavasitə rəhbərliyi və nəzarəti altında aparılan aqrar siyasət həmin vaxtlar çox qısa müddətdə öz müsbət nəticəsini göstərib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin hələ o dövrdə pambıqçılıq və üzümçülük sahəsində apardığı islahatlardan danışıb. Bildirib ki, bu gün ölkədə aparılan torpaq islahatları Ümummilli Liderin yaratdığı torpaq islahatı modeli kimi qəbul edilir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsinə diqqət çəkən komitə sədri bildirib ki, ölkədə təməlini Ulu Öndərin qoyduğu müasir aqrar siyasət Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində uğurla davam etdirilir.Gələcəkdə ölkəmizin aqrar sahəsi dünya iqtisadiyyatına daha geniş inteqrasiya olunmaqla respublika əhalisinin yüksək keyfiyyətli ərzağa olan tələbatını yerli istehsal hesabına təmin edəcək. Çünki bu prosesin bünövrəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən bugünədək respublikanın aqrar bölməsinin inkişafı üçün müəyyən etdiyi dövlət siyasətindən danışıb. Dövlət başçısının rəhbərliyi ilə ölkədə müasir aqrar siyasətin həyata keçirilməsindən, eyni zamanda ərzaq təhlükəsizliyi, emal sənayesinin və ümumilikdə, qeyri-neft sektorunun inkişafından söz açıb. Bildirib ki, kənd təsərrüafatı məhsulları istehsalçılarının tələbatının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

İqtisad elmləri doktoru Müslüm İbrahimov Azərbaycanda bu sahənin inkişafında Ulu Öndərin rolundan danışıb. Bildirib ki, aparılan uğurlu islahatlar nəticəsində ölkədə müstəqil aqrar siyasət formalaşıb. İslahatların ikinci mərhələsində aqrar sənaye kompleksinin yaradılması, istehsalın təmərküzləşməsi haqda məlumat verib.

Tədbirdə rektor, professor Ə.Muradov “Kənd təsərrüfatı ili” çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ADİU-nun Qida məhsulları texnologiyası və Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası kafedraları nəzdində laboratoriyaların yaradılmasını təklif edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan ADİU-nun müəllim və tələbərinə üzvlük bileti təqdim olunub.

1298 1