2016/2017-ci tədris ilində təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edib

22 İYUN 2016

Dəyərli tələbələrimiz, hörmətli həmkarlarımız və Əziz UNEC sevərlər!

UNEC 2016/2017-ci tədris ilində təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edib. Sənədlərin qəbulu 2016-cı ilin iyun  ayının 10-dan  avqust ayının 1-dək aparılacaqdır.

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

Əgər ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olarsa dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 163 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən tək­rar ali təhsil ala bilərlər.

Yenidənhazırlanma təhsili 3 ixtisas üzrə (Maliyyə, Maliyyə işi (orta ixtisas təhsili bazasında) və Dünya iqtisadiyyatı) aparılır, tədris Azərbaycan dilindədir və tədris müddəti 1 ildir.

Təkrar ali təhsil 21 ixtisas üzrə Azərbaycan və rus dillərində aparılır və qanunvericiliyə müvafiq olaraq tədris ikinci kursdan başlayır, qəbul olmuş tələbələr qiyabi təhsil formasında 4 il, əyani təhsil formasında isə 3 il təhsil alırlar.

Yenidənhazırlanma təhsilinə və təkrar ali təhsilə müraciət aşağıdakı internet linki vasitəsi ilə həyata keçirilir.

http://www.kabinet.unec.edu.az

Diqqətinizə çatdırmaq istərdik ki, yenidənhazırlanma təhsilinə və tək­rar ali təhsilə qəbul tam şəffaf olmaqla ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir, sənədlər komissiya tərəfindən tam obyektiv dəyərləndirilir və müvafiq tələblərə cavab verdikləri halda yenidənhazırlanma təhsili və tək­rar ali təhsil almaq hüququnu qazanırlar.

Yenidənhazırlanma təhsili və təkrar ali təhsilə müraciət zamanı ehtiyac duyulan sənədlərin siyahısı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

https://unec.edu.az/events/unec-2016-2017-ci-tedris-ilinde-tekrar-ali-tehsil-almaq-ucun-sened-qebulu-elan-edir/

https://unec.edu.az/events/unec-2016-2017-ci-tedris-ilinde-yenidenhazirlanma-tehsili-almaq-ucun-sened-qebulu-elan-edir/

Ortaya çıxa biləcək əlavə suallarla bağlı birbaşa olaraq Distant, qiyabi və əlavə təhsil mərkəzinin rəhbəri  Səbuhi Tanrıverdiyevə  müraciət edə bilərsiniz (012 492 65 64)