Kiçik və orta sahibkarlığın inkişafı vətəndaşların sosial rifahını yaxşılaşdıracaq

25 YANVAR 2017 | VIEWS:
2304

UNEC-də “Strateji Yol Xəritəsi”nin öyrənilməsi davam edir.

Biznes və menecment fakültəsində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsinin istehlak mallarının istehsalına dair Strateji yol xəritəsi” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda professor-müəllim heyəti, doktorant və magistrlər iştirak ediblər.

Fakültə dekanı, dosent Mirağa Əhmədov ölkənin inkişafındakı kiçik və orta sahibkarlığın əhəmiyyətindən danışaraq qeyd edib ki, onlar iri müəssisələrin istehsal edə bilmədikləri məhsulları istehsal edə bilir və müxtəlif xidmətlər göstərirlər. İri müəssisələrə nisbətən çevikdirlər və bazarın tələblərinə tez uyğunlaşırlar. Bu baxımdan, Azərbaycanda yaradılan biznes infrastrukturunda kiçik və orta sahibkarlığın inkişafı çox əhəmiyyətlidir və bazar tələblərinin ödənilməsi istiqamətinə hədəflənir.

“Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev sözügedən sənədin qısa, orta və uzunmüddətli dövrləri əhatə etdiyini bildirib. Bu yanaşma dayanıqlı inkişafı hədəfləyən strateji sənədin uğurlu icrası üçün çox vacibdir. M.Əliyev Strateji Yol Xəritəsində müəyyənləşdirilən uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna qədəm qoymuş ölkə iqtisadiyyatının rəqabətqabliyyətinin daha da gücləndirilməsini hədəflədiyini qeyd edib. Eyni zamanda, ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması və insan inkişafı indeksinin daha yüksək həddə çatdırılmasını təmin edəcək.

Kafedranın müəllimi Murad Bədirov mövzu ərtafında kiçik və orta sahibkarlıq subyektlərinin mövcud durumunu təhlil edərək, nəticələri təqdim edib. Kiçik və orta sahibkarlığın ərzaq təhlükəsizliyinin qorunmasında rolu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalında iştirakı, mövcud durumda üzləşdiyi problemlər və maliyyə bazarlarına çıxışının təminatı vasitələrinin araşdırıldığını bildirib.

Dosent Niyazi Həsənov isə ölkədə minimum istehlak səbətinə əsaslanaraq ərzaq məhsullarının müxtəlif çeşidləri üzrə bazar tədqiqatlarının aparılmasını və istehlak həcminin müəyyənləşdirilməsini təklif edib.

Sonda fakültə dekanı dos. M.Əhmədov bildirib ki, Strateji Yol Xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi bundan sonra keçiriləcək seminarlarda davam etdiriləcək.

2305 1