UNEC müəllimləri respublika elmi konfransında çıxış edib

26 MAY 2016 | VIEWS:
2344

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorant və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, elm xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri, doktorant və gənc tədqiqatçılar iştirak ediblər. Hər il ənənəvi olaraq təşkil edilən konfrans bu dəfə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunub.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfrans gənclərə Azərbaycanın davamlı inkişafını təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşməyə, elmi biliklərini daha da zənginləşdirməyə imkan verir. C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib.

İki gün davam edən konfransda doktorant və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə üzrə məruzələr dinlənilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) doktorant və dissertantlarının çıxış etdiyi İqtisadiyyat bölməsindəki çıxışlar xüsusi maraqla qarşılanıb. UNEC-in gənc doktorant və dissertantları Ramil Cabbarov, Sevinc Abdullayeva, Anar Eyyubov və Rövşən Quliyev “Ali təhsil müəssisələrinin brend dəyərinin ölçülməsi prinsipləri”, “Yük daşıma xidmətlərinin idarə olunmasında İKT tətbiqi məsələlərinin aktuallığı”, “Azərbaycanda bazar iqtisadiyyatı şəraitində milli iqtisadi təhlükəsizlik” və “Qeyri-neft sektorunun inkişafında turizm sektorunun rolu” mövzularında məruzə ilə çıxış ediblər. Bölmənin sədri UNEC professoru Zahid Məmmədov və həmsədr ADNSU dosenti, İlham Rüstəmov çıxış edən məruzəçilərə araşdırma mövzuları üzrə tövsiyələrini çatdırıblar.

Konfransın materialları ADNSU tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək. Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxildir.

2345 1