DGKA-nın tələbələri UNEC-də olub

22 NOYABR 2016 | OXUNUB:
1978

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) iqtisadiyyat ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev tələbələri UNEC-in uğurları ilə tanış edib. Tələbələr Karyera Mərkəzində nümunəvi dərsi dinlədikdən sonra UNEC-in kitabxanası, İnnovativ Biznes İnkubator, SABAH Qrupları Mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbinin fəaliyyəti ilə tanış olublar. Tələbələrin işgüzar bacarıqlar əldə etməsinə xidmət edən Virtual Müəssisə və onların maliyyə biliklərinin daha da artırılmasında mühüm rol oynayan Maliyyə laboratoriyası akademiya tələbələrinin marağına səbəb olub.

S.Tanrıverdiyev tələbələrə UNEC-in ikili diplom proqramları barəsində də ətraflı məlumat verib: “İqtisad Universiteti ilə Montpellier Universiteti arasında ikili diplom razılaşması əldə edilib və proqram çərçivəsində artıq beş tələbə Montpellier Universitetində təhsil almaqdadırlar. London Universiteti/London İqtisad Məktəbi ilə imzalanan ikili diplom proqramına əsasən isə səkkiz tələbə təhsil alır. Həmçinin, UNEC tələbələri İstanbul Universiteti ilə də ikili diplom proqramından faydalanırlar. Bundan başqa, MBA proqramı üzrə İsveçrə Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) ilə proqramda 19 təhsil alıb”.

1979 3