Alman tələbə: UNEC-də tədrisin səviyyəsindən çox razıyam

16 OKTYABR 2016 | VIEWS:
2763

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Almaniyanın Zigen (Siegen) Universiteti arasında həyata keçirilən mübadilə proqramı uğurla davam etdirilir. Proqram çərçivəsində hər iki universitet arasında tələbə-müəllim mübadiləsi aparılır, eyni zamanda birgə yay və qış məktəbləri təşkil olunur. Mübadilə proqramının budəfəki iştirakçısı Zigen Universitetinin magistrı Maksimilian Canqdır. O, proqram çərçivəsində UNEC Biznes Məktəbində menecment ixtisası üzrə bir semestrlik magistr təhsili alacaq.
– Maksimilian, nə üçün təhsilini UNEC-də davam etdirmək qərarına gəldin?
– Zigen Universiteti dünyanın bir çox aparıcı universitetləri ilə mübadilə proqramı həyata keçirir. Tələbələrimiz dillərini təkmilləşdirmək üçün əsasən ingilisdilli ölkələrə, Amerika Birləşmiş Ştatlarına üz tuturlar. Mən də proqramda iştirak üçün müraciət etdim və proqramı qazandım. Universitetlər arasında UNEC-in Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramında iştirak etdiyini öyrəndim. UNEC barədə də universitetimizin müəllim və tələbələrindən eşitmişdim. Zigen Universitetinin professor və magistrlərı bir neçə dəfə UNEC-də olublar. Onlarla görüşüb münasibətlərini öyrənmək istədim. Universitetimizin professoru Petra Muq (Petra Moog) UNEC haqqında çox müsbət fikirlər səsləndirdi və buradakı təhsilin yüksək səviyyədə olduğunu bildirdi. Mənə də mübadilə proqramı üçün UNEC-i seçməyi tövsiyə etdi. Sonra Zigen Universitetinin magistrı Florian Bastianın UNEC-dəki təhsili baradə Zigen Universitetinə yazdığı hesabatı oxudum, onunla da görüşüb məlumat aldım. O da buradakı proqramın yaratdığı imkanlardan məmnunluğunu bildirdi. Mənə lazım olan digər məlumatları da UNEC-in beynəlxalq əlaqələr departamentində alırdım. Nəticədə UNEC-də təhsilimi davam etdirməyi qərara aldım.
-Dərslərin necə gedir, tədris prosesindən, müəllimlərdən razısanmı?
-Dərslərimizi həm əcnəbi, həm də təhsillərini Avropa və Amerikada alan yerli müəllimlər tədris edir. UNEC-də tədrisin səviyyəsindən çox razıyam. Mövzu ilə bağlı hər hansı bir çətinliyim olarsa, müəllimlərimiz köməklik edir.
-Tədris prosesində hansı oxşarlıq və fərqlər var?
-İstər Zigen Universitetində, istərsə də UNEC-də mühazirə və seminar materiallarını elektron platformadan əldə etmək mümkündü. Zigendə əlavə olaraq, həmin materiallar tələbələrin emaillərinə də göndərilir. Amma davamiyyət və dərslərdə davranışla bağlı fərqlər var. Zigen Universitetində dərsə davamiyyət məcburi deyil, tapşırıqlar verilir və izah edilir, sən seminarlara hazır gəlməyə də bilərsən. Əsas odur ki, imtahanı verə biləsən. Amma burada dərsə gəlmək vacibdir və seminar zamanı verilən tapşırıqlara cavab verməlisən. Zigendə tələbələr dərs zamanı daha sərbəst olurlar, yəni mobil telefondan istifadə edirlər, hətta bir-biri ilə danışa da bilərlər. Amma burada müəllimlər belə hərəkətlərdən narahat olurlar.
-Ölkəmiz haqqında təəssüratlarını bilmək istərdik…
-Azərbaycanın dəfələrlə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etdiyi barədə məlumatım var idi. Gəlməmişdən öncə də ölkəniz barədə internetdən araşdırdım. Öyrəndim ki, Azərbaycanın iqtisadıyyatı çox sürətlə inkişaf edir. Ölkəniz həqiqətən də çox gözəldir. Burada istər modern üslubda, istərsə də qədimilik baxımından möhtəşəm tikililər var. Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, İçərişəhər müasirliklə qədimiliyin sintezidir. Elə təhsil aldığım universitetdən söz açmaq istəyirəm. Binanın tarixi ilə maraqlandım və öyrəndim ki, qədim tikilidir. Hər gün UNEC-in divarları arasında tarix yaşandığını hiss edirəm. Bu günlərdə Azərbaycanda yayıma girən “Əli və Nino” filmini izlədim. Filmdə məni heyran edən kadrların təhsil aldığım universitetin yaxınlığında çəkildiyini öyrənəndə mənə lap maraqlı gəldi. İndi bilirəm ki, mən Cənubi Qafqazın ən zəngin tarixi, ənənələri və mədəniyyəti olan bir şəhərində və ən böyük iqtisadyönümlü universitetində təhsil alıram.
– Boş vaxtlarınızı necə keçirirsiz?
– Ümumiyyətlə, burada olduğum qısa müddətdə şahidi oldum ki, insanlarınız çox mehribandır. Tələbə yoldaşlarımla tez bir zamanda dostlaşdıq. Məni evlərinə dəvət etdilər. Birlikdə musiqi dinlədik, rəqs etdik, yemək yedik. Bir sözlə, günümüz çox xoş keçdi. Dərsdən sonra da kafeyə gedir, gənclərin ən çox toplandıqları yerlərdə oluruq. Boş vaxtım olanda qaldığım yataqxananın idman meydançasında otaq yoldaşımla voleybol oynayırıq. Hər səhər günə “Dədə Qorqud” parkındakı gölün ətrafında gəzintiyə çıxmaqla başlayıram.
-Azərbaycan mətbəxini bəyənirsinizmi?
-Çox bəyənirəm. Əsas da kabab, çoban salatı, kompotu çox xoşlayıram. Evində olduğum azərbaycanlı yoldaşlarım da məni milli yeməklərə, şirniyyatlara qonaq ediblər. Bəzilərinin adı yadımda qalmayıb, amma böyük əksəriyyətini bəyənirəm.

2764 2