UNEC tələbələri Böyük Britaniyada təhsil alacaq

16 YANVAR 2017 | VIEWS:
1992

1-DSC_6426Yanvarın 15-də UNEC-in Belnəlxalq Əlaqələr Departamentinin direktoru Anar Kazımov  “Erasmus+” mübadilə proqramında iştirak edən tələbələrlə görüşüb. Görüşə Fransanın Leon şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da bir semestrlik təhsil alan və Böyük Britaniyanın Leicester Universitetində təhsil imkanı qazanan tələbələr qatılıb.

CEFAM-da mübadilə proqramında iştirak edən tələbələr öz təəssüratlıarını bölüşüblər. Onlar hər iki universitetin təhsil prosesindəki oxşar və fərqli cəhətlərdən danışıblar. Mübadilə proqramının onlara verdiyi üstünlükləri diqqətə çatdırıblar.

Sonra Böyük Britaniyanın Leicester Universitetinə “Erasmus+” mübadilə proqramı ilə gedəcək tələbələr proqramdan gözləntiləri barədə fikirlərini bölüşüblər. Bildiriblər ki, onlar ixtisaslarını daha da təkmilləşdirmək,  beynəlxalq təcrübədən yararlanmaq üçün mübadilə proqramına müraciət ediblər.

Tələbələrlə mübadilə proqramı barədə fikir mübadiləsi aparan A.Kazımov bildirib ki, UNEC-in QS və Webometrics  kimi  beynəlxalq reytinqlərdə yer almasının nəticəsidir ki, bu gün İqtisad Universiteti dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi həyata keçirir. Departament direktoru Böyük Britaniyanın Leicester Universitetində təhsil alacaq tələbələrə öz tövsiyələrini verib. Bildirib ki, mübadilə proqramı tələbələrin mobilliyini təmin etməklə yanaşı, onların gələcək karyeralarında mühüm rol oynayır. Belə ki, gənclərin CV-də UNEC-lə yanaşı, Avropa universitetlərinin də adı yer alacaq. A.Kazımov tələbələrə təhsillərində uğurlar arzulayaraq, onları öz ölkələrini layiqincə təmsil etməyə, sosial tədbirlərdə aktiv olmağa, təhsil aldıqları ölkənin tarixi, mədəniyyətini dərindən öyrənməyə çağırıb.

1993 1