Ali məktəblərin dekanları üçün keçirilən təlimlər davam edəcək

27 İYUL 2015 | VIEWS:
1156

Xəbər verildiyi kimi, iyulun 9-dan 14-dək Azərbaycan Dövlət İqtisad Universitetində dekanlar üçün “Tədrisin təşkili” mövzusunda təlim keçirilib. Universitet tədrisinin dekanlıq səviyyəsində modelini qurmaq, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən kadr potensialını gücləndirmək və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün zəmin yaratmaq məqsədi daşıyan təlimdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili haqqında təqdimatla çıxış edib.  Təlim başa çatdıqdan sonra onun gedişi və nəticələri ilə bağlı Yaqub müəllimdən qısa müsahibə aldıq. Onu “Azərbaycan müəllimi”nin oxucularına təqdim edirik.

– “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun bazasında hazırlanan “Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetində aparılan islahatları necə qiymətləndirirsiniz?

– Azərbaycan Dövlət İqtisad Universitetində aparılan islahatlar “Dövlət Strategiyası”nın bütün beş strateji istiqamətini əhatə edir və Strategiyanın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”na uyğundur. Belə ki, buradakı islahatlar ali təhsilin keyfiyyətinin yüksəldilməsinə (tədris plan və proqramlarının əmək bazarının tələbləri nəzərə alınmaqla müasirləşdirilməsi), yüksək səviyyəli mütəxəssis hazırlığına və ali təhsil sisteminin Avropa ali təhsil sisteminə inteqrasiyasına (Avropanın müxtəlif nüfuzlu universitetləri ilə ikili diplom layihələrinin həyata keçirilməsi) yönəlmişdir.

– Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil müəssisələrinin dekanları üçün keçirilən “Tədrisin təşkili” təlim proqramının faydalarını necə dəyərləndirirsiniz?

– Dekanlarla keçirilən təlimlər ADİU-da növbəti dərs ilində tədrisin təşkili, idarəolunması, yeni qiymətləndirmə qaydalarının tətbiqinə və bütövlükdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

– Təlimlərdə dekanlar iş prosesində qarşılaşdıqları problemləri birgə müzakirə etmək imkanı qazandı. Əsasən hansı problemlər üstünlük təşkil edirdi və problem yaradan məqamları aradan qaldırmaq üçün Təhsil Nazirliyinə nə kimi təkliflər verildi?

– Təlimlər zamanı qaldırılan əsas problemlər tədrisin kredit sistemi ilə təşkilinin yeni qaydalarının bəzi nüanslarının şərhlərinə, eləcə də tələbələrin köçürülmə, xaricolunma, bərpa və akademik məzuniyyətalma qaydaları və həmçinin bu proseslərin xarici vətəndaşlarla bağlı məqamları müzakirə olunaraq cavablandırıldı.

– Təlimlərin açılışındakı çıxışınızda artıq bütün ali təhsil müəssisələrinə maliyyə muxtariyyəti verildiyini, indi isə akademik muxtariyyətin verilməsi istiqamətində tədbirlər görüldüyünü bildirdiniz. Bu sahədə görülən işlər hansı mərhələdədir?

– Yeni nəsil təhsil proqramları işlənib hazırlanır. Yeni proqramların tətbiqində ali təhsil müəssisələrinə geniş sərbəstliklər nəzərdə tutulur. Növbəti tədris ilindən başlayaraq Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı”na uyğun olaraq ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul planının ləğv olunması nəzərdə tutulur. Bu halda ödənişli əsaslarla tələbə qəbulunda ali təhsil müəssisələrinin rolu artacaq.

– Gələcəkdə bu təlimlərin digər ali təhsil müəssisələrinin dekanları üçün də keçirilməsi nəzərdə tutulurmu və keçiriləcəyi halda ilk təlimdə iştirak edən dekanların rolu nədən ibarət olacaq?

– Gələcəkdə bu növ təlimlərin digər ali təhsil müəssisələrinin təşəbbüsləri əsasında təşkil olunması çox məqsədəuyğundur. Belə ki, bu bütün ali təhsil sisteminin inkişafına yönəlik tədbir hesab olunur. İlk təlimdə iştirak edən dekanlar növbəti təlimlərdə təlimçi qismində iştirak edə bilərlər.

– Müsahibə üçün sağ olun.

http://www.muallim.edu.az/arxiv/2015/27/05.htm

“Azərbaycan müəllimi”

1157 1