Gəncliklə zaman arasında körpü yaradan

17 DEKABR 2015 | VIEWS:
1748

Dekabrın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) uzun illər ərzində Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində çalışan, universitetin hörmətli ağsaqqal-ziyalılarından olan professor Bəhruz Abdullayevin 80 illiyinə həsr olunan xatirə tədbiri keçirilib. Xeyirxahlığı amalına çevirən insan haqqında xatirə tədbirində alimin yaxın dostları, qohumları və tələbələr iştirak edib.

Səmimi, doğmalıq abu-havasında keçən tədbiri UNC-in rektoru, professor Ədalət Muradovun adından təşkilatı məsələlər üzrə prorektor Şaiq Əsgərov açaraq, universitet rəhbərliyinin ağsaqqallara daima diqqətlə yanaşdığını, bu kimi tədbirlərin bir ənənə şəkli aldığını bildirib, Bəhruz müəllim haqqında öz xoş sözlərini, xatirələrini bölüşüb.

Professor Hidayət Cəfərov, Dərbənd cəmiyyətinin sədri Nurulla Əliyev, Ağsaqqallar Şurası adından Həsən İsrafilov, Bəhruz müəllimin yaxın həmkarları olan Müzəffər Məmmədov, kafedrada bir yerdə onilliklərlə çiyin-çiyinə çalışan Əsgər Abdullayev, Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mənsur Barxudarov Bəhruz Abdullayevə dair bəzən iştirakçıları kövrəldən, bəzən xoş anları yada salıb gülümsəməyə vadar edən xatirələrini danışıblar.

Bəhruz Abdullayevin həyat yoldaşı Leyla xanım UNEC rəhbərliyinə, tədbirin təşkilatçılarına anım tədbirinə görə təşəkkür edib. Bəhruz müəllimin universiteti daima özü üçün doğma bir məkan, ikinci ev saydığını bildirib.

Sonda nümayiş etdirilən Bəhruz müəllimin həyat və yaradıcılığını əks etdirən fotoslaydlar hamının kövrəlməsinə, dostluq, yoldaşlıq səhifələrini yenidən vərəqləmələrinə səbəb oldu.

1749 1