UNEC tələbələri ön cəbhədə əsgərlərlə birgə

08 NOYABR 2016 | VIEWS:
2490

“Dövlət Bayrağı Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup əməkdaşı və Yaradıcılıq Mərkəzinin üzvləri ön cəbhədə əsgər və zabitlərlə görüşüb. Horadiz və Xocavənddə keçirilən görüş Müdafiə nazirliyinin Silahlı Qüvvələrdə “Bayrağım-varlığım, bəxtiyarlığım” adlı hərbi vətənpərvərlik həftəsinə həsr edilib.
UNEC ilə yanaşı, rayon rəhbərliyi, ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, aprel döyüşlərində şəhid olan əsgərlərin ailə üzvləri iştirak edib.
Dövlət himni səsləndirildikdən sonra əsgərlərə və UNEC tələbələrinə Azərbaycanın tarixi bayraqları sərgisi nümayiş etdirilib.
Millət vəkili, UNEC-in kafedra müdiri, professor Xanhüseyn Kazımlı bildirib ki, hərbi vətənpərvərlik həftəsi gənc nəslin vətənə, torpağa olan bağlılığının və bayraq sevgisinin artırılmasına xidmət edir.
UNEC-in prorektoru, müharibə veteranı Mikayıl Zeynalov Azərbaycan bayrağının etibarlı əllərdə olduğunu, ordunun bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu qeyd edib. Horadizin düşmən işğalından azad edilməsində keçirilən əməliyyatlarda fəal iştirak edən müharibə veteranı döyüş xatirələrini danışıb: “Azad etdiyimiz Horadiz torpağına üç rəngli bayrağımızı necə sancmağımızı bu gün burada bir daha fəxarətlə xatırladım”.
Yaradıcılıq Mərkəzinin üzvləri – İqbal Babayevin səsləndirdiyi “Bayrağım” şeiri, Aslan Əzimzadənin oxuduğu “Azərbaycanım” mahnısı və UNEC-in digər tələbələrinin hərbi vətənpərvərlik ruhunda ifaları iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.
UNEC tələbələrinin “Bayrağım-varlığım, bəxtiyarlığım” layihəsinə dəstəyi Müdafiə Nazirliyinin hərbçiləri, rayon rəhbərliyi tərəfindən xüsusi qeyd edilib. Hərbi vətənpərvərliyin təbliğində aktiv iştiraklarına görə Yaradıcılıq Mərkəzinin üzvləri hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif edilib.

2491 1