Müasir Azərbaycan iqtisadiyyatı: konkret hədəflər, optimal yollar, görünən üfüqlər

07 MART 2018 | VIEWS:
4307

Əvəz Ələkbərov 1-001Xalq qəzeti

Müstəqilliyimizin 100-cü ildönümünü qeyd etdiyimiz 2018-ci ildə Azərbaycan iqtisadiyyatı özünün inkişafında yeni tərəqqi dövrünə qədəm qoymuşdur. Ən qısa şəkildə ifadə etmiş olsaq, ölkəmizin iqtisadi qüdrətinin 2004-2018-ci illər ərzində 3,2 dəfədən çox artdığını qeyd etməliyik. Bu, əməli fəaliyyət baxımından ölkəmizin yerləşdiyi region üçün misli görünməmiş bir hadisədir və Azərbaycan Hökümətinin məqsədyönlü fədakar əməyinin nəticəsi kimi qiymətləndirilə bilər. Son illərdə ölkəmizin beynəlxalq arenada iqtisadi və siyasi mövqeyinin daha da möhkəmlənməsi, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərarlar qəbul etmələri ölkəmizin seçdiyi yolun düzgünlüyünü bir daha təsdiqləyir. İndi beynəlxalq reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumunda deyildiyi kimi, “Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir”.

Uzun illər ərzində apardığım elmi və praktiki təhlillər əsasında qətiyyətlə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatında baş vermiş bu fenomenal uğurların təməlində aparılan siyasi və iqtisadi kursun layiqincə davam etdirilməsi dayanır. Azərbaycanda dövlət və sosial-iqtisadi inkişaf quruculuğunun ən mühüm cəhəti, ölkə vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasının nəzərə alınmasıdır. Bunun bariz nümunəsi “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” habelə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın hazırlanaraq uğurla icra olunmasıdır. Yoxsulluğun 50 faizdən 5 faizədək, yəni 10 dəfə azaldılması böyük uğurdur. Yeri gəlmişkən vurğulayaq ki, ölkədə son 14 il ərzində maaşlar 5 dəfədən çox, pensiyalar isə 8 dəfədən çox artmışdır.

Azərbaycan dövlətinin sosial yönümlü iqtisadiyyatın formalaşmasına və ölkə vətəndaşlarının layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticələrini vermişdir. 2004-2018-ci illər ərzində ölkəmizdə 1,9 milyon yeni iş yerləri açılıb istifadəyə verilmişdir. Ölkəmizdə işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, peşə standartlarının istifadəyə verilməsi perspektivdə əmək bazarının inkişafına güclü stimul yaradacaq.

Bütün bunlar tam olaraq sübut edir ki, Azərbaycan həqiqətən sosial ədalət dövlətidir. Buna imkan yaradan isə sözsüz ki, hər şeydən öncə Azərbaycan dövlətinin iqtisadi və maliyyə potensialıdır. Əbəs deyildir ki, son 14 ildə məqsədyönlü fəaliyyətin ən uğurlu nəticələrindən biri məhz milli iqtisadiyyatın 3 dəfədən çox genişlənməsi, strateji valyuta ehtiyatlarının 23 dəfə artaraq 42 milyard dollara çatması ilə bağlıdır. Bu müddət ərzində müasir sənaye quruculuğu, aqrar sektorun istehsal və ixrac imkanlarının artması, milli sahibkarlığın inkişafı uğurla davam etdirilmişdir. Nəticə etibarı ilə 2004-2018-ci illər ərzində toplam olaraq ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilmişdir.

Keçən əsrin son onilliyində ölkəmizin iqtisadiyyatı ciddi iqtisadi dalğalanmalara məruz qalmış, lakin XXI əsrdə bazar iqtisadiyyatını mənimsəyərək müstəqil bir ölkə olmuşdur. Ölkənin sahib olduğu təbii sərvətlər və istehsal potensialı düzgün qiymətləndirilərək, iqtisadi artıma nail olunmasında təbii sərvətlərdən yararlanmağa bir məqsəd deyil, vasitə kimi baxılmışdır. Neft hasilatının sürətlə artırılması hesabına lazım olan maliyyə resurslarının əldə edilməsi və ondan istifadə etməklə iqtisadiyyatın digər sferalarının, bütövlükdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi bu prosesin əsas motivasiyası olmuşdur.

Nəticədə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün daxili mənbələrin getdikcə artırılması imkanı reallığa çevrilmişdir. Əgər 2011-ci ildə bütün mənbələr üzrə investisiya qoyuluşlarının cəmi 17 milyard 048,8 milyon manat olmuşdursa, onun 10 milyard 199,0 milyon manatı daxili mənbələr hesabına həyata keçirilmişdir. Sonrakı illərdə daxili mənbələrin məbləği və ümumi investisiyaların tərkibində payı sürətlə artmiş, 2013-cü ildə 13 milyard 178,9 milyon manata çatmışdır. 2016-cı ildə bütün mənbələr üzrə investisiyalar 22,8 milyard manat olmuşdur.

Daxili investisiya mənbələri içərisində dövlət investisiyaları xüsusi yer tutur. Dövlət tərəfindən iqtisadiyyata bilavasitə investisiyaların qoyulması ümumi iqtisadi artımı stimullaşdırmışdır. Belə ki, dövlət infrastrukturun inkişaf etdirilməsinə, ayrı-ayrı sahələrə investisiya yatırmaqla qeyri-neft sektorunun və regionların iqtisadiyyatının inkişafına təkan vermişdir. Görülən tədbirlər qeyri-neft sektorunda da artım meylinin möhkəmlənməsinə səbəb olmuşdur.

Bu artım neftin qiymətinə də öz təsirini göstərir. Artıq neftin bir barrelinin qiyməti 70 ABŞ dollarına çatmışdır. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün əlverişli mühit yaratmışdır.

Qeyri-neft sektorunda aparılan islahatların hesabına, bütün göstəricilər yaxşılaşmışdır, ÜDM-də bu sektorun payı artmış və 61,8 faiz təşkil etmişdir.

2015–2017-ci illərdə ÜDM-in strukturu (milyon manatla)

2017-ci ildə ölkənin valyuta ehtiyatı 4,4 milyard ABŞ dolları artaraq, 42 milyard ABŞ dollarını ötmüşdür.

Ölkədə dinamik iqtisadi artımın təmin еdilməsi yеni tipli büdcə-vergi siyasətinin həyata keçirilməsinə, elmi cəhətdən əsaslandırılmış optimal büdcə tarazlığının təmin edilməsinə və nəticə etibarı ilə büdcə sisteminin yenidən qurulmasına da tələb yaradır. Büdcə sistеminin yеnidən qurulmasının əsas məqsədini dövlət səviyyəsində bazar islahatlarının həyata кеçirilməsinə fəal təsir göstərməк imkanının əldə еdilməsi və inflyasiyanın səviyyəsinin yüкsəlməsinin qarşısının alınması təşкil еdir. Sirr deyil ki, istənilən dövlətin iqtisadi inkişafı artım templərinin dayanıqlılığını, eləcə də həyata keçirilən islahatların yüksək səmərəliliyini şərtləndirən iqtisadi siyasətin əsas faktorlardan biri düzgün büdcə-vergi siyasətinin müəyyənləşdirilməsidir.

Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar iqtisadiyyatın büdcə sektorunun yenidən qurulması, büdcə sisteminin bütün səviyyələrində maliyyə resurslarının optimal hədd üzrə formalaşdırılması və xərclənməsi metodlarının prinsipial şəkildə dəyişdirilməsinə imkan yaratmışdır. Belə ki, inzibati-ərazi qurumlarının maliyyə müstəqilliyinin inkişafı bir tərəfdən büdcə mərkəzləşdirilməsinin kafi səviyyəsinin saxlanılmasına, digər tərəfdən ərazi inkişafının büdcə tənzimləməsi sahəsində yeni vəzifələrin yerinə yetirilməsinə xidmət göstərmişdir.

Azərbaycan Respublikasında görülən iqtisadi siyasət tədbirləri ötən müddətdə hədəflənən nəticələrə nail olunduğunu göstərir.

Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunub. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Sahibkarlıq mühiti yaxşılaşdırılmış, iqtisadiyyatın inkişafına investisiyalar təşviq edilmiş, ixracyönümlü məhsul istehsalı stimullaşdırılmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər də qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır.

Bununla yanaşı, səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, azad rəqabət mühitinin inkişaf etdirilməsi, istehsalın və investisiyanın təşviq edilməsi istiqamətində işlərin davam etdirilməsi, daxili bazarın qorunmasını təmin edən çevik gömrük-vergi siyasətinin təkmilləşdirilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsinin 2018-ci ildə də davam etdirilməsi əsas vəzifələrdəndir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən gəbul edilmiş müvafiq qanunda 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat müəyyən edilmişdir. Bu gəlirlərin 1,2 milyard manatını fiziki şəxslərin gəlir vergisi, 2,3 milyard manatını hüquqi şəxslərin mənfəət vergisi, 4,3 milyard manatını ələvə dəyər vergisi, 0,7 milyard manatını isə aksizlər və digər gəlirlər təşkil etmişdir.

 “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə orta və uzunmüddətli dövrdə tətbiq ediləcək makroiqtisadi siyasətin ana xətləri müəyyənləşdirilib. Şübhəsiz ki, qeyd olunan istiqamətdə diqqət çəkənlərdən biri əvvəlki dövrlərdə iqtisadi artımın əsas dəstəkləyici amili kimi çıxış edən neft gəlirlərindən istifadə olunması qaydalarının müəyyən edilməsi olub. Belə ki, cari ildə də dövlət büdcəsinə neft gəlirlərinin köçürülməsində “qızıl qayda” adlanan köçürmə mexanizmi nəzərdə tutulur. Qeyd olunan köçürmə mexanizminin tətbiq olunmasının əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülən gəlirlərin həcminin sabitləşdirilməsi və dövlət büdcəsinin xərclərinin (və beləliklə də ÜDM artımının) neftin qiymətindəki dəyişkənlikdən asılılığının minimuma endirilməsi, başqa sözlə ifadə etsək, qorunması hədəflənir.

Nəzərə almaq lazımdır ki, neft qiymətlərində davamlı müsbət meyil yaranmaqdadır və 2018-ci ildə 65-70 ABŞ dolları səviyyəsində qərarlaşacağı gözləniləndir. Bu halda neft gəlirlərinin artacağını və dövlət büdcəsinin gəlirlərinə müsbət təsir edəcəyi birmənalıdır.

Məlumdur ki, son illərdə neft gəlirlərindən asılılığın minimuma endirilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər reallaşdıran ölkəmiz son 14 ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi və biznes mühitinin liberallaşdırılması istiqamətində müsbət irəliləyişlərə nail olub. Rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyət göstərməsinə böyük şəraitin yaradılması vasitəsilə yerli istehsalın stimullaşdırılması, həmçinin sənaye potensialının gücləndirilməsi tədbirləri inkişafın istiqamətini qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə isə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələyib. 2017-ci ilin nəticələrinə görə ölkənin xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı 24 faiz artmış və ölkənin tədiyyə balansına müsbət təsir göstərmişdir.

2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır. Ölkəmiz dünyada ən az borcu olan 10 ölkədən biridir, bununla əlaqədar respublikamızda çox ciddi borclanma strategiyası hazırlanmışdır.

Artıq neçə illərdir ki, aparılan bu islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

“Doing Business 2018” hesabatına nəzər yetirsək görərik ki, Azərbaycan keçən illə müqayisədə 8 pillə irəliləyib. Yəni, ölkəmiz Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.

Dövlət büdcəsinin xərcləri 2018-ci ildə ÜDM-in 30,1 faizi səviyyəsində proqnozlaşdırılır və dövlət büdcəsinin sosial yönlüyünündavam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılır.

Göründüyü kimi, respublikamızda sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə 2018-ci ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması təmin ediləcəkdir.

Respublikamızda tətbiq edilən, xüsusilə elmi əsaslara söykənən davamlı və sabit inkişaf strategiyası insan və şəxsiyyət amilinin yüksəlişinə xidmət edən islahatları keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Bazar iqtisadiyyatı prinsiplərinin formalaşması və iqtisadi münasibətlərin mövcud inkişaf tendensiyası vətəndaşların sosial müdafiə və əmək hüquqlarının təminatı sisteminin müasirləşdirilməsinə də əsaslı zəmin formalaşdırmışdır. Respublikamızda həyata keçirilən sosialyönümlü siyasət son nəticə etibarı ilə insan amilinə yönələn liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Qeyd olunan bu siyasət elmə əsaslandığından, bazar iqtisadiyyatı prinsiplərinin özünə cəmiyyətdə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafı nəticəsində, neft strategiyasının effektli nəticələrindən əldə edilən dividendlər vətəndaşların sosial problemlərinin həllinə, insanların həyat səviyyəsinin yüksəldilməsinə yönəlir.

2018-ci ilin dövlət büdcəsinə əsasən, ÜDM-də qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisini yüksəltmək, büdcə gəlirlərinin yığım əmsalını artırmaq, dövlət büdcəsi xərclərinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək, büdcədən maliyyələşən təşkilatlar üzrə adambaşına maliyyələşdirmə prinsipinə keçmək, yerli dövlət proqramları və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılması üçün tədbirlər görmək, xərclərin investisiya və sosial yönümlülüyünə üstünlük verməklə sosial siyasəti gücləndirmək, büdcə xərclərinin son nəticəyə əsaslanan məqsədli proqramlar əsasında maliyyələşdirilməsini davam etdirmək kimi strateji məqsədlər qarşıda durur.

Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar nəticəsində məcburi dövlət sosial sığortasına əsaslanmaqla müasir və sosial baxımdan yüksək səmərəyə malik pensiya təminatı sisteminin yaradılmasına nail olunmuş, 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdə olmuş, bu sahədə reallaşdırılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Qeyd olunan sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilmiş, nəticədə sığortaolunanlara fərdi hesablar açılaraq, ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması təmin edilmiş, həmin uçotun məlumatları əsasında isə vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində müəyyənləşdirilməsi mexanizmi uğurla fəaliyyət göstərmişdir.

Nəticədə pensiya yaşında olan əhali təbəqəsinin sosial rifah durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması əhalinin qeyd olunan təbəqəsi üzrə yoxsulluğu, demək olar ki, tam olaraq aradan qaldırmışdır. Məsələn, əhalinin sosial müdafiəsi sahəsində məqsədyönlü tədbirlər təkcə 2006-2016-cı illərdə əmək pensiyalarının orta aylıq məbləğinin 6,4 dəfə yüksəldilməsinə imkan vermişdir.

Məcburi dövlət sosial sığortası üzrə ödənilən sığorta haqlarının hər bir sığortaolunan şəxs üzrə vahid sığorta-pensiya sistemi tərəfindən açılan şərti hesablarda (fərdi şəxsi hesab) qeydə alınaraq daimi uçotunun aparılması və dövlət sosial sığorta sistemində məcburi dövlət sosial sığortasının həyata keçirilməsinin son məqsədi kimi pensiya təyinatının aparılmasına xidmət edən fərdi uçot sistemi bütün sığortaolunanlar kateqoriyaları (eyni zamanda, əcnəbilər) daxil olmaqla iqtisadi fəal əhalinin, demək olar ki, böyük əksəriyyətini əhatə edir.

Dövlət büdcəsi xərclərinin strukturuna nəzər saldıqda görərik ki, sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi məqsədilə nəzərdə tutulan xərclərin xüsusi çəkisi 10,5 faiz təşkil edir. 2018-ci ildə sosial müdafiə xərcləri 2,1 milyard manat təşkil etdiyi halda, sosial təminat xərcləri 33,7 milyon manat təşkil etmişdir. Ümumiyyətlə isə 2018-ci ildə dövlət büdcəsində birbaşa sosial yönlü xərclərə aid edilən xərclər 7 milyard 4,9 milyon manat müəyyən edilmişdir ki, bu da keçən illə müqayisədə 2,2 faiz artım deməkdir. Sevindirici haldır ki bu xərclərin əhəmiyyətli bir hissəsini təşkil edən təhsil xərcləri 11,8 faiz artaraq 2,2 milyard manata yüksələcəkdir.

Nəticə etibarı ilə 2018-ci il üçün büdcə qanunu qeyd etməyə imkan verir ki, ölkədə həyata keçirilən sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiə məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir.

İnkişafın davamlılığının artırılması üçün ölkə iqtisadiyyatının, dövlət büdcəsinin və məzənnənin neftdən asılılığı azaldılmalıdır. Bunun üçün əsas makroiqtisadi göstəricilərin, xüsusilə də, dövlət büdcəsinin neft gəlirlərindəki volatillikdən asılılığını aradan qaldırmaq nəzərdə tutulur. Bu yolla akkumulyasiya olunmuş neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsü təmin ediləcək və Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmi dayanıqlı iqtisadi inkişaf ehtiyacları ilə uzlaşdırılacaqdır. Pul siyasəti nəticəsində qiymət sabitliyi milli valyutaya etimadı artıracaq, intizamlı fiskal siyasətin formalaşdırılmasına xidmət edəcək və iqtisadi artıma müsbət təsir göstərəcəkdir.

Məlumdur ki, iqtisadiyyatın müxtəlif konyunktur dövrlərində müxtəlif büdcə kəsiri yanaşmalarından (“ilkin büdcə kəsiri”, “əməliyyat kəsiri”, “cari kəsir”) istifadə edilir. Məsələn, yüksək xarici və daxili borclarla qarşılaşan ölkələrdə “ilkin büdcə kəsiri – primary budget deficit” yanaşmasından istifadə edilir ki, burada da alınmış borclar üçün ödənilən faizlər nəzərə alınmadan büdcə gəlirləri ilə xərcləri arasında tarazlılığın təmin olunması, sonradan isə tədricən ilkin büdcə profisitini əldə etməklə ümumilikdə büdcə tarazlılığının qurulması hədəflənir. Bu baxımdan, mövcud konyunkturda respublikamızda “qeyri-neft büdcə kəsiri” yanaşmasından istifadə olunması vacibliyi yaranır ki, Strateji Yol Xəritəsində də bunun əhəmiyyəti qeyd olunub. Belə ki, Strateji Yol Xəritəsində büdcə xərcləri ilə qeyri-neft büdcə gəlirləri arasındakı fərqi əks etdirən “qeyri-neft büdcə kəsiri”nin “qızıl qayda” əsasında maliyyələşdirilərək 2015-ci ildə 34,7 faiz olan “qeyri-neft büdcə kəsiri” qeyri-neft ÜDM” nisbətinin növbəti illərdə mütəmadi olaraq azaldılaraq 2020-ci ildə 27,4 faizə çatdırılması planlaşdırılır. Bunlarla yanaşı, “qızıl qayda” əsasında büdcənin cari xərclərinin qeyri-neft gəlirləri, investisiya xərclərinin isə Dövlət Neft Fondundan edilən transferlər həcmində saxlanılması nəzərdə tutulur ki, bunu da maliyyə intizamının təmin olunması məqsədilə atılmış mühüm addım kimi qəbul etmək lazımdır. Bunun nəticəsində mövcud səviyyəsi 50 faiz olan ARDNF-dən dövlət büdcəsinə edilən köçürmələrin dövlət büdcəsi xərclərinə olan nisbətinin isə 2025-ci ildə 15 faizə endirilməsi nəzərdə tutulur .

Mərkəzi Bankın məlumatına görə, əgər sərt xarici şok olmazsa, daxili valyuta bazarında sabitlik qorunacaq. Tədiyə balansının cari hesabı proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tarazlıdır, valyuta bazarında tələb-təklif arasında olan tarazlıq manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır. Növbəti ildə aidiyyəti orqanlarla birlikdə pul bazarının inkişaf proqramları üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməlidir. Bank sektorunda restrukturizasiya, kapitalizasiya tədbirləri davam etdirilməli və problemli aktivlər öz həllini tapmalıdır.

Respublikada cari ildən dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə yaradılmış publik hüquqi şəxs kimi fəaliyyət göstərən bir sıra dövlət idarəetmə təşkilatlarının saxlanmasına vəsait nəzərdə tutulmayıb. Beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri ilə müqayisədə ölkəmizdə 2018-ci il üzrə nəzərdə tutulmuş büdcə göstəriciləri əsasında aparılmış hesablamalar borc dayanıqlığının mövcud olduğunu qeyd etməyə imkan verir. Respublikada daxili və xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 2018-ci ilin büdcəsində azalma ilə nəzərdə tutulur. Bu isə növbəti dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq.

Dövlət büdcəsindən maliyyələşdirilən bəzi təşkilatların publik hüquqi şəxslərə çevrilməsi praktikası davam etdirilməli, eyni zamanda, onların fəaliyyətinə nəzarət gücləndirilməlidir. Publik hüquqi şəxslərə büdcədən ayrılan subsidiyaların həcminin azalmasına, bu təşkilatların tam özünümaliyyələşdirməsinə nail olunmalıdır. 2018-ci ildə bəzi publik hüquqi şəxslərə nəzərdə tutulan subsidiyanın bir hissəsini büdcə ssudası ilə əvəz etmək daha məqbuldur.

Beləliklə aparılan təhlil əsasında büdcə-fiskal siyasətin “Strateji Yol Xəritəsi”nin əsas hədəfləri və prioritetlərinin reallaşdırılması prosesində rolunun və təsirinin daha da gücləndirilməsi üçün aşağıdakı təkliflərin həyata keçirilməsi məqsədəuyğundur:

– büdcə xərclərinin proqram-layihələr əsasında prioritet istiqamətlər üzrə həyata keçirilməsi;

– dayanıqlı və sabit inkişafın təmin edilməsi məqsədilə büdcə kəsirinin davamlı olaraq inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilməsi;

– real sektorun sürətli inkişafına dövlət dəstəyini artırmaq üçün büdcə gəlirlərinə daxil olan əlavə vəsaitlərin transparentliyinin təmin edilməsi ilə yenidən bölüşdürülməsi;

– dövlətə məxsus bankların çox ciddi nəzarət rejiminə götürülməsi, riskəsaslı, prudensal tənzimləmə üzrə menecmentin yüksəldilməsi və xərclərin şəffaflığının artırılması;

– maliyyə xidmətlərinin keyfiyyətinin və inklüzivliyinin yüksəldilməsi üçün əlavə tədbirlərin hazırlanması və qəbul edilməsi;

– vergidən daxilolmaların bazasının genişləndirilməsi, ən yaxşı vergi ödəyicilərinin müəyyən edilməsi və stimullaşdırılma məqsədilə onlar arasında yarışların təşkili;

– özəlləşdirmə üzrə hərracların şəffaflığının təmin edilməsi əsasında sanasiya tədbirlərinin reallaşdırılması və əldə olunan vəsaitin dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi.

Deyilənləri yekunlaşdıraraq vurğulayaq ki, iqtisadiyyatın, o cümlədən onun maliyyə təminatının diversifikasiyası üçün liberal iqtisadi mühitin tam təmin edilməsi və ölkənin beynəlxalq reputasiyasının daha da yüksəldilməsi üçün geostrateji üstünlüklərdən daha bacarıqla yararlanmaq və onun imkanlarından ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı üçün multiplikativ effekt kimi istifadə etmək lazımdır. İnanırıq ki, bu işlər bundan sonra da davam etdiriləcək və xalqımızın firavan yaşayışı təmin olunacaqdır.

Əvəz Ələkbərov,
Azərbaycan Dövlət İqtisad Universitetinin
Maliyyə və maliyyə institutları” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim

4308 2