MBA proqramında yenilik: “Buraxılış layihəsi”

04 MART 2016 | VIEWS:
4156

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramında təhsil alanlar “Buraxılış layihəsi” hazırlayacaq. Bu barədə qərar UNEC-in Elmi Şurasında qəbul edilib. Qərar bütün MBA magistrantlarına şamil edilir. Təhsilalanın ixtisası üzrə spesifik biliklərinin dərinləşməsinə xidmət edəcək “Buraxılış layihəsi” magistrantın hazırki ixtisasına uyğun olmaqla bərabər, gələcək karyera seçimi və ya hazırki işi ilə əlaqəli olmalıdır. Optimal faydalılığın əldə edilməsi üçün “Buraxılış layihəsi”nin adı düzgün seçilməlidir.

“Buraxılış layihəsi” müəssisə layihəsi, tədqiqat yazısı, təcrübə və təcrübə hesabatı olmaqla magistrlara üç formada təqdim olunacaq. Müəssisə layihəsi Biznes Planının yazılmasını və formalaşdırılmasını, təcrübə hesabatı təcrübənin keçirildiyi müəssisə, onun əsas fəaliyyət istiqaməti və təcrübə vaxtı müəssisədə görülən işlərin planını əhatə edəcək. Tədqiqat yazısında Harvard İstinad Sistemindən (Harvard Reference System) seçilən ədəbiyyat istifadə edilməli, ümumilikdə hesabat formatı 20-25 səhifə magistr səviyyəsində yazılmalıdır.

“Buraxılış layihəsi”ni Buraxılış Şurası dəyərləndirəcək. Öncədən “Buraxılış layihəsi”nin yerinə yetirilməsi üçün rəhbər və magistrant arasında müqavilə, “anti-plaqiarizm” müqaviləsi imzalanacaq. “Buraxılış layihəsi” MBA departamentinin müəyyən etdiyi qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcək. “Buraxılış layihəsi”nə “məqbul”  və ya “qeyri-kafi” qiymət təyin ediləcək. “Qeyri-kafi” qiymətləndiriləcəyi təqdirdə magistrant “Buraxılış layihəsi”nə dəyişikliklər etməklə ikinci dəfə təqdim edə bilər.

4157 1