Moskva forumunda elm və təhsilin inkişaf yolları müzakirə olunub

28 MART 2016 | VIEWS:
2246

Moskva, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən Moskva İqtisadi Forumunun növbəti iş günündə xarici ekspertlər elm və təhsilin inkişaf yollarını müzakirə ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Natiq Qurbanov konfransda ölkələrin təhsil sahəsində qarşılıqlı fəaliyyətinə dair mühüm bir məsələdən danışıb. Onun fikrincə, bu sahədə əməkdaşlıq həm də peşəkar kadrların hazırlanmasında baza yaradılması üçün vacibdir. N.Qurbanov deyib: “Təhsil sistemi ölkənin və dünyanın gələcəyidir. Biz, peşəkarlar daha geniş düşünməliyik. Azərbaycanda da, Rusiyada da dünya standartlarına uyğun mütəxəssislər hazırlanmalıdır. Daha mühüm olan digər bir məsələ iki anlayışı – “artım” və “inkişaf”ı fərqləndirməkdir. Təəssüf ki, biz tez-tez artımdan danışırıq, amma inkişaf haqqında heç düşünmürük. Odur ki, məzunların, bakalavrların say artımını əldə edirik. Ancaq sabah onlara tələbat olacaqmı? Keçmiş sovet respublikalarında fəaliyyət göstərən müasir universitetlərin qiymətləndirilməsi üçün reytinqlərin hazırlanması artıq zərurətə çevrilib”.

Təhsil, elm, mədəniyyət və texniki işçilər Konqresinin nümayəndəsi İrina Seleznyova çıxışında cəmiyyətin inkişafında elmin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, informasiyalı cəmiyyətin rolunun yeni dərki təmin edilmədən cəmiyyətin istehsal gücünün varlığı qeyri-mümkündür.

Ekspertlər ümumi fikrə gəliblər ki, XXI əsrdə effektiv inkişafın və yüksək həyat keyfiyyətinin əsas resursu bütün vətəndaşların yaradıcı potensialı və şəxsi keyfiyyətləridir. Bu məsələdə mədəni amil böyük rol oynayır. Kembric Universitetinin tədqiqatçısı Çokan Laumullin deyib: “Məlum həqiqətdir ki, inkişafın hərəkətverici qüvvəsi elm və mədəniyyətdir. Elm və mədəniyyət biri-birindən ayrılmaz iki fenomendir. Onlar əl-ələ verərək yol gedən bacılara bənzəyir. Elm və mədəniyyət eyni mühitdən törəyir. Elm və dəyişikliklər eyni mənbədən qaynaqlanır. Bunun üçün, ilk növbədə, müvafiq mühit yaradılmalıdır”.

Aydındır ki, oxşar inkişaf üçün zəruri mühitin yaradılması dövlətin müstəsna səlahiyyətindədir. Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bu fikri şərh edib. O, inkişaf üçün zəruri mühitin yaradılması yönündə dövlət siyasətinin uğurla həyata keçirilməsindən danışarkən Azərbaycanı nümunə göstərib. D.Savelyev deyib: “Azərbaycanda Rusiya ali məktəblərinin filiallarının açılması çox vacib məsələdir. Moskva Dövlət Universiteti və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları buna əyani misaldır. Azərbaycanda rus dilinə yüksək səviyyədə verilən dəstək də layiqincə qiymətləndirilməlidir. Azərbaycanlıların ruslara, rus dilinə, rus mədəniyyətinə, rus incəsənətinə münasibəti unikaldır. Əsas odur ki, bu, hökumət və dövlət siyasətidir. Postsovet ölkələrinin heç də hamısında ruslara, rus dilinə, rus elmi və mədəniyyətinə bu cür yanaşılmır. Buna görə də Azərbaycanın dünya arenasındakı uğurlarına necə sevinməyəsən!”

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya dünya standartlarına uyğun peşəkar kadrların yetişdirilməsində şəxsiyyətlərarası əlaqələrin rolunu qeyd edib. N.Krasovskaya deyib: “Rusiya və Azərbaycanın qarşılıqlı münasibətləri bütün istiqamətlərdə yüksəlişə doğru gedir. Sözsüz ki, bu əlaqələrdə elm və təhsil mühüm yer tutur. İnkişaf üçün çox möhkəm təməlimiz var. Çoxlu sayda azərbaycanlı Rusiya ali məktəblərində təhsil alır, layihələr genişləndirilir, onların sayəsində rusiyalı tələbələr müxtəlif proqramlar çərçivəsində Azərbaycana gedirlər. Məhz bu gənclər birgə gələcəyimizi quracaq. Əminəm ki, qardaş ölkədə sevgi payı alaraq onlar bu işi böyük uğurla həyata keçirəcəklər.”

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

 

2247 2