“Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər”

14 NOYABR 2017 | OXUNUB:
318

UNEC-də “Azərbaycanın inkişafında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

Biznes və menecment fakültəsində keçirilən tədbirdə millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Avropa İttifaqinın Azərbaycandakı gənc səfiri Nurxan Babayev iştirak edib.

Fakültə dekanı, dosent Mirağa Əhmədov bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. O, Ümummilli lider Heydər Əliyev “hər bir Azərbaycan gənci ilk öncə müstəqil Azərbaycanın bü günü, gələcəyi haqqında düşünməlidir” fikirlərini səsləndirərək, tələbələri bu missiyanı layiqincə davam etdirməyə çağırıb.

ATGTİ sədri Şahin İsmayılov bildirib ki, dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. O respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasətin birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmədiyini və öz müsbət rolunu göstərdiyini diqqətə çatdırıb. Millət vəkili bildirib ki, Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər.

Avropa İttifaqinın Azərbaycandakı gənc səfiri Nurxan Babayev gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədə olduğunu bildirib, bu amilin qlobal rəqabətə davamlılığının vacib şərtlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir.

UNEC-in I kurs tələbəsi Füruzə Əmrullayeva ilə III kurs tələbəsi Ramiz Məhərrəmov çıxışlarında dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışdıqlarını bildiriblər.

Sonda UNEC-in ictimai-sosial həyatında fəal iştirak edən tələbələrə “Təşəkkürnamə” təqdim edilib.

319 3