“Azərbaycanın dövlət siyasətinin prioritetləri və İslam həmrəyliyini şərtləndirən amillər”

25 OKTYABR 2017 | VIEWS:
1527

Oktyabrın 25-də UNEC-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə İslam həmrəyliyinə həsr olunan tədbir keçirilib.

UNEC-in yerli və islam ölkələrindən olan əcnəbi tələbələrinin iştirak etdiyi tədbirdə Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov görüşün 2017-ci Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn Bilik Fondu Tədbirlər planına əsasən keçirildiyini qeyd edib. Fondun təşkilatçılığı ilə gənclərin maairfləndirilməsi istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini, dünyanın tanınmış alim və Nobel mükafatçıları ilə görüşlərin təşkil edildiyini bildirib.

İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması Azərbaycanın həm dini, həm iqtisadi-siyasi, həm də mədəni baxımdan digər islam ölkələri ilə sıx əməkdaşlıq etməsinə zəmin yaradacaq. UNEC-də “İslam Həmrəyliyi İli” ilə bağlı silsilə tədbirlərin, seminarların keçirildiyini iştirakçıların diqqətinə çatdıran prorektor, bu tədbirlərin İslam mədəniyyətinin, tarixinin, mənəvi dəyərlərinin gənclər arasında təbliğində böyük rol oynadığını vurğulayıb.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “Azərbaycanın dövlət siyasətinin prioritetləri və İslam həmrəyliyini şərtləndirən amillər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “İslam Həmrəyliyi İli”nin əsas məqsədi müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. İslam dünyasına qarşı bu gün müəyyən təzyiqlərin müşahidə edildiyinə diqqət çəkən məruzəçi belə bir şəraitdə müsəlman ölkələrinin birləşməli, islami dəyər və prinsipləri rəhbər tutaraq həmrəylik nümayiş etdirməli və bir-biriləri ilə sıx əməkdaşlıq etməli olduqlarının vacibliyini vurğulayıb. Müasir dövrün çağırışları baxımından İslam birliyinin zəruriliyini, islam dünyasının sosial-iqtisadi, siyasi amillərinin bu həmrəyliyi şərtləndirdiyini qeyd edib.

Müsəlman ölkələrinin dünya enerji resurslarının 60 faizdən çoxuna malik olmasına baxmayaraq, həmin ölkələrin iqtisadi cəhətdən zəif olduğunu bildirən R.Həsənov Azərbaycanın qısa bir müddətdə öz sosial-iqtisadi, siyasi-ictimai və mədəni inkişafında böyük nailiyyətlərə çataraq həmin ölkələrə nümunə olduğunu qeyd edib.

Tədbirdə tələbələrin islam dünyasının qarşılaşdıqları problemlər, islamafobiya və s. ilə bağlı  sualları cavablandırılıb.

1528 1