Miraga Əhmədov: Meqa fakültələr təhsildə daha çox uğur əldə edir

25 İYUL 2016 | VIEWS:
2342

Miraga AhmadovAzərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi Şurasının qərarı ilə idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək məqsədi ilə Kommersiya, Biznes inzibatçılığı, İnformatika və idarəetmə fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb. Yeni fakültənin dekanı vəzifəsini tutmaq üçün seçkilər keçirilənədək həmin vəzifənin icrası ləğv edilən Kommersiya fakültəsinin sabiq dekanı, dosent Mirağa Əhmədova həvalə edilib.

Mirağa Əhmədov 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində pedaqoji fəaliyyətə başlayıb. 2007-ci ildə UNEC-də dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, İqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2010-cu ildən İqtisad Universitetinin Marketinq kafedrasının dosenti, 2012-ci ildən AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantıdır. 2004-cü ildən Texnologiya və dizayn fakültəsində dekan müavini, 2014-cü ildən isə Kommersiya fakültəsində dekan vəzifələrində çalışıb. 2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək, Beynəlxalq sertifikata layiq görülüb. 50-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və dərs proqramının müəllifidir. Beynəlxalq jurnallarda 9 elmi məqaləsi çap edilib.

Biznes və menecment fakültəsinin dekan əvəzi Mirağa Əhmədov ilə müsahibəni təqdim edirik:

– Mirağa müəllim, son zamanlarda UNEC-də idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək məqsədi ilə meqa fakültələr yaradılır. Meqa fakültələrin yaradılmasını necə qiymətləndirirsiniz?

– Fikirlərimə cənab Prezident İlham Əliyevin sözləri ilə başlamaq istəyərdim. Dövlət başçısı bildirir ki, təhsilin səviyyəsi ölkəmizin perspektivlərini müəyyən edəcək: “Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik və görürük ki, o ölkələr, sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki tədbir görülsün, təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın. Ali məktəblərdə bu proses ardıcıllıqla, vahid sistem şəklində aparılmalıdır və aparılır”. Biz bu gün dünyanın ən inkişaf etmiş ölkələrin universitetlərinə nəzər salsaq, görərik ki, meqa fakültələr təhsildə daha çox uğur əldə edirlər. Bu, institutlaşma ilə əlaqədardır. Uyğun ixtisas sahiblərinin eyni məkanda, vahid idarəetmə strukturunda təhsil və təcrübə keçməsi bilavasitə tələbələrin bilik səviyyəsinə öz müsbət təsirini göstərir. Bu baxımdan UNEC-də Marketinq, Kommersiya, Menecment, Biznesin idarə edilməsi ixtisaslarının vahid idarəetmə strukturunda yerləşməsi prosesin tamamlanmasıdır.

UNEC artıq dünya universitetləri arasında tanınmaqdadır. Bilirsiniz ki, ötən ay dünyaca məşhur reytinq agentliyi olan QS (Quacquarelli Symonds) İnkişaf  Etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasını açıqladı. 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılan araşdırmaya görə, UNEC sırf iqtisadyönümlü 4-cü universitetdir. Universitetimiz həm də regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. UNEC dünya səviyyəli universitet olmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə uğurla irəliləyir. Meqa fakültələrin yaradılması da bu iqtiqamətdə atılan addımlardan, hədəf strategiyalarından biridir.

– Fikrinizcə yeni fakültənin yaradılması UNEC-də təhsilin keyfiyyətinə necə təsir edəcək?

– Eyni profilli fakültələrin birləşməsi həm günün tələbindən, həm də dünya təcrübəsindən irəli gəlir. Belə ki, insan orqanizminin hər bir üzvü bir funksiyanı yerinə yetirdiyi kimi biznes mühitini marketinqsiz, menecmentsiz təsəvvür etmək mümkün deyil. Bu baxımdan fakültələrin birləşdirilərək, meqa fakültəyə çevrilməsi uğurlu təhsil strategiyasına hədəflənir. Beynəlxalq təcrübəyə nəzər salanda görürük ki, istehsal, xidmət və ya tədavül sferasına öz töhfəsini verən, nəticə etibarı ilə istehlakçı tələbatını ödəyən ixtisaslar təhsil sferasında xaotik fəaliyyət göstərə bilməz. Bu baxımdan yeni yaradılan Biznes və menecment fakültəsi həcmcə böyük olsa da, mahiyyətcə mobillik yaradacaq. Alimlərin gücünü bir araya gətirəcək. Təhsilin keyfiyyətinin yüksəlməsinə hədəflənəcək.

– Bir az yeni yaradılan Biznes və menecment fakültəsi haqqında məlumat verməyinizi xahiş edirik.

– Biznes və menecment fakültəsində 6 ixtisas üzrə 2012 tələbə təhsil alacaq. Gələcəkdə isə yeni ixtisas – logistika üzrə mütəxəssis hazırlığını düşünürük. Fakültənin nəzdində İnformasiya iqtisadiyyatı və texnologiyaları, Menecment, İnformatika, Ekonometrika, Riyaziyyat, Ticarət və gömrük işinin təşkili, Marketinq, Humanitar fənlər, Biznesin idarə edilməsi, Azərbaycan dili, Rus dili kafedraları olmaqla, 11 kafedra fəaliyyət göstərir.

– Meqa fakültənin qarşısında hansı tələblər dayanır? Fakültənin prioritetlərini açıqlamağınızı xahiş edirik.

– Biznes və menecment fakültəsinin nəzdində olan ixtisaslar bu gün Azərbaycan iqtisadiyyatının əsas prioritet sahələrini təşkil edir. Bu baxımdan da universitet rəhbərliyinin qarşımıza qoyduğu tələblər – intizamı möhkəmlətmək, Elektron Universitet modelindən bəhrələnək keyfiyyətli təhsil tədris etmək, dünya təcrübəsini daha dərindən tədqiq edərək innovativ yenilikləri tələbələrə çatdırmaq, təcrübə mübadilə proqramlarında fəal iştirak etmək, auditoriyadan kənar saatlarda daha çox istehsalatla əlaqə qurmaqdır. Görəcəyimiz işlər sırasında beynəlxalq əlaqələri gücləndirmək, dünyanın nüfuzlu universitetləri ilə videokonfranslar keçirmək, fiziki məhdudiyyətli tələbələr üçün distant imtahanlar təşkil etmək dayanır.

– Sizin də qeyd etdiyiniz ki, Biznes və menecment fakültəsinin nəzdində olan ixtisaslar bu gün ölkənin əmək bazarında ən tələbolunan ixtisaslardır. Əmək bazarı ilə münasibətlər necə qurulacaq?

– Hədəfimiz əmək bazarında lazım olan kadr tələbatını ödəməkdir. Bu gün UNEC-də gedən uğurlu təhsil islahatları əmək bazarında bizim kadrlara tələbatı artırıb. Belə ki, artıq çoxsaylı dövlət və özəl müəssisələrdən sifarişlər qəbul edirik. Qürurla bildirirəm ki, böyük holdinqlər, nüfuzlu şirkətlər bizimlə əməkdaşlıq edir. Birlikdə konfranslar, dəyirmi masalar təşkil edirik. Bu tədbirlərdə real iş dünyasından gələn mütəxəssislər tələbələmizlə ciddi maraqlanırlar. Xüsusi olaraq, istehsalat təcrübəsi zamanı tələbələrimizin bilik və bacarığına bələd olduqdan sonra onları öz şirkətlərinə dəvət edirlər.

– Yeni yaradılan fakültədən gözləntilərimiz çoxdur. Biznes və menecment fakültəsində işin qurulması üçün xüsusi bir planınız varmı?

– Biznes və menecment fakültəsində məqsədimiz nümunəvi fakültə modeli qurmaqdır. Bunun da əsasını tələbə-müəllim mobilliyi təşkil edir. Mobilliyi yaradan səbəb keyfiyyətli təhsildir. Əvvəllər mikro fakültələr mövcud idi, keyfiyyətli təhsil uğrunda rəqabət aparmaq asan idi. Hal-hazırda güclü maddi-texniki bazaya malik olan meqa fakültələr yaranıb. Əlbətdə ki, biz daha çox öz üzərimizdə işləməliyik. Onu da qeyd etmək istəyirəm ki, mən nümunəvi fakültə modelində tələbə-müəllimlərlə yanaşı, valideynləri və ümumiyyətlə ictimaiyyətin vəhdətini də görürəm.

2343 2