“YAP sıralarında birləşən yüz minlərlə insan Ulu öndərin ölməz ideyalarının davamçılarıdır”

10 NOYABR 2017 | VIEWS:
1968

UNEC-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyinə həsr olunan tədbir keçirilib.

Rus İqtisad Məktəbi, İqtisadiyyatTexnologiya və dizayn fakültələrinin professor-müəllim heyəti və tələbələri ilə görüşən YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, iqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalov YAP-ın yaranma tarixinə nəzər salaraq, onun inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolu barədə geniş məlumat verib.

YAP-ın yaranması ilə xalqın Ümummilli lider Heydər Əliyevin ətrafında daha da sıx birləşdiyini diqqətə çatdıran M.Zeynalov partiyanın 25 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşdığını qeyd edib. O, YAP-ın sıralarında birləşən yüz minlərlə insanın Ulu öndər Heydər Əliyevin ölməz ideyalarının davamçıları olduğunu vurğulayaraq, hakim partiyanın üzvləri arasında UNEC kollektivinin də təmsil olunduğunu və bu sayın ildən-ilə artdığını bildirib.

M.Zeynalov Ümummilli liderin siyasi xəttinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə Cənubi Qafqazda lider dövlətə çevrildiyini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına üzv olan UNEC tələbələrinə üzvlük vəsiqələri təqdim edilib.

1969 1