“Qarabağ faciəsi” kitabının təqdimatı keçirilib

22 APREL 2016 | VIEWS:
2020

Aprelin 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər kafedrasının professoru, əməkdar müəllim Əsgər Abdullayevin “Qarabağ faciəsi” adlı kitabının təqdimatı olub.

Tədbirdən öncə Qarabağ faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in İnzibati və təşkilatı məsələlər üzrə prorektoru Şaiq Əsgərov gənclərin vətənpərvər ruhda böyümələri üçün onların öz tarixini, milli dəyərlərini bilmələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, son Qarabağ hadisələri Azərbaycan gənclərinin milli birliyinin daha da yüksəldiyini göstərdi. Erməni millətçilərinin iki əsrə yaxın müddətdə xalqımıza qarşı törətdikləri soyqırımları diqqətə çatdıran Ş.Əsgərov həmin bəşəri cinayətlərin dəhşətlərinin və onları törədənlərin üzə çıxarılması, dünya ictimaiyyətinə tanıdılması baxımından belə nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirib. Kitabın aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü üçün böyük töhfə olduğunu qeyd edib.

AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxışında bildirib ki, ermənilər Dağlıq Qarabağda mədəni irsimizi məhv edib. Hazırda İrəvanda ermənilərin dünyaya təbliğ etdikləri tarixi maddi mənbələr türklərə məxsusdur. Oranın bütün kəndlərini, obalarını gəzərkən hələ də türk izləri açıq şəkildə özünü göstərir.

Professor Ə.Abdullayev son günlərdə cəbhə xəttində baş verən hadisələrdə  xalqın göstərdiyi birliyi xüsusi vurğulayıb. Ölkə Prezidentinin gənclərdə yaratdığı ruh yüksəkliyini, əsgərlərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Ə.Abdullayev gəncləri vətəni, torpağı sevməyə səsləyib. “Qarabağ faciəsi”nin davamı olaraq “Qarabağ zəfəri” kitabının təqdimatının Şuşada qeyd edilməsini arzulayıb.

Tədbirdə çıxış edən digər iştirakçılar ermənilərin törətdikləri vəhşiliklərdən danışıb, gənclərə tariximizin, milli dəyərlərimizin aşılanması baxımından belə tədqiqat əsərlərinin əhəmiyyətini vurğulayıblar.

Professor Əsgər Abdullayev “Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadçı kadrların hazırlanmasındakı uzunmüddətli xidmətlərinə, elm və təhsilin inkişafına verdiyi töhfələrə görə” Fəxri Fərmanla təltif edilib.

Sonda kitabın imzalanma mərasimi keçirilib.

2021 1