UNEC magistrləri dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

24 FEVRAL 2016 | VIEWS:
2997

Fevralın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzində qiyabi təhsil üzrə magistr dissertasiyasının müdafiəsi keçirilib. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən müdafiənin gedişini təhsil mütəxəssisləri, valideynlər, QHT və KİV nümayəndələri izləyiblər.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, təhsil üzrə mütəxəssis Nadir İsrafilov, ölkənin tanınmış mətbu orqanlarının nümayəndələri və valideynlər müdafiə prosesini yaxından izləyiblər.

Müdafiədən sonra QHT və KİV nümayəndələri “Radio UNEC”in qonağı olublar. Müdafiə ilə bağlı sualları cavablandıran professor Şahlar Əsgərov magistrlərin biliyini yüksək qiymətləndirib. UNEC-də bakalavrların imtahan prosesində də iştirak etdiyini deyən Etibar Əliyev, müdafiənin yüksək səviyyədə olduğunu qeyd edib. Mövzuların dövrün iqtisadi paradiqmaları ilə səsləşdiyini və belə uğurlu müdafiə edən gənclərin Azərbaycan iqtisadiyyatında önəmli yerlər tutacaqlarını bildirib. Əliməmməd Nuriyev bakalavrların imtahanlarında olduğu kumu, müdafiədə də biliyin obyektiv qiymətləndirilməsi üçün yüksək şərait yaradıldığını və mövzuların bank sektoru ilə bağlı ən müasir tələblərə cavab verdiyini söyləyib. Təhsil üzrə ekspert Nadir İsrafilov imtahan prosesində şəffaflığın təmin edilməsinin ölkənin bank sektorunun inkişafında müsbət addım kimi dəyərləndirib.

2015/2016-cı tədris ilində müdafiəyə 122 magistr buraxılıb. Magistrlərin elmi işləri unec.edu.az saytında yerləşdirilib.

Dissertasiya müdafiəsi fevralın 17-də başlayıb və ayın sonunadək davam edəcək. Obyektivliyi və aşkarlığı təmin etmək məqsədilə müdafiə ictimaiyyətə açıq keçirilir.

2998 1