Heydər Əliyevin sabitlik və inkişaf strategiyası

16 İYUN 2017 | OXUNUB:
1298

“Xalq qəzeti”

Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. Bu, onu göstərir ki, ictimai- siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev həmişə ən düzgün siyasət aparmış, Azərbaycan xalqının maraqlarını müdafiə və təmin etmişdir.

 Azərbaycan Prezidenti İlham ƏLİYEVİN ümummilli liderin anadan olmasının 94-cü ildönümünə
və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdəki nitqindən


Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ulu öndər respublikaya rəhbərlik etdiyi dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. 

Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cü illərdə cəbhədəki məğlubiyyətlər, Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, anarxiya, xaos, vətəndaş müharibəsi və s. ölkədə gərgin vəziyyət yaratmışdı. Belə bir təhlükəli məqamda xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.

Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqil Azərbaycan iqtisadiyyatına, elminə, təhsilinə, səhiyyəsinə və mədəniyyətinə də yeni nəfəs gətirdi. Demək olar ki, cəmiyyətin bütün sferalarında inqilabi dəyişikliklər baş verdi. Təhsil və elm ocaqları Heydər Əliyevin qayğısı sayəsində öz əvvəlki şöhrətini bərpa etdi.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı.

Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilin noyabrında müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və “Əsrin müqaviləsi” adını almış nəhəng neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün oldu.

Bu dahi şəxsiyyət tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi. Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu dünyamızın Şərqi ilə Qərbini birləşdirdi və bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.

1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə müstəqil Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı və ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi ilbəil artdı. Keçmiş sovet respublikaları arasında Azərbaycan ilk dəfə Qərbin iri neft şirkətləri ilə belə böyük miqyaslı saziş imzaladı və Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev o dövrdə növbəti dəfə böyük siyasi cəsarət, dönməz iradə, dəqiq iqtisadi hesablama və dərin müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft doktrinasını irəli sürdü.

Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” funksiyası daşıyıb. Tarixi İpək Yolunun bərpasına həsr edilən və Bakıda böyük təntənə ilə keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi. İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın nümayəndələri ölkəmizin paytaxtına toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu bütün dünyada bir daha təsdiq etdilər.

13 aprel 1999-cu ildə Atatürkün “Yurdda sulh, cahanda sülh” prinsipinə uyğun olaraq ümummilli lider Heydər Əliyev Azərbaycanda və Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsi, dostluq, qarşılıqlı anlaşma və mehriban qonşuluq münasibətlərinin bərpa olunması, bütün dünyada sülhün çarçısı kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldü.

Bütün bunlar bu gün Azərbaycan xalqının dünyada sülhsevər bir xalq kimi tanınmasına səbəb olmuş, respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, dinc quruculuq işlərinin aparılmasına, iqtisadiyyatımızın möhkəmləndirilməsinə tarixi bir imkan yaratmışdır. Uzun illərin təcrübəsi sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, dünyada neftlə zəngin olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən bütün dövlətlər heç də öz xalqlarının rifahı üçün lazımi səviyyədə istifadə edə bilmirlər. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həmin sərvətlər xalqımızın rifah halının yaxşılaşmasına yönəldildi.

Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və dünyanın nəhəng şirkətləri ilə birgə imzalanan “Əsrin müqaviləsi” yeni neft strategiyamızın şanlı səhifələrini acdı. Məhz bu müqavilə Azərabaycan iqtisadiyyatının inkişafının təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsi və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investisiyanın ölkəmizə axınını sürətləndirdi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclü təkan verdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti olmuş Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsinin ölkəmizdə istehsal edilən neftin dünya bazarlarına çıxarılmasında rolu əvəzsizdir. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.

Respublikamızda istehsal edilən neft-qaz xalqımızın güzəranının yaxşılaşmasında, onun ictimai-siyasi həyatında böyük rol oynayır və hələ uzun illər də oynayacaqdır. Bu nemət ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə dinamik inkişaf təmin edilmiş, əhalinin rifahı yaxşılaşdırılmış, dünya təsərrüfat sisteminə inteqrasiya əlaqələrinin gücləndirilməsi mümkün olmuşdur.

1993-cü ilin ikinci yarısından etibarən ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində 1995-ci ildə Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi problemlərin həlli, o cümlədən əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər ön plana çəkildi. Ardıcıl olaraq aparılan islahatlar qısa müddət ərzində öz bəhrəsini verməyə başladı və iqtisadiyyatın ayrı-ayrı sahələrində ciddi irəliləyiş əldə olundu. Görülən məqsədyönlü və uzaq perspektivlərə tuşlanmış tədbirlər nəticəsində geriləmənin qarşısı birdəfəlik alındı.

Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, – deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqımızın böyük oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Bu siyasi kursun ardıcıl olaraq həyata keçirilməsi və daha da inkişaf etdirilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Məlum olduğu kimi, “Şahdəniz” yatağı ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə çevirmişdir.

Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi Azərbaycan iqtisadiyyatına milyardlarla dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması çox mühüm tarixi hadisədir. Bu layihənin ölkəmizin iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rolu vardır. Möhtərəm Prezidentimiz İlham Əliyev layihənin tarixi rolundan danışarkən demişdir: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, həm də regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir. Təbii ki, neft-qaz amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə iqtisadiyyatı neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır.

Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyaların mənimsənilməsi dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü məhz yeni texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət etdiyi, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir vaxtda ölkəmiz də qlobal çağırışlardan kənarda qalmır.

Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bu işdə iqtisadi islahatların, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır. Son illərdə Azərbaycanda 1 milyon 700 min yeni iş yeri yaradılmışdır. Onlardan 1,2 milyonu daimi iş yeridir. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində bu göstərici 5 faizdən aşağı enmiş, yoxsulluq isə 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görmüşdür.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, aparılan islahatlar və əldə olunan iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə yönəldilmişdir. Ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzərə çarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümünə böyük töhfələr vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərindən səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, regionların inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması və bu qəbildən olan digər addımlar sayəsində mümkün olmuşdur.

Azərbaycan iqtisadiyyatı müasir dövrdə şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Diversifikasiya sözünün müasir forması ingilis dilində işlədilən “diversification” termininə əsaslanır və əsasən məhsul çeşidinin genişləndirilməsi kimi başa düşülür. Bununla yanaşı, diversifikasiya anlayışı milli iqtisadiyyatın inkişaf xüsusiyyətini və istiqamətlərini xarakterizə etməklə, şirkət və birliklərin fəaliyyətlərinə görə qruplaşdırılmasında vacib elementlərdən biri kimi özünü göstərir. Müasir şəraitdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının başlıca istiqamətlərindən biri ayrı-ayrı istehsal sahələrinin diversifikasiyasıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və innovasiyalaşdırılmasında iki mühüm inkişaf istiqaməti milli istehsalçıların məhsullarına olan tələbatın daxili bazarda ciddi artırılmasının təmin olunması və xarici bazarların əldə olunması mühüm prioritet kimi qəbul edilməlidir.

Bu il aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində yeni iqtisadi modelin əsas hədəflərini açıqlayan hörmətli Prezidentimiz xüsusi vurğulamışdır ki, bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirməliyik. Daha sonra ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir”.

Bu baxımdan ölkənin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində əsas element kimi sənayenin, kənd təsərrüfatının, turizmin, İKT-nin və digər istehsal sahələrinin kompleks və sürətli inkişafı, ölkə iqtisadiyatının müxtəlif sektorlarının potensialından səmərəli istifadə olunması, yüksək standartlara cavab verən milli məhsulların və malların istehsal şəbəkəsinin genişləndirilməsi, ixracyönümlü malların çeşidinin artırılması və qeyri-neft ixracının coğrafiyasının şaxələndirilməsi, yeni xarici əmtəə bazarlarına çıxışın təmin olunması vacib şərtlərdəndir.

Hazırda respublikamız dünya birliyi və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dinamik inkişaf edən iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan bir dövlət kimi tanınır. Qeyd etmək lazımdır ki, artıq Azərbaycanda qeyri-neft sektorunda iri həcmli layihələrin icrasına başlanılıb və ölkənin iqtisadi inkişafının neftdən asılılığının azaldılması prosesi müşahidə olunur. İqtisadiyyatın diversifikasiyalaşdırılmasının, ÜDM-də özəl sektorun və xidmət sahəsinin payının artırılmasının, sənaye sahələrində, o cümlədən neftqaz maşınqayırması, neftkimya, metallurgiya, cihazqayırma, tikinti materialları istehsalı, aqrar sektor və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində inkişafın sürətləndirilməsi, yeni iqtisadiyyat sahələrinin – İKT, turizm və kosmik sənayesinin rolunun gücləndirilməsi, xarici ticarət dövriyyəsi həcminin artırılması prosesi davam edir.

Emal sənayesi qeyri-neft sektorunun əsas aparıcı sahəsidir və bu sahədə istehsal olunan məhsulun 69,1 faizi onun payına düşür. Qeyri-neft emalı sənayesində qida məhsulları və içki istehsalı 40,9 faiz, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı 5,9 faiz, tikinti materiallarının istehsalı 5,1 faiz, elektrik avadanlıqlarının istehsalı 1,9 faiz, kimya sənayesi 3 faiz, maşın və avadanlıqların istehsalı 3,6 faiz, digər sənaye sahələrinin istehsalı 8,6 faiz təşkil edir. Neft sektorunun sıçrayışlı inkişafı fonunda qeyri-neft sektorunun kölgədə qalması, ümumi iqtisadi inkişaf tempinin əsasən neft sektorundan asılılığının yumşaldılması və iqtisadiyyatın dayanıqlı strukturunun təmin olunması üçün qeyri-neft sektoru üzrə inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini zəruri edirdi.

Son illərdə bu istiqamətdə həyata keçirilən layihələr və əldə olunan nəticələr həqiqətən fərəh doğurur. Heç şübhəsiz, olkədə yaradılan sənaye parkları və zavodları, aqroparklar, biznes fəaliyyətinin təşviqi və stimullaşdırılması ilə əlaqədar görülən işlər bu sektorun inkişafını daha da sürətləndirəcək.

“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə ölkədə adambaşına düşən qeyri-neft ixracının həcminin min dollara çatdırılması hədəf kimi götürülmüşdür. Bu məqsədə çatmaq üçün düşünülmüş kompleks tədbirlər həyata keçirilməkdədir. Müasir dövrdə Azərbaycanda dövlətin özəl sektora, qeyri-neft sahəsinə, həmçinin bank sektoruna sistemli dövlət dəstəyi mexanizmləri ilə yanaşması, nisbətən dayanıqlı iqtisadi siyasət formalaşdırlması bu qənaətə gəlməyə imkan verir ki, növbəti illərdə müxtəlif real iqtisadi sektorların ixrac potensiallarının artırılması yollarının şaxələndirilməsi daha da sürətlənəcək.

Ölkəmizdə təhsil, elm, mədəniyyət və incəsənət sahələri də sürətlə inkişaf edir. Bu işlərin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Onun rəhbəliyi altında ölkəmizdə müxtəlif layihələr reallaşdırılmış, yeni səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə verilmişdir. Bütün bunlar isə xalqın maddi və mədəni saviyyəsinin yüksəlməsinə təkan vermişdir. Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin, yaşayış şəraitinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir. Bütün bunlar isə belə deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı sabitlik və inkişaf strategiyası bu gün də xalqımızı böyük qələbələrə aparır.

Arif Şəkərəliyev,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Əməkdar elm xadimi, Beynəlxalq Menecment Akademiyasının üzvü,
iqtisad elmləri doktoru, professor

1299 2