UFU-nun kafedra müdirinin UNEC tələbələrinə mühazirəsi: “Müasir miqrasiyanın sosial-psixoloji aspektləri”

24 NOYABR 2016 | VIEWS:
2125

Rusiya Federasiyasının Ural Federal Universitetinin (UFU) “Sosial təhlükəsizlik” kafedrasının müdiri Eduard Viktoroviç Patrakov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

E.V.Patrakov UNEC-in Rus İqtisadiyyat Məktəbində tələbələrlə görüşüb. Görüşdə “Müasir miqrasiyanın sosial-psixoloji aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, müasir miqrasiyanın sosial-psixoloji aspektlərinin təhlili ilk növbədə bu fenomenin mahiyyəti, forma və növləri, struktur və tipologiyası, miqrasiyanın formalaşma qanunauyğunluqları haqqında kompleks araşdırmalar aparılmasını zəruri edir. Müasir miqrasiya proseslərinin milli və qlobal təhlükəsizlik faktorlarından birinə çevrilməsi, son dərəcə intensiv sürətlə dinamikaya uğraması yeni xüsusiyyətlərin üzə çıxarılmasına səbəb olub. Miqrasiyaya dair elmdə mövcud olan anlayış, təsnifat və tipologiyanı müqayisə etmədən, yeni təzahürlərin real vəziyyəti və perspektivləri haqda mühakimə yürütmək qeyri-mümkündür. Bəşər tarixinin inkişafında çox mühüm rol oynayan miqrasiya prosesləri hər bir ölkənin üzləşdiyi çoxşaxəli, mürəkkəb hadisə kimi olduqca müxtəlif elmi aspektlərə malikdir. Məhz buna görə problemin nəzəri-metodoloji təhlili, anlayış-kateqorial aparatının dəqiqləşdirilməsi tələb olunan ilk məsələlərdəndir.

Mövzu tələbələrin xüsusi marağına səbəb olub. Onlar bu sahədə aparılan nəzəri-metodoloji ümumiləşdirmələrə əsasən miqrasiyanın növləri, strukturu, faktorları, tipologiyası, motiv və mənbələri, regional xüsusiyyətləri, dinamikası və miqyası kimi aspektlərin müxtəlif təsnifat sistemləri barədə suallar veriblər.

Ural Federal Universitetinin kafedra müdiri UNEC tələbələrinin müzakirə qabiliyyətlərini yüksək qiymətləndirərək, onların qavrama bacarığını müsbət dəyərləndirib.

2126 2