UNEC Beynəlxalq Təhsil Zirvəsi və sərgisində təmsil edilib

27 MART 2017 | VIEWS:
3452

UNEC İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Təhsil Zirvəsi və Təhsil sərgisində təmsil olunub. Nüfuzlu tədbirdə UNEC-in Beynəlxalq Əlaqələr Departamenti, UNEC Biznes Məktəbi və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzininin rəhbərləri iştirak edib.

Üç gün davam edən Beynəlxalq Təhsil Zirvəsi və Təhsil sərgisinə Azərbaycanla yanaşı Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, İsveçrə, Macarıstan, Çexiya, Bolqarıstan, Braziliya, İspaniya, İran, Şimali Kipr Türk Respublikası, Çin və Qətər daxil olmaqla ümumilikdə 2000-dən çox nümayəndə ilə 53 ölkədən ali təhsil müəssisəsi və təhsil agentlikləri qatılıb. İlk dəfə ötən il təşkil olunan Təhsil Zirvəsinin əsas məqsədi Avrasiya bölgəsinin təhsil imkanlarının mübadiləsidir.

Açılış mərasimində Avrasiya Universitetlər Birliyinin rəhbəri və İstanbul Aydın Universitetinin rektoru Dr. Mustafa Aydın, Türkiyənin təhsil naziri Dr. İsmət Yılmaz,  Şimali Kipr Türk Respublikasının təhsil naziri Özdəmir Berov, Ali Təhsil Şurası (YÖK) sədrinin vəkili, professor Həsən Mandal, Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) rəhbəri Ömər Cihad, UNESCO-nun Baş Katibliyinə namizəd Hamad Bin Abdulaziz Al-Kavari və Qətərin Mədəniyyət, İncəsənət və Mədəni İrsin sabiq naziri çıxış edərək, dünya üzrə sayca 3-cü hesab edilən Təhsil Zirvəsi və sərgisinin Avrasiya bölgəsinin zəngin təhsil imkanlarının mübadiləsi baxımından  əhəmiyyətli bir platforma olduğunu qeyd ediblər. Həmçinin təhsildə ən mühüm hədəfin keyfiyyət olmasını,  bu baxımdan texnoloji imkanların və tədris vəsaitlərinin  inkişafının zəruriliyini vurğulayıblar.

“Study in Azerbaijan” çərçivəsində təqdim edilən UNEC stendində universitetin nümayəndələri sərgi iştirakçılarına bu ali təhsil ocağının təhsil xidmətləri, beynəlxalq əlaqələri, ikili diplom proqramları haqqında ətraflı məlumat verib, təhsil imkanlarının əks olunduğu müvafiq broşur və məlumat kitabçaları təqdim ediblər. Sərgi iştirakçıları UNEC barədə məlumatları maraqla qarşılayıblar.

UNEC əməkdaşları həmçinin sərgidə təmsil olunan digər ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Türkiyə Ali Təhsil Şurası (YÖK), Fransanın Campus France və müxtəlif təhsil agentliklərinin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Görüşlərdə son illərdə UNEC-in qazandığı nailiyyətlər haqqında məlumat verməklə, tələbə və müəllim mübadiləsi, ikili diplom və birgə dərəcə proqramları, əcnəbi tələbələrin cəlbi məsələləri, eyni zamanda birgə yay və qış məktəblərinin təşkili kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

UNEC təmsilçiləri təşkil olunan panel müzakirələrində də fəal iştirakları ilə seçiliblər.

3453 2