Səlim Müslümov: “UNEC mənim doğma universitetimdir”

23 NOYABR 2015 | VIEWS:
2765

“Arzu edərdim ki, qısa müddətdə UNEC-in adı dünyanın 100 ən güclü təhsil müəssisələri sırasında çəkilsin”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Radio UNEC-in qonağı olub. Radionun aparıcısı, Marketinq və Kommunikasiya departamentinin direktoru Rasim Şərifovun nazirdən götürdüyü müsahibəni təqdim edirik:

UNEC-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yaradılan Virtual müəssisə tələbələrimizin arzuladığı karyera imkanlarının qurulmasında hansı xidmətləri göstərə biləcək?
Əvvəlcə onu deyim ki, hər dəfə Azərbaycan Dövlət İqtisad Universitetinə gələndə gəncliyimə qayıdıram. Mən 1983-cü ildə Uçot Iqtisad fakultəsini bitirmişəm. Fəal tələbələrdən biri idim, o vaxt Lenin təqaüdü var idi, onu alırdım. Fakultənin Komsomol Təşkilat Katibi, sonra isə fakultə Tələbə Həmkarlar Komitəsinin sədri idim. Tələbə kimi bu divarlar arasında çox gözəl günlərim keçib. Sonra isə bir neçə il burada müəllimlik etmişəm. Bəlkə də həyatımın ən gözəl illəri o illər olub desəm, bunu səmimi qəbul edin və hər zaman da bu universitetə gələndə özümü çox xoş, çox rahat hiss edirəm. Bu gün universitetdə gördüklərim məni valeh etdi. Buna görə UNEC-in rektoru Ədalət müəllimə təşəkkürümü bildirirəm. Belə rektorunuz olan yerdə həqiqətən özünü xoş hiss etməmək mümkün deyil. Mən ona uğurlar arzu edirəm. UNEC-də başlanmış böyük islahatlar prosesində həmişə müəllim və tələbə heyətinin rektorun arxasında olmasını arzu edirəm. İnanıram ki, belə də olacaq. Bu islahat tədbirlərinin böyük hissəsi də tədrisin istehsalata yaxınlaşdırılması məsələləridir.
Bu gün hər bir müəssisə, o cümlədən təhsil müəssisəsi öz “məhsulunun” bazarda necə satılmasının qayğısına qalmalıdır. Bir nömrəli problem budur və təhsil müəssisəsinin “məhsulu” onun məzunlarıdır. Məzunların əmək bazarında necə yerləşməsi tədqiq olunmalıdır. Biz Təhsil Nazirliyi ilə bu istiqamətdə işlərə başlamışıq. Hazırda bizdə mövcud olan əmək müqavilələrinin elektron qeydiyyatı bazasına Təhsil Nazirliyinin çıxışını təmin edirik. Yəqin ki, onlar eyni zamanda Vergilər Nazirliyindən də fiziki şəxs kimi fəaliyyət göstərənlərin bazasına giriş əldə edirlər. Ola bilər ki, məzun muzdla işləməsin, özünə iş yaradıb, orada fəaliyyət göstərsin, nazirlik bunu da əldə edəcək. Amma hər halda ən vacib olanı muzdla işləyənlər sırasında neçə faiz məzunun yerləşməsidir. Dünyanın bütün universitetləri üçün bu, əsas göstəricidir. Burada da ən mühüm bir neçə məqam var ki, bunları biz ayrıca qeyd etməliyik.
Ölkə üzrə orta işsizliklik səviyyəsi 5% -dir. Əmək bazarında apardığımız tədqiqatlar göstərir ki, gənclərin arasında 15-29 yaşa qədər bu 9,7%-dir. Eyni zamanda bizdə bazada qeydiyyata alınmış aktiv əmək müqavilələrinin neçə faizi həmin yaşda olan gənclərə məxsusdur. Cəmi 21%. Halbuki, ölkə əhalisinin 28%-i bu yaşda olan gənclərdir. Deməli, gənclərin işsizliyinin yuxarı olması ayrıdır. Bunun səbəbləri nədir? Hansı səbəblər var ki, onlar ortadan qaldırılmalıdır? Səbəblərdən birincisi araşdırmalarımız nəticəsində ortaya çıxdı. Gənclərin nəzəri biliklərini real əmək bazarında gerçəkləşdirmək imkanları aşağıdır. İşəgötürən onları dinləyərkən təcrübə haqda soruşarkən, dərhal ilişib qalırlar. Nəzəri bilikləri var. Amma təcrübədə bunu necə tətbiq etmək olar? Təcrübəni görməyiblər axı. Bu halda işəgötürən təcrübə suallarını cavablandıranlara üstünlük verir. Beləliklə gənclər ikinci planda qalır. Orada üç əsas amil var idi. Birincisi bu idi. Onu aradan qaldırmaq üçün tələbələrin nəzəri bilikləri əldə etdikləri dövrdə, eyni zamanda təcrübədə nə baş verdiyini görmələrinə ehtiyac var. Bunun isə ən yaxşı yolu dünyada da qəbul olunduğu kimi, virtual müəssisələrin qurulmasıdır. Biz 2014-cü ilin iyun ayında bu prosesə start verəndə düşündük ki, birinci UNEC-də Virtual müəssisə qurulmalıdır. İkincini isə Xəzər Universitetində qurduq və artıq ilk bəhrələri gördük. Doqquz tələbə “PEN İnternational” şirkətinin sertifikatını əldə edib. Onlardan artıq işə düzələnlər də var. Bu, böyük nailiyyətdir. Yəni, oradan sertifikat alan gənclərə əmək bazarında yerləşmək üçün əlavə bir stimul, güzəşt ortaya qoyulur. Bu da çox vacibdir.
Virtual müəssisələr bir növ xüsusi bir nağıl iş dünyasıdır, yəni həm var, həm yoxdur. Bu gün dünya üzrə bu şəbəkədə 7500-dən çox virtual müəssisə qeydiyyata alınıb və hamısı bir-biri ilə əlaqəyə girə bilirlər. Virtual müəssisənin açılışında birbaşa bizim şahidliyimizlə bir tələbə Finlandiyadan olan həmkarı ilə əlaqə yaradıb, alış-veriş etdilər, orda qiymətlərdə discount (endirim) etdilər, yəni müəyyən qədər qiymətin aşağı salınması, vergiləri danışdılar, üstünə nələr gələcək, nə qədər artacaq, bundan nə qədər discount olacaq və s. Sabah bu tələbə əmək bazarına çıxanda və məsələn, bank işi üzrə “bankların likvidliyi nədir?” sualına ümumi cavab verməyəcək. Artıq konkret deyə biləcək ki, bankların likvidliyini müəyyən etmək üçün hansı işləri görmək, hansı hesablara baxmaq lazımdır və s. Əlbəttə, işəgötürən də bunları görəndən sonra onun hazır kadr olduğunu görəcək.
Virtual müəssisənin açılış mərasimində cənab rektor da söylədi ki, biz bu təcrübəni digər korpuslarımıza da tətbiq edəcəyik. Yəni, universitetin digər korpuslarında da virtual müəssisələr olacaq. Mən elə düşünürəm ki, bura çox böyük axın olacaq, tələbələr istəyəcəklər ki, orada özlərini işləyən kimi hiss etsinlər, əlaqələrə girsinlər, mal alsınlar, mal satsınlar, xidmət göstərsinlər və s. Artıq özlərini işə hazır hiss etsinlər və buna görə də bugünki tədbirin önəmi çox böyükdür. Bu prosesin önəmi onunla ölçülür ki, təhsil naziri də burda iştirak etdi. Çünki cənab nazir təhsilin bir parçası kimi bu məsələyə çox böyük önəm verir. Bütün bunlar bizə ümid verir deyək ki, biz əmək bazarında gənclərin məşğulluq səviyyəsinin artırılması istiqamətində böyük addımlar ata biləcəyik.
– Hörmətli Səlim müəllim, universitetimizi gördünüz. Əsas niyyətimiz UNEC-i nüfuzlu ali məktəblər sırasında görməkdir. Bununla bağlı müəyyən layihələr icra olunur, islahatlar aparılır. Bilmək istəyərdik, universitetimiz kənardan necə görünür?
Sadə bir müqayisə aparım. Gəlin Azərbaycan hökümətinin üzvləri arasında UNEC-i bitirənlərin xüsusi çəkisini müəyyən edək. Hər halda, birinci yerdə olacaq. Adlarını saymaq istəmirəm, yəni görəcəksiniz ki, dünən də, bu gün də, yəqin ki, sabah da universitetin məzunlarına cəmiyyətdə ən böyük tələbat olacaq. Adi bir məsələni deyim. Üç işçisi olan bir müəssisəyə belə ən azından mühasibatlığı aparmaq üçün bir işçi lazımdır. Tərif üçün demirəm. Amma bu gün bizdə belə bir fikir formalaşıb ki, hər hansı bir sahəni idarə etmək üçün mütləq iqtisadçı olmaq lazımdır. Yəni, iqtisadi biliklər mütləq olmalıdır. Adi misal, götürək kənd təsərrüfatı nazirini. Cənab Prezident Heydər Əsədovu kənd təsərrüftı naziri təyin edəndə hamı dedi ki, Kənd Təsərrüfatı… Bu gün baxaq, görək kənd təsərrüftı sahəsində nələr baş verir. Bu yaxınlarda biz cənab nazirlə söhbət etdik, mən bir daha inandım ki, əsas olan idarəetmə bacarığı və iqtisadi biliklərdir. İqtisadçı hansı sahəni desən idarə edə bilər. İqtisadçı həmin sahəni qisa müddətdə öyrənəcək və sonrası onun əlindədir. Ona görə də iqtisadiyyat sahəsində məzunları əmək bazarına verən bir universitet kimi bu gün UNEC əvəzedilməzdir və onun bu gün əldə etdiyi uğurlara təbii ki, ən çox sevinənlərdən biri mənəm. Çünki mən hər zaman özümü burada hiss edirəm. Bu insanın özündən asılı deyil. İstənilən saytı, ya qəzeti açırsan və UNEC-i görən kimi mütləq onu oxumalısan. Özündən asılı deyil, daxildən gəlir. Çox şükürlər olsun ki, bu gün artıq bu universitetin divarları arasında vaxtilə bizim həsrətlə adını çəkdiyimiz London İqtisadiyyat Məktəbinin auditoriyaları var. Digərlərinin də var, mən birinin adını çəkdim, çünki dünyada sözünü demiş ali təhsil ocağıdır. Bildiyiniz kimi, LSE məzunları 90-100% işlə təmin olunanlardır. Ona görə də bu, çox sevindiricidir.
Elə düşünürəm ki, universitetin maddi-texniki bazası artıq tamamilə formalaşıb və əsas məsələ burada əldə olunan nəzəri biliklərin çox sürətli şəkildə artıq UNEC-in divarları arasında istehsalatda təcrübəyə axıdılmasıdır. Bunun üçün də virtual müəssisələr və digər formalar əsas rol oynaya bilər. Mən bir daha Ədalət müəllimi bu uğurlara görə təbrik edirəm. Düşünürəm ki, qısa müddətdə UNEC nəinki Azərbaycanda, MDB-də, Avropa məkanında da, dünya təhsil müəssisələri arasında öz adını göstərəcək. Arzu edərdim ki, qısa müddətdə UNEC-in adı dünyanın 1000, sonra 500, sonra 200, daha sonra isə 100 ən güclü təhsil müəssisələri sırasında çəkilsin.
– Bildiyimizə görə, siz həm də yaxşı müəllim olmusunuz. Bilmək istərdim, professor Səlim Müslümov elmi və pedoqoji fəaliyyətdən ötrü darıxmayıb ki?
Mən bu gün də elmi pedoqoji fəaliyyətimi davam etdirirəm. Düzdür, başqa universitetdə kafedra müdiriyəm. Amma Ədalət müəllim Virtual müəssisənin açılışında mənə bir təklif etdi, yəqin ki, o təklif üzərində düşünəcəm. Auditoriyaya girmək üçün darıxıram. Az öncə bir neçə auditoriyaya girdik və bir auditoriyada artıq tələbələr oturmuşdular. Ürəyimdən keçdi ki, kaş mənim də belə tələbələrim olaydı. Hamısının qarşısında notebooklar, gözəl şərait, hər birinin 180 dərəcə fırlana bilən oturacaqları, çünki arxada, öndə də löhvədə yazılar yazılır. Hər biri 180 dərəcə fırlanıb hər yerə baxa bilirlər və bütün elektron vasitələr də əllərinin altında hazırdır, müəllimlə gözəl təmas qura bilirlər. Əlbəttə, biz 80-ci illərin sonu, 90-cı illərin əvvəllərini xatırlayanda 20-25 il ərzində bu qədər böyük dönüş olacağını təsəvvürümüzə gətirmirdik. Ona görə də mən bu uğurların daha da artırılmasını arzu edirəm.
– Cənab nazir, icazənizlə sonuncu sualımızı vermək istərdim. Universitetin koridorunda məzunlar lövhəsi var. Adətən tələbələr onu vərəqləyəndə görürlər məzunlarımızdan biri məsələn, Səlim Müslümovdur. Hər halda oturub düşünürlər, istəyirlər ki, Səlim müəllimin yerində olsunlar. Bu istəklərini reallaşdırmaq istəyən tələbələrimizə arzularınız nədən ibarətdir?
– Əvvəldə bu haqda bir az danışdım. Fəal həyat mövqeyi olmalıdır. Mən orta məktəbdə artıq fəal həyat mövqeyini nümayiş etdirirdim. Bizim çox gözəl bir atalar məsəlimiz var: Allah buyurub, səndən hərəkət, məndən bərəkət. Hərəktdə olan fəal insanın mövqeyi mütləq öz əksini tapır. O qiymət ortaya qoyulur. Həm də mən sizə bir şey deyim. Tələbələr bilməlidir ki, İlham Əliyev iqtidarında əməyə, biliyə, cəsarətə, vətənə xidmətə, vətənə sədaqətə qiymət verilir. Mən bunu ən sadə bir kənd uşağı kimi öz həyatımda, təcrübəmdə görmüşəm. Mən Ağsunun Pirhəsənli kəndində anadan olmuşam, orda böyümüşəm. Qoyun otarmışam, açıq deyirəm, bütün təsərrüfat işlərini görmüşəm. Böyük ailə olmuşuq, 6 uşaq, ata, ana və hamımız bütün təsərrüfat işlərini yerinə yetirmişik. Eyni zamanda da oxumuşuq! Bizim evimizdə ən çox olan şey kitab idi və gecə-gündüz kitabın içində itib batırdıq. Mənim atamın həyatda ən çox sevdiyi şey kitabdır. O vaxt Ağsuda “Birlik” qəzeti çıxırdı. Orda hətta müsahibə götürüb, kitab professoru adı vermişdilər və orta məktəbdə də Komsomol Təşkilatı katibi olmuşam. Birinci sinifdən sonuncu sinifə qədər əlaçı oxumuşam. Çox gözəl riyaziyyat gecələri keçirirdik, daima aktiv həyat mövqeyi var idi. Sonra bu ali məktəbə qəbul olundum. O vaxtlar Lenin Təqaüdü var idi, universitetdə iki nəfərə verilirdi, onun biri mən idim. Sonra Komsomol Təşkilatı katibi, Tələbə Həmkarlar Təşkilatının sədri oldum. Eyni zamanda, akt zalında çox gözəl gecələr keçirirdik. Aşağıdakı yeməkxanada viktorinalar, bilik gecələri, şair və yazıçılara həsr olunan gecələr təşkil edirdik. Bunları həmişə bir qrup fəal tələbə edirdi. Bu gün onların çoxunu tanıyıram, hamısının da fəal həyat mövqeləri var və bu gün hər biri cəmiyyətdə tanınan insanlardır. Bizim İlham Əliyev kimi bir prezidentimiz və potensial imkanları açmaq üçün real şəraitimiz var. Mən özümü misal çəkdim, gördünüz. Bu gün UNEC-in indiki şəraitini gördüm. Bu şəraitlə o dövrdən 100 qat artıq fəal mövqe nümayiş etdirmək olar və kim fəal həyat mövqeyi nümayiş etdirəcəksə, təbii ki, o da gəlib nazir, komitə sədri olacaq, digər vəzifələri tutacaq. Burada heç bir məhdudiyyət yoxdur.Mən elə düşünürəm ki, rektorunuz Ədalət müəllim də eyni mənim taleyimi yaşayıb. O da kənddə doğulub, böyüyüb və gəlib belə bir universitetin rektoru olub. Nəyin hesabina?! Daima çalışmağın, real, aktiv həyat mövqeyi ortaya qoymağın hesabına! Yəni, burada konkret insandan söhbət getmir, həyat mövqeyindən söhbət gedir. Mən bütün tələbələrimizə demək istəyirəm ki, bu universitetin məzunları hökümətdə həddindən artıq çoxdur. Çünki bu universitet, vaxtilə ölkədə də ən fəal mövqe nümayiş etdirən tələbələrin, müəllimlərin məcmusundan ibarət idi və bu gün bu, daha artıq şəkildə davam etdirilir. Ona görə, mən həm rektora, həm tələbələrə uğurlar arzu edir və tələbələrimizə fəal həyat mövqeyi nümayiş etdirmələrini tövsiyə edirəm.

2766 1