UNEC müəllimləri interaktiv tədrisi təşviq edəcək

09 FEVRAL 2016 | VIEWS:
2081

Fevralın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitet Sistemində İnteraktiv Təhsil” təlimində iştirak edən müəllimlərlə görüş keçirilib. İnteraktiv diskussiya və fikir mübadiləsi formasında keçən görüşdə təlim iştirakçılarının təəssüratları dinlənilib, onun faydaları və gələcək planları barədə müzakirələr aparılıb.

UNEC rektoru, professor Ədalət Muradov  “innovativ universitet” modelinin mahiyyətindən və prinsiplərindən danışıb. Tələbə-müəllim münasibətlərinin əhəmiyyətini önə çəkən rektor qeyd edib ki, bu baxımdan interaktiv tədris metodologiyasının tətbiqi və təşviqi prioritet məsələdir. Ə.Muradov “UNEC-də tədrisin təkmilləşdirilməsi istiqamətində hər kəsin təklifini və təşəbbüsünü dəyərləndirməyə hazırıq” – deyə bildirib. Rektor təlimlərdə iştirak edən müəllimlərin mənimsədiyi biliklərin əlavə azı iki nəfərə ötürülməsinin özünəməxsus səmərə gətirəcəyini vurğulayıb.

Müəllimlər Paris Sorbon Universiteti Abu Dabi professoru Florent Pratlongun təlimlərdəki təcrübə mübadiləsinin kifayət qədər faydalı olduğunu bildiriblər. Müəllim mərkəzli tədrisin tələbə mərkəzli sistemə keçidin UNEC-dəki mühiti ən qısa zamanda əhəmiyyətli dərəcədə təkmilləşdirəcəyi qeyd edilib. Əməkdaşlar arasında kommunikasiyaların yaranması ilə yeni ideya təkliflərinin ortaya çıxdığı da bildirilib.

Müəllimlər tədrisin keyfiyyətinin inkişafı üçün belə təlimlərin davamlı olmasını təklif ediblər.

Qeyd edək ki, Quba Tədris, İdman və İstirahət Kompleksində Paris Sorbon Universiteti Abu Dabi tərəfindən təşkil olunan təlimlərdə UNEC-in 100 müəllimi iştirak edib.

 

2082 1