“Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın irəliləməsi investorların ölkə iqtisadiyyatına diqqətini artıracaq

29 SENTYABR 2017 | VIEWS:
1810

 elsan_8789AZƏRTAC

Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına sahibdir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.

Ekspert qeyd edib ki, hər il Dünya İqtisadi Forumu “Qlobal Rəqabətlilik Hesabatı”nı açıqlayır və hesabatda ölkə iqtisadiyyatlarının 12 əsas göstərici üzrə müəyyən edilmiş “qlobal rəqabətlilik indeksi” əsasında reytinq siyahısı tərtib edilir. Əminliklə qeyd etmək olar ki, bütövlükdə hesabat, eləcə də hesabat çərçivəsində tərtib edilən reytinq siyahısı dünyanın siyasət, iqtisadiyyat və biznes dairələrində böyük maraqla qarşılanır. Bu baxımdan istənilən bir ölkənin belə bir reytinq siyahısında mövqelərini yaxşılaşdırması həmin ölkə haqqında dünyanın qeyd edilən dairələrində müsbət rəyin formalaşmasına, qlobal maliyyə və biznes subyektlərinin, o cümlədən də qlobal investorların həmin ölkə iqtisadiyyatına diqqətinin artmasına kömək edir.

Azərbaycan iqtisadiyyatı uzun illərdir ki, bu hesabat çərçivəsində tədqiq olunan iqtisadiyyatlar arasındadır və hər zaman rəqabətlilik indeksinə görə müsbət mənada seçilirdi. Hesabatın builki nəşri göstərir ki, Azərbaycan iqtisadiyyatı qlobal rəqabətlilik indeksinə görə ötən illə müqayisədə iki pillə daha yüksələrək dünya ölkələri arasında 37-ci yerdən 35-ci yerə qalxıb.

Hesabatın builki nəşrinin Azərbaycanla bağlı hissələrinin təhlilinə görə, Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi” keçən illə müqayisədə 4,55-dən 4,69-a yüksəlmiş və dünyanın ən rəqabətli 35-ci iqtisadiyyatı kimi Türkiyə və İran da daxil olmaqla, bütün qonşu ölkə iqtisadiyyatlarını, həmçinin də MDB ölkələrinin iqtisadiyyatlarını geridə qoyub. Başqa sözlə, hesabata əsasən, Azərbaycan iqtisadiyyatı yerləşdiyi regionun ən rəqabətli iqtisadiyyatıdır. Heç şübhəsiz ki, Azərbaycanın qeyd olunan reytinq siyahısında bu il də öz mövqeyini möhkəmləndirməsi ölkədə aparılan islahatlarla birbaşa bağlıdır.

Hesabatın ətraflı təhlili göstərir ki, ötən il Azərbaycan iqtisadiyyatı onun qlobal rəqabətliliyini müəyyən edən 12 əsas göstəricinin 11-də irəliləyiş əldə edib. Bu baxımdan da Azərbaycan hesabatdakı azsaylı ölkələr sırasındadır. Bu onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatında aparılan islahatlar kompleks xarakter daşıyır və iqtisadiyyatın əksər parametrləri üzərində müsbət təsirini göstərir.

Bildiyiniz kimi, hesabat çərçivəsində ölkə iqtisadiyyatlarında “biznes üçün ən çox problem hesab olunan amillər” adlı anket tədqiqatları da aparılır. Biznes dairələri arasında aparılan bu sorğunun cari il üçün nəticələri göstərir ki, Azərbaycanda biznes üçün problem olan ənənəvi amillər də artıq islahatlar nəticəsində getdikcə ortadan qalxır.

Bütün qeyd edilənlərlə yanaşı, hesabata əsaslanaraq onu da demək mümkündür ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi”nin “makroiqtisadi mühit”, “səhiyyə və ibtidai təhsil”, “ali təhsil və treninq”, “maliyyə bazarının inkişafı” və “bazar miqyası” parametrləri üzrə inkişaf potensialı kifayət qədər böyükdür. Gələcək illərdə xüsusilə də bu parametrlər üzrə inkişaf Azərbaycan iqtisadiyyatının “qlobal rəqabətlilik indeksi”ni mühüm dərəcədə yüksəldə və onun “Qlobal rəqabətlilik hesabatı”nın terminləri ilə desək, “faktora əsaslanan” iqtisadiyyatlardan “səmərəliliyə əsaslanan” iqtisadiyyatlar sırasına keçidini ciddi şəkildə sürətləndirə bilər.

Elvira Məmmədova, AZƏRTAC

1811 1