London Universitetini fərqlənmə diplomu ilə bitirən UNEC məzunu – MÜSAHİBƏ

27 OKTYABR 2020 | VIEWS:
1041

UNEC dünyanın aparıcı universitetləri ilə bakalavr və magistr dərəcələri üzrə ikili diplom, mübadilə, birgə (join), eləcə də beynəlxalq proqramlar reallaşdırır. Hər il onlarla UNEC tələbəsi həmin proqramlarda iştirak edərək,  uğurla məzun olurlar.

2020/2021-ci tədris ilində ilk dəfə olaraq, UNEC-in 3 tələbəsi  London Universiteti/London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr dərəcəsi üzrə beynəlxalq proqramından məzun oldu.

Beynəlxalq proqramı fərqlənmə diplomu ilə bitirən Nərmin Kərəmova ilə müsahibəni təqdim edirik.

– Nərmin xanım, sizi təbrik edirik, həm UNEC-dən, həm də London Universiteti/London İqtisadiyyat Məktəbindən məzun oldunuz. Hansı ixtisaslar üzrə təhsil alırdınız?

– UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili almışam. Düşünürəm ki, biznes təhsilinin qazandırdığı bacarıqlar praktik olaraq, hər bir sahədə faydalı ola bilər, kiçik bir komandadan tutmuş, böyük bir şirkəti idarə etməyə qədər istənilən miqyasda. LSE-də isə ixtisasım “Maliyyə və mühasibat” oldu. Biznes mühitində maliyyə və mühasibat önəmli sahələrdəndir. Gələcək karyeramda hər iki ixtisasın önəmli rol oynayacağından əminəm.

– UNEC-in LSE ilə beynəlxalq bakalavr proqramına qoşulmaq üçün ən önəmli məqam nə idi və sizə hansı üstünlükləri qazandıracağını düşünürdüz?

– Düşünürəm ki, məqsədyönlü olmaq və daima özünü inkişaf etdirmək insanı uğurlu edən aspektlərdir. UNEC tələbələri üçün Avropanın lider universitetlərdən biri olan LSE-nin beynəlxalq proqramına qoşulmaq şansına laqeyd qala bilməzdim. Şəxsi biznesimi qurmaq və  biznesin əsas təməlindən olan maliyyəni beynəlxalq təcrübə əsasında dərindən öyrənmək arzumu bu proqrama qoşularaq reallaşdırdım.

– LSE ilə paralel olaraq İSE-də də təhsil alırdınız, bu sizə hansısa çətinliklər yaratdımı?

– Bilirsiniz, çətinliklərin öhdəsindən gəlmək üçün motivasiyanın vacib olduğuna inanıram. Bu proqramı seçmək öz qərarım idi və məqsədlərimə çatmaq üçün daha çox çalışmaq lazım olduğunu da anlayırdım. Nə istədiyimi və nə üçün çalışdığımı bilmək mənə hər zaman ruh yüksəkliyi verir, istəklərimə nail olmağım üçün daha əzmlə çalışmağıma səbəb olur. Təhsilə önəm verməyimin məqsədlərimə çatmaqda hər zaman müsbət rolunu görmək məni sevindirir və motivasiya edir.

– İSE ilə LSE-nin dərs proqramlarında hansı oxşarlıq və fərqliliklər vardı?

– LSE-də tədris alan tələbələrin 1 il ərzində 4 və ya 5 fənn seçmək imkanı olur. Hər fənn çox geniş mövzuları əhatə edir və seminar olmur. İlin sonunda Böyük Britaniya konsulluğunda hər fənn üzrə 1 imtahan keçirilir. İSE-də isə dərslər mühazirə və seminardan ibarətdir, imtahanlar semestrlər üzrə ildə iki dəfə keçirilir.

LSE-də mənim üçün ən maraqlı və önəmli olan bir məqam da tələbə portalı idi. Tələbə portalı mən deyərdim ki, London Universitetinə giriş qapısıdır. Buradan onlayn kitabxanaya daxil olaraq lazım olan kitabları, məqalələri əldə etmək mümkündür. Portalın verdiyi əsas üstünlüklərdən biri isə dünyanın hər yerində bu beynəlxalq proqramda təhsil alan tələbələrin və professorların bir-biriləri ilə əlaqə yaratmaq və müzakirələr aparmaq imkanıdır. Bəzi tələbələr təlimatlardan və onlayn mənbələrdən istifadə edərək müstəqil şəkildə təhsil alırlar, bəziləri isə yerli mənbələrdən istifadə edirlər.

UNEC-də də dünyanın aparıcı universitetlərinin kitabxanasına, beynəlxalq elmi bazalara, bir milyona yaxın elektron resursa çıxış imkanı yaradılıb. Bu imkanların yaradılması, xüsusilə pandemiya dövründə tələbələrə böyük dəstək oldu.

ISE ve LSE-nin dərs proqramlarında bir çox fərqlər olsa da təhsilin keyfiyyəti hər iki proqram üzrə çox yüksək səviyyədədir.

– London Universiteti/London İqtisadiyyat Məktəbini fərqlənmə diplomu ilə bitirdiniz.  Diplomu əldə etmək üçün Londonda Məzun günündə iştirak edəcəksinizmi?

– Əgər hamıya məlum olan mövcud təhlükə sovuşsa, təbii ki, iştirak edəcəm. Məzun olduğum universiteti görmək, onun zəngin kitabxanası ilə əyani tanış olmaq mənim arzumdur və bu universitetin dünyanın ən nüfuzli ali təhsil müəssisələrindən biri olması məndə xüsusi maraq oyadır.

– Magistratura təhsilinizi davam etdirirsinizmi?

– Daima inkişafda olmaq insanı uğurlu edən aspektlərdən biridir. Dünyagörüşümü artırmaq, yeni və daha üstün biliklər əldə etmək mənim üçün əvəzolunmaz dəyərlərdir. Təhsilini yaxından tanıdığım və yüksək qiymətləndirdiyim üçün seçimim bir daha UNEC oldu. Hazırda UNEC Biznes Məktəbində MBA proqramında “Maliyyə” ixtisası üzrə magistr təhsili alıram.

– Gələcək karyeranız üçün planlarınız nədir?

– Hazırda şəxsi biznesimi qururam. Hər bir iş adamı kimi mənim də məqsədim öz biznesimi daha da inkişaf etdirmək və bu biznes mühitində mühüm “söz payına” sahib olmaqdır. Qurduğum işə və müştərilərə qarşı vicdanlı olmaq prinsipini prioritet tutaraq, öz biznesimdə ən yaxşı olmağa çalışıram.

http://news.unec.edu.az/musahibe/6854-bold-london-universitetini-ferglenme-diplomu-ile-bitiren-unec-mezunu-musahibe-bold

1042 1