UNEC alimləri ölkədə yüksək rəqabət qabiliyyətli klasterlərin yaradılmasını təklif ediblər

29 DEKABR 2015 | VIEWS:
2413

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müasir dövrdə Azərbaycanın davamlı iqtisadi inkişafın təmin edilməsi üzrə təkliflər” mövzusunda seminar keçirilib.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun alimləri seminarda ölkədiki mövcud iqtisadi vəziyyəti müzakirə edərək, problemlərin həlli yollarını araşdırıblar.

Tədbirdə mövcud şəraitdə ölkə iqtisadiyyatının sağlamlaşdırılması və davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə bir neçə tədbirin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, davamlı inkişafın təmin edilməsi üçün ilk növbədə ölkə prezidenti yanında xüsusi və geniş səlahiyyətlərə malik qurumun yaradılmasına ehtiyac var. Qurum ölkə üzrə müxtəlif sahələrin ən aparıcı mütəxəssislərini, iş adamlarını cəlb etməklə yüksək dərəcədə konkretləşdirilmiş Azərbaycanın davamlı inkişaf konsepsiyasının və davamlı inkişaf strategiyasının işlənilməsini təmin etməlidir. Təklif edilib ki, davamlı inkişaf strategiyasının tərkib hissəsi kimi ölkənin geoiqtisadi inkişaf strategiyası da işlənilsin. Bu strategiya xarici iqtisadi əlaqələrin modelinin seçilməsini, optimal inteqrasiya vektorunun müəyyən olunmasını, ixrac yönümlü iqtisadi siyasətin reallaşdırılması mexanizmini özündə ehtiva etməlidir.

Ölkənin ixrac potensialının artırılması üçün həyata keçirilməsi zəruri olan konkret tədbirlərin müəyyən olunması da təkliflər sırasındadır.Tədbirdə qeyd edilib ki, ixrac potensialının yüksəldilməsinin bütün dünyada sınaqdan keçmiş iki əsas istiqaməti mövcuddur – klasterləşmə və transmilliləşmə.

UNEC alimləri təklif ediblər ki, ölkədə yüksək rəqabət qabiliyyətli klasterlərin yaradılması üçün həyata keçirilməsi zəruri olan tədbirlər müəyyən edilsin. Bu prosesin ilk mərhələsi kimi regionların klaster potensialının hesablanması təklif edilib. Klaster potensialının hesablanması üçün zəruri olan statistik məlumatların əldə olunması üçün Dövlət Statistika Komitəsi yerlərə həmin məlumatları toplayaraq işlənməsi üçün müvafiq göstəriş verməlidir.

Bildirilib ki, ölkə daxilində qeyri-neft sektorunun inkişafı üçün ilk növbədə əlverişli iqtisadi və inzibati mühit yaradılmalı, azad rəqabət təmin olunmalıdır. Bunun üçün “Rəqabət Məcəlləsi”nin Milli Məclisdə müzakirəsi və qəbulu təmin olunmalıdır. Daha sonra bu məcəllənin real, effektiv işləməsi üçün müvafiq mexanizmlər, normativ baza işlənməlidir.Birbaşa xarici investisiyaların stimullaşdırılması üçün zəruri tədbirlər hazırlanmalı, bu investisiyalara dövlət zəmanəti verilməklə ölkəyə cəlb olunması təmin edilməlidir.

UNEC alimləri hesab ediblər ki, effektivliyin təmin edilməsi üçün təkliflərin tez bir zamanda işlənib hazırlanması vacibdir.

2414 1