Tanınmış təhsil ekspertindən UNEC Kitabxana İnformasiya Mərkəzinə hədiyyə

09 OKTYABR 2019 | OXUNUB:
17

Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) 24/7 kitabxanasında UNEC İctimai Nəzarət Şurasının koordinatoru, “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış təhsil eksperti Etibar Əliyevlə görüş keçirilib.

UNEC tələbələri ilə keçirilən görüşdə Etibar Əliyev bildirib ki, dünyanın aparıcı universitetlərinin çox böyük kitabxanaları vardır ki, fonduna milyonlarla nəşrlər, eləcə də elektron resurslar daxildir və bu fondlardan onlayn istifadə etmək də mümkündür. Ancaq bu günə qədər canlı kitabla ünsiyyəti heç bir alternativ vasitə əvəz edə bilməyib. Buna görə də profilindən asılı olmayaraq, universitet kitabxanası çox zəngin olmalıdır. Bu, tələbələrin hərtərəfli inkişafı, onlarda tənqidi təfəkkürün, kreativ düşüncənin formalaşması üçün olduqca böyük əhəmiyyət kəsb edir. Etibar Əliyev UNEC 24/7 kitabxanasının bu baxımdan əla nümunə olduğunu vurğulayıb. Burada oxucuların rahat mütaliə etmələri üçün bütün şərait yaradılıb. Universitet kitabxanası həm də, tələbələrdə onların şəxsi kitabxanasının yaradılmasına motivasiya verir. Belə səliqəli kitabxanalar tələbələrin daha yaxşı təhsil almaları, öz ixtisaslarını dərindən mənimsəmələri ilə yanaşı, həm də onların geniş və hərtərəfli biliklərə yiyələnməsinə yardımçı olur.

Etibar Əliyev qeyd etdi ki, kitabxanaların zənginləşdirilməsində universitet rəhbərliyi ilə yanaşı, tələbələr və digər maraqlı şəxslərin də iştirakı təqdirəlayiq olardı: “Bunun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, sonrakı nəsillər oxuyan nəsil olsun, sağlam ruhda, savadlı, intellektual, vətənpərvər, mənəvi-estetik cəhətdən zəngin böyüsün”.

Görüşdə Etibar Əliyev dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunan 20-dən çox kitabını UNEC Kitabxana informasiya mərkəzinə hədiyyə edib. Hədiyyə olunan kitablar arasında F.Rable, V.Hüqo, C.B.Şou, M.Tven, V.Skott, V.Gete, O.Henri, H.Mann, C.Qolsuorsi kimi ingilis, alman, fransız, amerikan ədəbiyyatının görkəmli nümayəndələrinin seçilmiş əsərləri, eləcə də “Dünya dramaturgiyası antologiyası”, “Antik ədəbiyyat antologiyası”,  “Alman ədəbiyyatı antologiyası” kimi əsərlər yer tutur.

Tədbirdə UNEC Kitabxana informasiya mərkəzinin direktoru Adilə Abdullayeva Etibar Əliyevə mərkəzin fonduna hədiyyə etdiyi kitablara və fondun zənginləşdirilməsində yaxından iştirak etdiyinə görə minnətdarlığını bildirib. Eyni zamanda bu təşəbbüsün digər ziyalılarımız üçün bir çağırış olacağına əminliyini vurğulayıb.

Oxucular UNEC Kitabxana informasiya mərkəzinə müraciət etməkləhəmin ədəbiyyatlarla yaxından tanış ola bilərlər.

<a href =”http://news.unec.edu.az/xeber/105-telebe/5715-bold-red-taninmish-tehsil-ekspertinden-unec-kitabxana-informasiya-merkezine-hediyye-bold-red></a>

18 1