Müasir dövrdə maliyyə bazarlarında bank resurslarının iqtisadiyyata təsirinin gücləndirilməsi mühüm strateji prioritetdir

17 NOYABR 2017 | VIEWS:
4808

evez_elekberov_foto2“Xalq qəzeti”, (16.11.2017, 17.11.2017)

Bazar münasibətləri şəraitində bankların fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi problemlərinin öyrənilməsi həmişə aktualdır. Yeni iqtisadi şəraitin tələblərinə müvafiq olaraq, aparılan iqtisadi islahatlar bank fəaliyyətinin daha da təkmilləşdirilməsini, onların yeni prinsiplər əsasında qurulmasını tələb edir. Aparılan islahatlar bank sisteminin sabitliyinin və dinamik inkişafının təmin edilməsi üçün əlverişli şərait yaradır. Maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsində göstərildiyi kimi, bankların səmərəli fəaliyyəti bank sisteminin sabitliyi üçün mühüm əhəmiyyətə malikdir.

Məhz buna görə də, bazar münasibətləri şəraitində bankların fəaliyyətinin təkmilləşdirilməsi iqtisad elminin əsas problemlərindən biridir, onun nəzəri-metodoloji və praktiki aspektlərini müəyyən edən fundamental elmi tədqiqatların sistemli şəkildə aparılmasını zəruri edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bank fəaliyyətinin təkmilləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasında iqtisadiyyatın sabit və sürətli inkişafı bank sisteminin formalaşması, xüsusilə də kommersiya banklarının səmərəli fəaliyyət göstərməsi ilə sıx bağlıdır. Bankların ölkə iqtisadiyyatının mühüm özəklərindən biri olması, fəaliyyət çərçivəsinə görə kütləviliyi, onun işinin lisenziyalaşdırılması, təkmilləşdirilməsi və buna nəzarət edilməsi məsələləri dövlətin əsas funksiyalarından biridir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri olduğu üçün tənzimlənmə metodları da müxtəlif olur. Ümumiyyətlə, hal-hazırda dünya miqyasında bank işi getdikcə dövlətin müdaxiləsindən azad olur. Bu isə ilk növbədə beynəlxalq maliyyə bazarlarında müxtəlif aparıcı transmilli bankların rəqabəti ilə əlaqədardır. Bank sisteminin fəaliyyət mühitinin formalaşması dövlətin makroiqtisadi siyasəti, hansı iqtisadi nəzəriyyənin və strategiyanın aparıcı olmasından asılıdır. Məsələn, əsasını ucuz pul siyasəti təşkil edən Keyns modelində bankların kredit imkanları artır, iqtisadiyyata resurs axını güclənir, eyni zamanda, inflyasiya meyilləri artmış olur. Banklar iqtisadiyyata pul ötürən körpü kimi xidmət və əməliyyatlardan, senyoraj kimi isə inflyasiyadan faydalana bilərlər. Monetarist modelin dominant olmasına baxmayaraq, bu zaman sərt pul-kredit siyasəti banklara da toxunaraq, resurs əldə etməsi imkanlarını məhdudlaşdıracaq, eyni zamanda, sabit valyuta məzənnəsi uzunmüddətli layihələrin səmərəlilik səviyyəsini və proqnozlaşdırılmasını asanlaşdıracaqdır. Praktiki olaraq uğurla inkişaf edən bütün ölkələrdə milli bank sistemi üçün təsisat bazası yaradıcı rol oynayaraq, onun əmanətlərinin investisiyalara transformasiyasını şərtləndirən dövlət inkişaf institutları fəaliyyət göstərir. Bir qayda olaraq bu təsisatlara daxili əmanətləri istehsal investisiyalarına səmtləndirən dövlət inkişaf bankları, ixracın kreditləşdirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətini artıran idxal-ixrac bankları, əhali investisiyalarını mənzil tikintisinə yönəldən dövlət maliyyə infrastrukturları və ssuda-əmanət bankları, müxtəlif sahə investisiya korporasiyaları, riskli innovasiya layihələrinin maliyyələşməsi fondları aiddir. İqtisadiyyatın real sektoru ilə bank sisteminin daha fəal qarşılıqlı əlaqədə olması üçün uzunmüddətli resurs bazasının yaradılması tələb olunur. Bununla əlaqədar bank sisteminin strateji vəzifələrindən biri əhalinin əmanətlərinin cəlb olunması üzrə işin fəal aparılmasıdır. Çünki əhalinin əmanətlərinin banklara cəlb olunmasını maliyyə vasitəçilərinə həm əhalinin, həm də iqtisadi subyektlərin inamının artması, real faiz dərəcəsinin dəyişməsi, əhalinin real gəlirlərinin getdikcə artması şərtləndirir. Bankların cəlb etdikləri resurslarda əhalinin əmanətlərinin xüsusi çəkisinin aşağı səviyyədə olması, bank sisteminin inkişafını xarakterizə edən əsas göstəricilərdən biridir. Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadiyyatı yeni iqtisadi sistemə transformasiya etmişdir. Azərbaycanda sərt mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid ölkədə maliyyə bazarının, eləcə də ümumilikdə maliyyə sisteminin yenidən qurulmasını tələb edirdi. Lakin bu məsələ çox çətin və iri miqyaslı idi. Buna baxmayaraq, uğurlu iqtisadi siyasətin nəticəsi olaraq maliyyə sisteminin formalaşması və təkmilləşməsinə nail olunmuşdur ki, təbii olaraq bu inkişaf maliyyə bazarının inkişafına da təsirsiz ötüşməmişdir. Maliyyə bazarı elə bazar formasıdır ki, burada əmtəə kimi maliyyə resursları çıxış edir. Başqa sözlə, maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyeklər arasında bölgüsünü təmin edən bazardır. Onun əsas məqsədi pul vəsaitlərinin səmərəli şəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara ötürülməsini təmin etməkdən ibarətdir. Maliyyə bazarının yaranmasının zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Respublikamızda maliyyə bazarı formalaşmaqda olan bazar tipinə aid edilir və daha çox tədbirlərin görülməsinə və sistemin təkmilləşdirilməsinə ehtiyac vardır. Kapital qaçışı hazırda bütün MDB ölkələrində müşahidə edilir. Bu, əsasən, kommersiya banklarının xarici aktivlərinin artırılması və xarici qiymətli kağızların alınması yolu ilə həyata keçirilir. Buna kapitalın leqal qaçışı kimi baxmaq olar. Kapitalın qeyri-leqal qaçışı isə qaçaqmalçı ixrac, valyuta idxalı və ixracının gizlədilməsi və s. formalarda həyata keçirilir. Hər bir təsərrüfat subyektinin fəaliyyətinin əsasında xərc çəkib gəlir qazanmaq durur. Bu isə öz növbəsində pul vəsaitinin hərəkəti ilə müşayiət olunur. Belə ki, təsərrüfat subyekti xərc çəkmək üçün pul vəsaiti cəlb edir, nəticədə gəlir kimi pul vəsaiti qazanır və bu vəsait fəaliyyətin davam etdirilməsi üçün vasitə olur. Adətən, qazanılmış gəlir çəkilmiş xərcdən çox olur və məqsədyönlü olduğu halda, bu çox olan hissə fəaliyyətin genişləndirilməsinə və ya yığıma istiqamətləndirilir. Bəzi hallarda isə qazanılmış gəlir fəaliyyətin genişləndirilməsinə, hətta bəzən fəaliyyətin olduğu səviyyədə qorunub saxlanmasına kifayət etmir və əlavə pul vəsaitinə ehtiyac yaranır.

Göründüyü kimi, təsərrüfat subyektlərinin fəaliyyətinin nəticəsi kimi, bir qayda olaraq, onların bəzilərində müvəqqəti sərbəst pul vəsaiti olduğu halda, bəzilərində isə pul vəsaitlərinə ehtiyac yaranır. Beləliklə də, sərbəst pul vəsaitinə malik olan müəssisələr digər müəssisələrə maliyyə qoyuluşlarını həyata keçirərkən bu fəaliyyət bir tərəfdən bu müəssisənin mənfəətini artırmağa istiqamətlənmişdirsə, digər tərəfdən də digər müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmağa və ya onu iflasdan “xilas” etməyə yönəlmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, məhz bazar iqtisadiyyatının hökm sürdüyü müasir şəraitdə maliyyə bazarının aktuallığı ön plana çıxır. Deməli, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsinə vasitəçi rolunu oynayır. Maliyyə bazarlarının yaranması obyektiv xarakter daşıyır və o, dövlətin və müxtəlif təşkilati-hüquqi formaya malik olan müəssisələrin fəaliyyəti ilə əlaqədar olaraq daha da inkişaf etmişdir. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, dövlətlə müəssisələrin qarşılıqlı faliyyəti də onun inkişafına öz təsirini göstərmişdir. Vəsait mənbələrinin olduğu yerə görə maliyyə bazarı iki qrupa bölünür: Daxili və ya milli maliyyə bazarları. Bu bazarların resursları ölkənin daxili mənbələrinə əsaslanır. Bu halda digər ölkələrin resursları cəlb edilsə də, onların xüsusi çəkisi cüzi olur. Onların resursları müxtəlif ölkələrin rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir. İnkişaf səviyyəsinə görə maliyyə bazarları inkişaf etmiş bazarlara və inkişaf etməkdə olan bazarlara bölünür. Çox hallarda yaradılmaqda və ya formalaşmaqda olan bazarlar inkişaf etməkdə olan bazar adlanır. Bu tip bazar forması əsasən inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Maliyyə resurslarının ilkin satıcıları və son istehsalçıları üç qrupa bölünür: təsərrüfatçı subyektlər (müəssisələr və təşkilatlar), fiziki şəxslər və dövlət. Maliyyə resurslarının alqı-satqısı iki yolla: maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satıcıdan onun istehlakçılarına çatdırılması və bir və ya bir neçə vasitəçinin köməyi ilə həyata keçirilir. Maliyyə bazarını onun subyektləri olmadan təsəvvür etmək mümkün deyildir ki, bunlar investorlar – tələbatından artıq maliyyə ehtiyatlarına malik olan və onu investisiyaya yönəldən müəssisə və təşkilatlar, əmanətçilər – şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif yığımlar həyata keçirən fiziki şəxslər, borc alanlar – kifayət qədər maliyyə ehtiyatına malik olmayan və ya maliyyə ehtiyatlarının çatışmazlığını hiss edən müəssisə və təşkilatlar, həmçinin dövlət orqanları. Bu deyilənlərlə yanaşı, maliyyə bazarının subyekti kimi fəaliyyət göstərən müxtəlif vasitəçilər, ixtisaslaşdırılmış maliyyə-kredit institutları da mövcuddur.

Bu baxımdan sahibkarlara verilən güzəştli kreditlər özünəməxsus əhəmiyyət daşıyır. Əbəs deyildir ki, belə kreditləşmə mexanizminin əhəmiyyətini göstərən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində demişdir: “Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həlli əvəllər verilmiş və qaytarılmamış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur… Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin”.

Kapital bazarı da öz növbəsində ssuda kapitalı bazarına və pay qiymətli kağızlar bazarına bölünür. Bu cür bölgü bu bazarda istifadə olunan maliyyə alətlərinin alıcılar və onların emitentləri arasında münasibətlərin xarakterini ifadə edir. Əgər maliyyə aləti kimi pay qiymətli kağızları çıxış edirsə, onda bu münasibətlər mülkiyyət münasibətləri xarakteri daşıyır, digər hallarda isə bu kredit münasibətləri olur. Ssuda kapitalı bazarı – ssuda kapitalının dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri, yaxud da dövriyyənin təşkili formasını ifadə edir. Məlumdur ki, ssuda kapitalı qaytarılmaq, dəyəri ödənilməklə müddətli verilən pul vəsaitlərinin məcmusudur. Ssuda kapitalının yaranma mənbələri ilk növbədə müəssisə və təşkilatların və vətəndaşların sərbəst maliyyə ehtiyatı və yığımlarıdır. Müəssisə və təşkilatlar sərbəst maliyyə ehtiyatlarını gəlir əldə etmək şərtilə faiz almaqla müxtəlif kredit təşkilatlarına yerləşdirirlər. Bundan əlavə müəssisələrin banklarda olan hesablarına vəsaitlərin daxil olması və ödənilməsi müddətinin üst- üstə düşməməsi bu vəsaitləri kredit resursu kimi istifadə etməyə imkan verir. Ssuda kapitalı bazarının iştirakçıları aşağıdakılardır:

–müəssisələrin sərbəst pul vəsaitlərini toplayan və onları ssuda kapitalı olaraq yerləşdirən kredit təşkilatları;

–sərbəst pul vəsaitlərinə (maliyyə ehtiyatlarına) malik olan investorlar;

–müəyyən məqsədlər üçün borc alan müəssisə və təşkilatlar, vətəndaşlar və həmçinin dövlət orqanları.

Burada vasitəçilərin rolu böyük deyildir, çünki iştirakçılar bir-birilə birbaşa əlaqəyə girirlər. Ssuda kapitalı bazarının müəssisələrin maliyyə ehtiyatlarının formalaşmasında rolu ikili xarakter daşıyır. Belə ki, ilk növbədə sərbəst maliyyə ehtiyatlarına malik olan müəssisə bu vəsaitləri bank və digər kredit idarələrində yerləşdirməklə və ya onlara borc verməklə faiz şəklində gəlir əldə edir. Digər tərəfdən, bu vəsaitləri cəlb edən kredit idarələri onu bu vəsaitlərə ehtiyacı olanlara “satmaqla” onların ehtiyatlarını artırır. Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını, təşkilatın nizamnamə kapitalında payını, mənfəətin bölgüsündə iştirakını və bir qayda olaraq bu təşkilatın idarəçiliyində iştirak etmək hüququnu təsdiq edən qiymətli kağızlardır. Mülkiyyətə sahib olmaq məsələsi isə qanunvericilik aktı ilə və təşkilatın təsis sənədləri ilə müəyyən edilir. Pul vəsaitləri bazarı dövriyyədə olan nağd pul və onların funksiyalarını yerinə yetirən digər qısa müddətli tədiyyə vəsaitləri ilə (veksellər, çeklər və s.) təmsil olur. Çox hallarda pul bazarının tərkibinə valyuta və banklararası bazarlar daxil edilir. İqtisadi subyektlərin fəaliyyətində onların cari likvidliyini təmin etmək üçün pul vəsaitləri bazarı əhəmiyyətli rol oynayır. Onun əhəmiyyəti pulların müntəzəm axınını təmin etməkdən ibarətdir və bu bazarın operatoru kimi mərkəzi bank və kommersiya bankları çıxış edirlər. Pul bazarının seqmentlərindən biri də banklararası kreditlər bazarıdır ki, burada kommersiya bankları bir-birlərini kreditləşdirirlər. Banklar-arası kreditlər kommersiya banklarının mərkəzi bankda saxlanılan məcburi ehtiyat normasından artıq olan vəsaitlər hesabına təqdim edilir. Avrovalyuta bazarı – pul bazarının bir hissəsi olmaqla avrovalyutaya nominasiya edilmiş maliyyə alətləri ilə ticarətin həyata keçirildiyi bazardır. Avrovalyuta – Avropa bankları tərəfindən başqa ölkənin banklarında həmin ölkənin milli valyutasında yerləşdirilən pul vəsaitidir. O, beynəlxalq bazarlarda depozit, kredit və digər əməliyyatlarda geniş istifadə olunur. Bu valyutalara ilk növbədə ABŞ dolları, İngilis funt sterlinqi, avro və digər valyutalar aiddir. İnkişaf etmiş ölkələrdə depozit sertifikatları bazarı da fəaliyyət göstərir. Depozit sertifikatları qiymətli kağızın bir növü olmaqla, banklarda iri həcmli müddətli əmanətlər haqqında şəhadətnaməni ifadə edir. Depozit sertifikatlarının tədavül müddəti bir qayda olaraq bir ildən artıq deyildir və deməli, bunlara pul bazarının kağızları kimi baxmaq olar.

 Pul bazarının əsas elementlərindən biri də REPO sazişidir ki, o, qiymətli kağızları geri almaq şərtilə satışını ifadə edir. Bu kimi sazişi həyata keçirmək üçün zəruri olan şərt inkişaf etmiş dövlət qiymətli kağızlar bazarının və qiymətli kağızların inkişaf etmiş sənədsiz dövriyyəsi sisteminin mövcudluğudur.

6 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq verilmişdir;:

Hərraca çıxarılan həcm  150 000 000 AZN

Notun nominal dəyəri   100 АZN

Notların tədavül müddəti   28 gün

Ödəmə tarixi  04.10.2017

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, notların buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər. REPO sazişi həyata keçirilən zaman qiymətli kağızları satan tərəf pul vəsaiti əldə edir ki, bu da müxtəlif məqsədlər üçün: likvid vəsaitin çatışmazlığının tamamlanması, maliyyə bazarının başqa seqmentində aktiv əməliyyat həyata keçirmək üçün istifadə edilə bilər. Saziş müddəti başa çatdıqda qiymətli kağızların satış qiymətindən daha yüksək qiymətlə geri alışı həyata keçirilməlidir. Bu qiymətlər arasındakı fərq pul vəsaitindən istifadəyə görə faiz ödənişini ifadə edir. Alış təsbit edilmiş tarixdə və ya bir neçə müddət ərzində həyata keçirilməlidir. Maliyyə bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır ki, yuxarıda qeyd etdiyimiz bütün bazar subyektləri bu bazarın da iştirakçılarıdır. Ssuda kapitalı bazarından fərqli olaraq burada vasitəçilərin rolu böyükdür. Qiymətli kağızlar bazarının adından da göründüyü kimi, maliyyə ehtiyatlarının cəlb edilməsində əsas vasitəçi qiymətli kağızlardır. Qiymətli kağızlar borc öhdəliyini və ya əmlak hüququnu təsdiq edən, sahibinə dividend və ya faiz şəklində gəlir götürməsinə əsas verən hüquqi sənəddir. Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz.

7 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçirilmişdir. Dövlət istiqrazının növü diskontlu və qısamüddətlidir.

Emissiya həcmi  45 000 000

Nominal dəyəri  100 AZN

İstiqrazların tədavül müddəti  364 gün

Ödəmə tarixi  06.11.2018

Anderrayter PaşaKapital QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Qiymətli kağızlar bazarı pul vəsaitlərinə olan tələblə təklifin qarşılıqlı münasibətlərindən ibarətdir. Bildiyimiz kimi, maliyyə bazarının mövcudluğu şəraitində, daha dəqiq desək, qiymətli kağızların alınıb satıldığı və gəlir əldə etmək imkanı olan yerdə risk də qaçılmazdır. Belə ki, riski qiymətli kağızlar bazarının əsas ayrılmaz tərkib hissəsi hesab etmək olar. Risk dedikdə, qiymətli kağızlara qoyulan investisiyalarla bağlı olan və onlara zəruri olaraq xas olan, bazar konyunkturasının dəyişməsi nəticəsində itki vermək ehtimalı başa düşülür.

Qeyd edək ki, qiymətli kağızların gəlirliyi artdıqca onların risk səviyyələri də artır. Son 20 ildə respublikamızda maliyyə bazarı və onu təşkil edən seqmentlər üzrə normativ baza, yaradılmış, yəni bir çox qanun və qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi maliyyə icarəsinin (lizinqin), etimadlı idarəetmənin, pul tələbnaməsinin güzəşti əsasında (faktorinqin) maliyyələşdirmənin hüquqi əsasını müəyyən etmişdir. Bank qanunvericiliyi yenilənmiş, sığorta şirkətlərinə irəli sürülən tələblər artmış, audit sistemi yaradılmışdır. Lakin praktiki olaraq maliyyə bazarı dövlətin maliyyə resurslarına olan tələbini ödəməklə birtərəfli inkişaf etmişdir. 1998-ci ildən başlayaraq Azərbaycan Respublikasının maliyyə bazarında kəmiyyət və keyfiyyət baxımından ciddi dəyişikliklər baş vermişdir. Maliyyə resurslarının alıcıları sırasında müəssisə və təşkilatların payı artmağa və dövlətin payı isə azalmağa başlamışdır. Cəlb edilən vəsaitlərin dəyərinin nisbətən azaldılması sayəsində onların əldə edilməsi çoxsaylı müəssisələr üçün mümkün olmuşdur. Lakin hal-hazırda Azərbaycanın maliyyə bazarı inkişaf etməkdə olan bazar qrupuna aiddir. Pul bazarı alətləri kimi əsas rolu veksellər və depozit sertifikatları oynayır. Veksel birtərəfli borc pul öhdəliyidir və o, veksel saxlayanlara (veksel sahiblərinə) vaxtı çatan kimi müəyyən məbləğin ödənməsi üçün veksel verənlərin şərtsiz öhdəliyini təsdiq edən qiymətli kağızdır. Səhm bazarı – qiymətli kağızlar bazarı olmaqla, həyata keçirilən əməliyyatların səhmlər vasitəsilə reallaşdırıldığı bazardır. Yerli səhm bazarında da istifadə olunan səhmlər iki qrupa ayrılır: imtiyazlı səhmlər və adi səhmlər. Hər bir adi səhm sahibi səhmdarların yığıncağında iştirak edir, bu yığıncaqda səs vermək hüququna malikdir və idarəetmə orqanına seçə və seçilə bilər. İmtiyazlı səhmlər bu hüquqa malik deyillər, lakin onların üstünlüyü ondan ibarətdir ki, bu səhmlər üzrə dividendlərin ödənilməsi kompaniyanın fəaliyyətindən asılı deyil. İmtiyazlı səhmlərin çatışmazlığı da məhz ondan ibarətdir ki, müəssisə fəaliyyətini uğurla aparırsa, onda dividendlər adi səhmlər üzrə artır, imtiyazlı səhmlər üzrə dəyişməz qalır. Beynəlxalq təcrübədə bu, Forex bazarı (Foreign Exchange) adlandırılır. Respublikamızda valyuta bazarının iştirakçıları əsasən broker firmalar, kommersiya bankları və onların yaratdığı şəbəkə-sistem üzərindən əməliyyatlar həyata keçirən fərdlərdir. Valyuta bazarı əməliyyatlarında ən yüksək həcmə nağd pulların alqı-satqısı deyil, nağdsız valyuta üzərində olan əməliyyatlar təşkil edir. Valyuta bazarında xarici pullar, ümumiyyətlə, ölkənin öz milli pulu qarşılığında dəyişdirilir. Ancaq, təbii ki, bir ölkənin valyuta bazarında iki xarici pulun da bir-birinə çevrilmə imkanı vardır. Azərbaycan Respublikasının maliyyə bazarının perspektiv inkişaf yolları, XX əsrin sonlarında Azərbaycanda sərt mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid ölkədə maliyyə bazarının, eləcə də ümumilikdə maliyyə sisteminin yenidən qurulmasını tələb edirdi.

XX əsrin sonunda bazar iqtisadiyyatına keçidin labüdlüyü obyektiv reallığa çevrildi. Maliyyə bazarı ilə əlaqədar isə problem yaranmırdı, çünki o ümumiyyətlə mövcud deyildi. Buna baxmayaraq bu bazarın bəzi elementləri özünü göstərirdi – dövlət borcları buraxılır, əmanət kassaları fəaliyyət göstərirdi və s. Lakin onlar maliyyə sferasının və bütöv iqtisadiyyatın fəaliyyətinə heç bir təsir edə bilmirdi. Son illər ərzində iqtisadiyyatda bazar münasibətlərinə keçilməsi istiqamətində görülən işlər nəticəsində ölkənin iqtisadiyyatında müxtəlif sahələr üzrə böyük inkişaf müşahidə olunmuşdur: inflyasiya tempinin azalması, ildən-ilə ümumi daxili məhsulun və sənaye istehsalının göstəricilərinin artması, milli valyutanın sabitliyinin əldə edilməsi, kiçik və orta müəssisələrin özəlləşdirilməsinin keçirilməsi, xarici investisiyaların axınının çoxalması, milli bank sisteminin yaradılması və s. Bununla yanaşı, tədavülə dövlət qısamüddətli istiqrazları, dövlət özəlləşdirmə payları (çekləri), dövlət özəlləşdirmə opsionları, səhmdar cəmiyyətlərinin səhmləri, kredit təşkilatlarının depozit sertifikatları və veksellər buraxılmışdır. Yuxarıda göstərilənlər Azərbaycan Respublikasında mütəşəkkil qiymətli kağızlar bazarının formalaşdırılması üçün təkan vermişdir. Respublikamızda maliyyə bazarının inkişafına təkan verən əsas işlərdən ən önəmlisi isə Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı olmuşdur.

Bu proqramın icarsına dair tapşırıqlar:

– fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi;

– qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu mexanizmlərinin sadələşdirilməsi;

– dövlət və korporativ qiymətli kağızların vahid mərkəzi depozitar sisteminin yaradılması;

– qiymətli kağızların girovla yüklənməsi prosedurlarının optimallaşdırılması və avtomatlaşdırılması;

– maliyyə vasitəçiliyi xidmətlərinin regional əhatəsinin və bu növ xidmətlərə çıxış imkanlarının genişləndirilməsi;

– investisiya şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi;

– aktivlərin idarəedilməsi şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi;

– investisiya fondları və digər kollektiv investisiya sxemlərinin (daşınmaz əmlak investisiya fondları və s.) fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi.

Əsas məqsəd iqtisadiyyata investisiyaların cəlb edilməsini və yenidən bölüşdürülməsini uğurla həyata keçirə bilən, investisiya fəallığını təşviq edən, dünya sərmayə bazarında ölkənin mövqelərini gücləndirən fond bazarının formalaşmasını təmin etməkdir. Bu məqsədə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

– dövlət qiymətli kağızlar bazarının genişləndirilməsi;

– korporativ kağızlar bazarına yeni vəsaitlərin cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi, qiymətli kağızların idarə edilməsi üçün əlverişli şəraitin təmin edilməsi, qiymətli kağızlar bazarında peşəkar iştirakçıların işinin stimullaşdırılması;

– investorların hüquqlarının qanunverici və məhkəmə müdafiəsinin təkmilləşdirilməsi;

– uzunmüddətli investisiya risklərinin azaldılması, yeni investorların cəlb edilməsi məqsədilə fond bazarının maliyyə alətlərinin təkmilləşdirilməsi;

– korporativ kağız təklifinin təşviqi məqsədilə hələ də mövcud olan maneələrin tam aradan qaldırılması;

– birja sektorunda alqı-satqı sistemlərinin daha da inkişaf etdirilməsi;

– kapital axınını, investisiya mənbələrinin ucuzlaşmasını təmin edən fond bazarı infrastrukturunun sürətləndirilməsi;

– fond bazarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi.

Ölkəmizdə əlverişli investisiya iqliminin yaranmasına təsir edən ən mühüm amillərdən biri güzəştli vergi və gömrük ödənişləri sisteminin tətbiq olunmasıdır. Bildiyimiz kimi, gömrük-tarif siyasəti iqtisadi siyasətin həyata keçirilmə alətlərindən biridir və gələcəkdə də bu güzəştlərin tətbiqi müsbət effekt verərdi. Lakin bu güzəştlər tətbiq edilərkən xarici ticarət rejimlərinin, beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri nəzərə alınmaqla daxili  bazarın strukturu, iqtisadiyyatın cari vəziyyəti, tələb və təklifin nisbəti əsasında çevik, çoxpilləli, lakin birqiymətli izah olunan tariflər sistemindən istifadə olunması daha məqsədəuyğun olardı. Dövlətin azad iqtisadi zona yaratmaqda əsas məqsədi istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsindən, xarici investisiyaların cəlb edilməsindən, idxal mallarına çəkilən xərclərin azaldılmasından və s. ibarətdir. Xarici investor daim kapital qoyduğu ölkədə qarşılaşa biləcəyi risk barədə düşünür. Burada risk dedikdə, xarici investorun qoyduğu vasitələrin itirilmə ehtimalı başa düşülür. İnkişaf etmiş ölkələrdə xüsusi təşkilatlar və investisiya bankları tərəfindən investorlar üçün xüsusi xidmət –  risk qiymətləndirilməsi həyata keçirilir. İnvestor investisiya qoyuluşu həyata keçirmək istədiyi ölkədə istər siyasi, istərsə də, iqtisadi vəziyyətlə yaxından tanış olmadığı üçün o, belə şirkətlərə müraciət edərək qarşılaşacağı risklər barədə məlumat alır və investisiya portfelində nəzərdə tutulan qiymətli kağızların strukturunda və təyinatında dəyişiklik etmək imkanı əldə edir. Lakin, təəssüf ki, ölkəmizdə belə şirkətlər fəaliyyət göstərmir və bu da dolayısıyla investorların sayının artmasına və beləliklə də, maliyyə bazarının gözlənilən inkişafına mane olmuş olur. İEÖ-də maliyyə bazarının ən vacib subyektlərindən biri investisiya bankları hesab olunur. İnvestisiya bankları bazara öz qiymətli kağızlarını çıxararaq maksimum gəlir əldə etmək istəyən müxtəlif şirkətlərə, səhmdar cəmiyyətlərə və hətta dövlətə bu istiqamətdə xidmət göstərən təşkilatlardır. İnvestisiya banklarının kommersiya banklarından əsas fərqi ondan ibarətdir ki, onlar kredit vermir və depozit cəlb etmirlər. Onun əsas üstünlüyü ondan ibarətdir ki, əgər bir şirkət  maliyyə vəsaiti qıtlığı ilə üzləşmişdirsə o, kommersiya bankına müraciət edərək kredit götürmək və yüksək faiz xərci ödəmək əvəzinə investisiya bankına müraciət edərək öz istiqrazını və ya səhmini emissiya edə və müvəqqəti çətinliyini aradan qaldıra bilər. Bu halda şirkət bu işləri bütünlükdə investisiya bankına həvalə edir və o, şirkətin qiymətləndirilməsini həyata keçirərək bütün inzibati işləri görür və qiymətli kağızların reallaşdırılmasına, yəni bazarda satılmasına köməklik göstərir. Respublikamızda investisiya banklarının fəaliyyət göstərməməsi bir çox çətinliklər yaradır və maliyyə bazarının bir çox problemlərinin aradan qaldırılması prosesini ləngidir. Belə ki, investorların və emitentlərin sayının az olmasının əsas səbəblərindən biri kimi kommersiya banklarında kreditlərə yüksək, depozit qoyuluşuna isə aşağı faiz dərəcəsinin tətbiq olunmasıdır ki, bu halda gəlir əldə etmək istəyən və ya maliyyə vəsaiti qıtlığı ilə üzləşən şirkət kommersiya bankına üz tutmaqdan qaçır. Bu halda respublikamızda investisiya banklarının yaradılmasına kəskin ehtiyac yaranır ki, sadalanan çətinliklərlə üzləşən şirkətlər maliyyə bazarına çıxışın “açarı” kimi məhz bu qurumların xidmətindən istifadə edə bilsinlər. Bildiyimiz kimi, son illərdə respublikamızda investisiya iqliminin və maliyyə bazarının stimullaşdırılması məqsədilə bir çox işlər görülmüşdür ki, bunlardan ən əhəmiyyətlisi investorların hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir. İnkişaf etmiş xarici ölkələrdə olduğu kimi, artıq ölkəmizdə də investorlar sərbəst fəaliyyət göstərə və öz hüquqlarının pozulması halları ilə bağlı aidiyyəti orqanlara müraciət edə bilərlər. Bu halda onların şikayətlərinə baxılması və səmərəli tədbirlərin görülməsi dövlətin bilavasitə vəzifəsi hesab olunur. Bazar iqtisadiyyatı şəraitində müəssisə və təşkilatların davamlı mənfəətliliyinin təmin edilməsi, etibarlı tərəfdaşların tapılması, sağlam maliyyə mənbələrinin axtarılması üçün etibarlı və dürüst informasiya lazımdır. Belə informasiya isə müasir standartlara cavab verən uçot və hesabat sistemi vasitəsilə hazırlana bilər.  İnkişaf etmiş xarici ölkələrdə maliyyə hesabatlılığı sistemi yüksək səviyyədə inkişaf etmişdir və  şirkətlər birmənalı olaraq illik maliyyə hesabatlarını ictimaiyyətə təqdim etməyə borcludurlar. Respublikamızda Beynəlxalq Maliyyə Hesabatları Standartlarının artıq tətbiq olunmasına baxmayaraq bu sistem hələ də təkmil fəaliyyət göstərmir və demək olar ki, yalnız kommersiya bankları və bəzi açıq səhmdar cəmiyyətlər illik maliyyə hesabatlarını ictimaiyyətə təqdim edirlər.

Bu müddət ərzində bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bir çox tədbirlər görülmüşdür. Özəlləşdirmə, qiymətlərin liberallaşdırılması, birgə müəssisələrin yaradılması və xarici investorların ölkəyə cəlb olunması, iqtisadi islahatların keçirilməsi və bu yöndə müxtəlif qanunların qəbulu, dövlət proqramlarının hazırlanması və tətbiqi bu tədbirlərin yalnız bir hissəsidir. Ölkəmizdə maliyyə bazarının inkişafını zəruri edən əsas amil bazar iqtisadiyyatının qurulmasında xarici investisiya axınının labüdlüyü ilə meydana çıxdı. Həyata keçirilən tədbirlərə baxmayaraq müasir dövrdə ölkəmizdə maliyyə bazarının inkişaf  etdirilməsi istiqamətində hələ çox işlər görülməlidir. Təcrübə göstərir ki, istər ümumi maliyyə sisteminin, istərsə də maliyyə bazarının inkişafına beynəlxalq təcrübə mövqeyindən yanaşma bu sahədə bir çox problemlərin aradan qaldırılmasına köməklik göstərə bilər:

–  respublikamızda qiymətli kağızların alınmasına, ümumilikdə maliyyə bazarına maraq az olduğundan bu fəaliyyəti stimullaşdırmaq üçün informasiya təminatı yüksək səviyyəyə çatdırılmalı, qiymətli kağızlar bazarı investorlara qoyulan investisiyaların riski və gətirə biləcəyi mənfəət haqqında tam informasiyanı təmin etməlidir.

–   müvafiq qurumlarla birlikdə qiymətli kağızlar bazarında vergitutma məsələlərinin təkmilləşdirilməsi, dünya təcrübəsində istifadə olunan və investisiyaların artımı üçün əlverişli mühitin yaradılması baxımından tətbiq  edilməsi zəruri hesab olunan vergi güzəştlərinin  həyata keçirilməsi.

–  ayrı-ayrı şərtlərlə və müxtəlif investor təbəqələri üçün dövlət qiymətli kağızlarının buraxılması.

–  respublikamıza cəlb olunan xarici investisiyaların əsas hissəsi neft sektoruna istiqamətlənmişdir, bu proporsiyanı dəyişərək qeyri-neft sektorunun inkişafı, dövlət əhəmiyyətli iri layihələrin maliyyələşdirilməsi üçün istiqrazların buraxılması, eləcə də respublikamızda dövlət və qeyri-dövlət qiymətli kağızlarının dünyanın ən inkişaf etmiş fond bazarlarına çıxışının təmin olunması.

–  pensiya sistemində islahatların aparılması, əhalinin diqqətinin daha çox cəlb edilməsi və maliyyə savadlılığının artırılması üçün tədbirlərin görülməsi respublikada qiymətli kağızların alış həcminin artmasına, bununla da qiymətli kağızlar bazarının inkişafına səbəb olacaqdır.

– bəzi ölkələrdə xarici investisiyaların cəlbi üçün güzəştli rejim yaradılmışdır. Buna misal olaraq bələdiyyələrin yaratdığı “sənaye meydançaları” adlanan xüsusi sahələri  göstərmək olar. Burada əvvəlcədən qurulmuş istehsal infrastrukturu olur və xarici investorlar güzəştli əsaslarla bu infrastrukturdan istifadə edirlər. Respublikamızda da bu tip xüsusi sahələrin yaradılması maliyyə bazarının inkişafına təkan verə bilər.

–  ölkəmizdə risk qiymətləndirilməsi ilə məşğul olan xüsusi təşkilatların fəaliyyət göstərməməsi xarici investorların ölkəyə axınının nisbətən qarşısını almış olur. Belə ki, xarici investor kapital qoyduğu ölkədə qarşılaşa biləcəyi risk bardə məlumatsız olur və ölkəmizdə bu məlumatı investora verə biləcək xüsusi şirkətlərin olmaması maliyyə bazarının inkişafını ləngidir. İstər dövlət, istərsə də, özəl sektorda bu cür şirkətlərin yaradılması fikrimcə faydalı ola bilər.

–  respublikamızda investisiya banklarının fəaliyyətinə də xüsusi ehtiyac vardır. İnvestisiya bankları inkişaf etmiş maliyyə bazarlarının əsas iştirakçısı hesab olunur, çünki o, investorla emitent arasında mühüm  vasitəçi rolunu oynayaraq investorun maksimum gəlir əldə etməsinə şərait yaradır. İlkin mərhələdə respublikamızda bu vəzifəni kommersiya banklarına vermək, fəaliyyət uğurla nəticələnərsə ayrıca investisiya banklarının yaradılmasına başlamaq olar.

–  fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu mexanizmlərinin sadələşdirilməsi.

–  maliyyə vasitəçiliyi xidmətlərinin regional əhatəsinin və bu növ xidmətlərə çıxış imkanlarının genişləndirilməsi.

–  investisiya şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi. Eyni zamanda, maliyyə bazarının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi.

–  kiçik və orta sahibkarlar üçün alternativ birja ticarəti platformasının yaradılması, onların fond bazarından maliyyələşmə imkanlarının artırılması və təşviqi.

– Maliyyə bazarında əsas informasiya bazası hesab olunan maliyyə hesabatlarının şəffaflığının təmin olunması ilə əlaqədar olaraq tədbirlərin həyata keçirilməsi, bu sahədə kadr hazırlığına xüsusi diqqət yetirilməsi məqsədəuyğun hesab olunur.

Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, “Professorlar klubu”nun rəyasət heyətinin sədri
*
Elnur SADIQOV,
iqtisad elmləri doktoru, professor

1-ci hissə
2-ci hissə

4809 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser