UNEC-in gənc müəllimi II Dünya Konqresində

20 İYUN 2017 | VIEWS:
2638

UNEC-in gənc müəllimi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “1917–2017: İqtisadi inkişafda inqilab və təkamül” müqayisəli iqtisadi tədqiqatlar üzrə II Dünya Konqresində (Second World Congress of Comparative Economics 1917–2017: Revolution and Evolution in Economic Development) iştirak edib.

Üç gün davam edən konqresdə “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadə həmkarı Əhliman Abbasovla birgə yazdıqları “Uğurlu və effektiv iqtisadi inteqrasiya mexanizmini necə formalaşdırmaq olar? Avropa Birliyi nümunəsi” (How to form a successful and efficient economic integration mechanism? The case of European Union) adlı məqalə təqdim edib.

Konqresdə Kaliforniya Berkeley Universitetinin professoru Gerard Roland, Moskva Dövlət Lomonosov Universitetinin İqtisad fakültəsinin dekanı Alexander Auzan və Honq-Konq Elm və Texnologiya Universitetinin professoru James Kungin çıxışları dinlənilib. İqtisadiyyatın müxtəlif sahələri üzrə panellər təşkil edilib. Panellərdə müxtəlif mövzular və istiqamətlər üzrə təqdimatlar olunub, fikir mübadiləsi aparılıb. T.Əlizadə iqtisadi artım və inkişaf, məhsuldarlığın mikro və makro determinantları, firmaların struktur dəyişikliyində rolu və inkişaf, struktur dəyişikliyi və iqtisadi artım, gəlir bərabərsizliyi, dayanıqlı iqtisadi inkişaf, insan kapitalının iqtisadiyyatda önəmi, iqtisadi inteqrasiya mövzuları üzrə müzakirələrə qatılıb.

350 elm adamı və ekspertin geniş miqyasda iqtisadi məsələləri müqayisəli konteksdən mikro və makro səviyyədə müzakirə etmək üçün qatıldığı konqres sərgi ilə davam edib.

Konqres Avropa Müqayisəli İqtisadi Tədqiqatlar Assosiasiyaları (EACES), Müqayisəli İqtisadi Tədqiqatlar Assosiasiyası (ACES), Yapon Müqayisəli İqtisadi Tədqiqatlar Assosiasiyası (JACES), Koreya Müqayisəli İqtisadi Tədqiqatlar Assosiasiyası tərəfindən İtaliya Müqayisəli İqtisadi Tədqiqatlar Assosiasiyası (AİSSEC), İnkişafda olan Bazarların Tədqiqatı Cəmiyyəti (SSEM), Çin İqtisadçılar Cəmiyyəti (CES), Avropa Təkamülçü Siyasi İqtisad Assosiasiyası (EAEPE) və digər elmi assosiasiya və şəbəkələrlə əməkdaşlıqla təşkil edilib. Yerli təşkilatçı Sankt Peterburqdakı Ali İqtisad Məktəbi (HSE) Universiteti olub.

 

2639 2