Nobel mükafatçısı Aziz Sancar UNEC-də

12 İYUN 2017 | VIEWS:
3793

İyunun 12-də UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancara həsr edilən “Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” adlı konfrans keçirilib.

Konfransda görkəmli alimin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, türk dünyasının elm fədaisi Aziz Sancar Azərbaycana təhsil naziri Mikayıl Cabbarovun dəvəti ilə gəlib. Aziz Sancar şəxsiyyəti elm sahəsində Nobel alan ilk türk alimi kimi bizim üçün çox əzizdir. Elə buna görə də bu günü UNEC-in tarixində ən əlamətdar günlərdən biri hesab edirəm”.

Rektor Azərbaycanın elm və təhsilində çox böyük islahatlar aparıldığını diqqətə çatdırıb: “Bu prosesdə cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın yüksəlişində maraqlı olan dünya alimləri və mütəxəssisləri ilə əlaqələr qurmaq, onların zəngin təcrübələrindən yararlanmaqdır. Aziz Sancar da məhz belə alimlərdəndir”. Ə.Muradov dünya şöhrətli alimin iyunun 14-də “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda da əsas məruzəçi kimi çıxış edəcəyini bildirib.

Sonra Aziz Sancar Azərbaycan elm ictimaiyyəti qarşısında geniş nitqlə çıxış edib. Alim Nobelə aparan yoldan söz açıb: “DNA-nın bərpa mexanizmi üzərində üç alim çalışırdıq. Çalışdığımız mövzular fərqli olduğu üçün bir-birimizlə rəqabət aparmırdıq. Üçümüz də kimya üzrə Nobel mükafatına layiq görüldük. Mən mütləq şəkildə Nobel mükafatı alacağam deyə, düşünmürdüm. Nobeli almaq bir qədər subyektivdir. Nobel mükafatı ala bilməyən görkəmli alimlər də bəşəriyyətə bir sıra töhfələr verib. Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı kimi dünyada məşhur olan Lütfi Zadəni nümunə göstərə bilərəm. Lütfi Zadənin Nobel mükafatına layiq görülməməsi bir alim kimi onun dəyərini azaltmır”.

A.Sancar gənclərə elmlə məşğul olmağı tövsiyə edib: “Elm zaman alır, nəticəni həmən görməyə bilərsiniz, amma ruhdan düşməyin, gələcəkdə mütləq nəticəsini görəcəksiniz. Mən bu araşdırmaya ömrümün qırx ilini verdim”.

Professor Nobel mükafatı qazanmasının Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük marağa səbəb olduğunu bildirib: “Nobelə layiq görülməyimə Türkiyədən sonra böyük maraq göstərən ikinci ölkə Azərbaycan idi. Hətta Azərbaycanın Vaşinqtondakı səfiri dərhal zəng edib, mənə təbriklərini çatdırdı. Biz bir millət, iki dövlətik. Azərbaycanda olduğum üçün çox sevincliyəm”.

Alimin Nobel mükafatına layiq görülməsi xəbərini necə alması barədə xatirələri auditoriyanın xüsusi marağına səbəb olub. Professor Nobel mükafatına layiq görüldükdən sonra ən çox qarşılaşdığı sualları cavablandırıb. Təqdimat mərasimindən çəkilən fotoşəklini nümayiş etdirən professor çıxışını bu sözlərlə tamamlayıb: “Bu şəkil həyatımın ən xoşbəxt anındandır. Bu anda Nobel mükafatına layiq görüldüyümü elan edirlər və mən türk dünyası qarşısında öz borcumu layiqincə yerinə yetirdiyimi hiss edirəm”.

Daha sonra A. Sancar sualları cavablandırıb.

A.Sancar UNEC-in fəxri doktoru adına layiq görülüb. Ə.Muradov bildirib, növbəti tədris ilində UNEC-də ən yaxşı tədqiqatçı üçün “Aziz Sancar mükafatı” təsis ediləcək. Eyni zamanda, Aziz Sancar adına Qida mühəndisliyi laboratoriyası yaradılacaq.

Konfransda UNEC-də Azərbaycan dilinə tərcümə edilən “Aziz Sancarın Nobel Bioqrafiyası” adlı kitabçası da təqdim edilib.

 

 

3794 3