Kənd təsərrüfatı kooperasiyası: inkişaf istiqamətləri və gözlənilən nəticələr

20 İYUL 2017 | VIEWS:
2988

AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən iyulun 14-də təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nı aqrar sahənin gələcəyinə və inkişafına xidmət edən fundamental bazanın qurulmasının əsas mərhələsi kimi qəbul etmək olar.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universiteti c iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Aqrar sektorda kooperasiyanın zəif inkişaf etməsinin səbəbləri

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramının önəmindən danışan M.İbrahimov qeyd edib ki, 90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən ilk aqrar islahatlar nəticəsində sahənin bazar prinsiplərinə söykənən fundamental bazasının bünövrəsi qoyulub. Bu bünövrə aqrar sektorun müasir inkişaf mərhələsində mürəkkəb təsərrüfat forması sayılan kooperasiya kimi münasibətlər sisteminin tətbiq edilməsinə zəmin yaradıb. Proqramda qeyd olunduğu kimi, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Belə bir situasiyanın yaranmasının əsas səbəblərini, ilk növbədə, fermerlərin fərdi təsərrüfatçılığa üstünlük verməsi, istehsalçıların zəif təşəbbüskarlığı, birgə təsərrüfatçılıq formalarının iqtisadi mexanizmlərinin olmaması ilə izah etmək olar. Bu baxımdan, bazar iqtisadiyyatının əsas prinsiplərindən sayılan rəqabət, adətən, kooperasiya münasibətlərinin inkişafına əks təsir göstərirdi. Fermerlər təsərrüfatlarının birləşməsi nəticəsində əldə olunmuş məhsulun və gəlirin ədalətli bölgüsündə ümumi razılığa gələ bilmir, tərəddüd keçirirdilər.

Kiçik fermer təsərrüfatlarının birləşməsi zamanın tələbidir

“Bir-biri ilə rəqabət aparması, fəaliyyətlərində ümumi maraqların formalaşmaması, ümumilikdə, aqrar sahədə kooperasiya tipli istehsal münasibətlərinin inkişafını da ləngidib. Əslində, belə bir vəziyyət fərdi təsərrüfatçılıq prinsipləri əsasında fəaliyyət göstərilməsini labüd edirdi. Kooperasiya hərəkatını ləngidən bu səbəblər, eyni zamanda, kənd təsərrüfatı istehsalının ixtisaslaşması, infrastrukturun təmərküzləşməsi, istehsalçıların maliyyələşməsi, sahələrarası inteqrasiya və digər proseslərə də mənfi təsir göstərir. Müasir şəraitdə dövlətimizin aqrar sahəyə göstərdiyi dəstəyi nəzərə alaraq, deyə bilərik ki, ixrac potensialının artması, daxili istehlak bazarının təmin olunması və digər məsələlərin həlli kooperasiyaların yaradılmasına, birləşməyə və nəticədə milli aqrar sahənin rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq. Bundan başqa, ixrac potensialının artırılması, ilk növbədə, böyük həcmdə məhsul istehsalını tələb edir. Təbii ki, belə şəraitdə kiçik fermer təsərrüfatları xarici istehsalçılarla rəqabətdə tab gətirə bilməzlər və buna görə də onların birləşməsi labüddür”, – deyə mütəxəssis bildirib.

Müslüm İbrahimov deyib ki, proqramda kooperasiyaların əsas xüsusiyyətləri şərh olunur. Bu, iştirakçıların öz müstəqilliyini saxlaması, demokratik idarəetmə forması, mənfəətin birgə bölüşdürülməsidir. Kooperativlər birgə fəaliyyət forması kimi əsasən yüksək mənfəət qazanmağa yox, öz üzvlərini dəstəkləməklə onlara müəyyən xidmətlər göstərməyə üstünlük verirlər. Fermerlər və torpaq mülkiyyətçiləri arasında təbliğat kampaniyasının aparılmasına, kooperasiyanın üstünlüklərinin izah olunmasına böyük ehtiyac var.

Əvvəlcə torpaq mülkiyyəti əsasında kənd təsərrüfatı istehsal kooperativləri yaranmalıdır

Göründüyü kimi, bu gün kooperasiya tipli təsərrüfat formalarının yaradılması qaçılmaz prosesdir. Bunun üçün səmərəli iqtisadi mexanizmlər dizaynı qurulmalıdır ki, fermerlər kooperativ hərəkata qoşulmazdan qabaq fayda əldə edəcəyinə əmin olsunlar. Bu barədə danışan müsahibimiz kənd təsərrüfatı kooperativlərinin yaranmasının çoxpilləli proses olduğunu diqqətə çatdıraraq deyib: “Xarici təcrübə və tədqiqatlarımız göstərir ki, əvvəlcə aqrar sahədə torpaq mülkiyyəti əsasında kənd təsərrüfatı istehsal kooperativləri yaranmalıdır. Bu, istehsalın artmasına gətirib çıxarar. İstehlak kooperasiyası isə emal və satış prosesini əhatə edərək, bütünlükdə, aqrar istehsalın sabitliyini təmin edir. İkinci mərhələdə kənd təsərrüfatı kooperativləri təkcə aqrar sektor təmsilçiləri ilə yox, digər sahələrdə fəaliyyət göstərən müəssisələrlə də korporativ əlaqələr yaradır. Daha sonra isə regional səviyyəyə çataraq, sahə assosiasiyaları və ittifaqlar təsis olunur, beynəlxalq assosiasiyalara daxil olmaq mərhələsi başlayır.

Kooperasiya prinsiplərinə əsaslanan iri təsərrüfat üstünlüklərə malik olması ilə bərabər (subsidiyaların alınması, kreditlər və investisiyaların cəlb edilməsi, istehsal-emal-satış tsiklin tam qurulması, aqrotexniki xərclərin azalması, toxum, cins mal-qara və texnikanın satın alınması və s.), istehsalçılara çoxsaylı risklərin təsir dərəcələrinin azalmasına da imkan verəcək. Belə ki, kənd təsərrüfatı və ərzaq məhsullarının satış qiymətlərində aqrar istehsalçıların xüsusi çəkisi yüksələcək və nəticədə onların gəlir səviyyəsi artacaq.

Gözlənilən nəticələr

Müslüm İbrahimov Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələrin əsasən aşağıdakılardan ibarət olduğunu bildirib:

– kənd təsərrüfatı kooperativlərinin sayının və aqrar istehsalın bütün mərhələlərində onların xüsusi çəkisinin artması. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının emalı və ixracının çoxalması;

– xırda təsərrüfatların birləşməsi və müvafiq infrastrukturun yaradılması nəticəsində torpaq sahələrindən səmərəli istifadə edilməsi;

– kənd təsərrüfatı kooperativlərinin əhatə etdiyi iri torpaq sahələrində müasir irriqasiya sistemlərinin qurulması;

– kooperativlərdə birləşmiş kənd təsərrüfatı istehsalçılarına ayrılan kreditlərin həcminin artması;

– kənd təsərrüfatı kooperativlərində əlavə iş yerlərinin yaradılması;

– kənd yerlərinin dayanıqlı inkişafı üçün əlverişli şərait yaranması.

Dövlət Proqramı kooperasiya tipli müəssisələrin yaranmasında maraqlı olan fermerlərə iqtisadi dəstəyi təmin edəcək

Mütəxəssis onu da qeyd edib ki, kənd təsərrüfatı kooperativlərinin inkişafının stimullaşdırılması üçün dəstək tədbirlərinin həyata keçirilməsi də təqdirəlayiq olardı. Belə ki, kənd təsərrüfatı kooperativləri tərəfindən alınmış uzunmüddətli investisiya kreditləri faizlərinin bir hissəsinə güzəşt olunması, kənd təsərrüfatı kooperativlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi üçün qrantların və subsidiyaların ayrılması, həmçinin bu kooperativlər tərəfindən lizinq yolu ilə alınmış avadanlıqların, texnikanın və sairin istehsal fondları dəyərinin, əsasən ilkin ödənişin müəyyən hissəsinin kompensasiyası məqsədəuyğun hesab edilir.

“Bütün bunları nəzərə alaraq, tam əminliklə deyə bilərik ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, eyni zamanda, kooperasiya tipli müəssisələrin yaranmasında maraqlı olan fermerlərə dövlət tərəfindən iqtisadi dəstəyin verilməsini də təmin edəcək”, – deyə Müslüm İbrahimov bildirib.

Ceyhun Rüstəmov, AZƏRTAC

2989 1