Tolğa Özpolat: “OTDÜ və UNEC birgə texnopark yarada bilər”

07 OKTYABR 2015 | VIEWS:
732

Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) Texnoparkının direktor müavini Tolğa Özpolatın unec.edu.az saytına müsahibəsi:

– Tolğa bəy, yüksək texnologiyaların istehsalı ilə məşğul olan texnoparkların Türkiyə təcrübəsi haqda məlumat verərdiz. Orta Doğu Texniki Universitetində bu sahədə hansı yeniliklər var?

– Texnoparklar əslində sənaye ilə universitet arasında məlumat mübadiləsi əsasında araşdırmalar aparır. Onlar məlumat yönümlü iqtisadiyyatın əsasını təşkil edir. Texnoparklar  yüksək texnologiyaya malik, çox gəlir  gətirən və az əmək sərf olunan texnologiyaların daha da inkişaf etdirilərək, ixrac olunmasını təmin edir. Başqa sözlə desək, texnoparklar yeni ideyaların formalaşdırmaqla, onun tətbiqi və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu məkandır. Texnoparklar insan kapitalını sürətli inkişaf etdirən və yüksək texnologiyaları istehsal edən qurumdur. Bu isə ölkə iqtisadiyyatının yüksək gəlir gətirməsinə təkan verir.

Bu gün Türkiyədə 64 təsdiqlənmiş texnopark var. Onların 49-u  aktivdir. Bəzi bölgələrdə isə bu çox yenidir. Bizim texnoparklar kimi, tarixi 1980-cu illərə qədər gedib çıxan teknoparklar da var. Onlar artıq müəyyən bir səviyyəyə çatıblar. ODTÜ texnoparklarla bağlı çox büyük təcrübəyə malikdir. Texnoparkımızda 304 şirkət var və onların hər biri texnologiyaya əsaslanan layihələr üzərində çalışırlar. İndiyə qədər həyata keçirdiyimiz ixrac təxminən 750 milyon dollar olub.

– Ölkə iqtisadiyyatında texnoparkların rolunu necə qiymətləndirirsiz ?

– Texnoparkların iqtisadiyyata təsiri birbaşa texnologiyadan istifadə ilə əlaqəlidir. Teknoparklar iqtisadiyyatda, xüsusilə kiçik və orta  müəssisələrin iqtisadiyyatında nəticələri texnoloji məhsulların çıxması ilə əldə edir. Yəni, ixrac idxaldan üstün olarsa iqtisadiyyat müvəffəqiyyətli görünər. Amma siz sadəcə texnologiyanı inkişaf etdirən ölkələr üçün məhsul istehsal etsəniz öz ölkənizdəki qaynaqlarınızı həmin şirkətlər üçün sərf etmiş olursunuz. Bunun əsas nümunələrindən biri Çindir.  Məsələn, Çin “iPhon”u istehsal edir, gəlirinin yalnız bir faizi Çində qalır, 99%-i isə texnologiyanı inkişaf etdirən tərəfə – ABŞ-a gedir. Teknoparklar həmin 99% gəliri əldə etməyə namizəd şirkətləri yaratmaq üçün mövcuddur.

– Azərbaycanda texnoparkların yaradılması üçün hansı imkanlar mövcuddur?

– Azərbaycana ziyarətimin məqsədi də texnoparkların burada tətbiqolunma mexanizmi ilə əlaqədardır. Texnoparkların tətbiqi üçün Azərbaycanda çox əlverişli şərait var. Xüsusilə, yeni sahibkarlar üçün geniş imkanlar görürəm. Bazar imkanlarından istifadə edə biləcək yeni sahibkarları yaratmaq üçün isə əsaslı araşdırma sahəsində universitlərinizdə çox böyük güc var. Bu ikisini bir araya gətirməyə nail ola bilsək, çox sürətli bir inkişaf görəcəyik. Azərbaycanda tətbiqi ilə bağlı hələ bir söz söyləyə bilmərəm. Səfərim çərçivəsində müxtəlif qurumlarla görüşlərim oldu. Hər birinin çox dəyərli fərqli fikir və gözləntiləri var.

– Texnopakların yaradılmasında hansı təşkilatlarla əməkdaşlıq etməyi düşünürsünüz?

– Görüşdüyüm qurumlar arasında əsaslı araşdırmalar aparan universitetlər üstünlük təşkil edir. Fikrimcə, bu universitetlərin bir-biri ilə daha çox ünsiyyətdə olması, koordinasiya edilməsi lazımdır. Əgər bütün güclər birləşərsə böyük nailiyyətlər əldə etmək mümkün olacaq. Azərbaycanda müstəqil fəaliyyət göstərən, araşdırmalar aparan çox güclü akademik strukturlar var. Vacib olanı odur ki, bu strukturlar birləşərək araşdırmalarını gəlir gətirən bir sahəyə çevirə bilsinlər.

– UNEC-in bu sahədə rolunu necə dəyərləndirirsiniz?

-UNEC-in rektoru, professor Ədalət Muradovun Türkiyəyə səfəri zamanı ODTÜ-nun rektoru, professor Ahmet Acarla da görüşləri olub. İki universitet arasında əməkdaşlığın müxtəlif sahələri üzrə müqavilə imzalanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin çox böyük imkanları olduğunu düşünürəm. Biz texnoparklarla bağlı sizin universitetlə əməkdaşlıq etməyə hazırıq. Bununla bağlı universitetinizdə görüşlər keçirmişəm. Rektor Ədalət Muradovla görüşdə də universitetlərimiz arasında mövcud əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarından danışmışıq. Rektoru universitetimizin texnoparkını ziyarət etməyə dəvət etmişəm. Ə.Muradov geniş texnopark təcrübəsinə malik ODTÜ ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. İnanıram ki, UNEC texnoparkların yaradılmasında mühüm rol oynayacaq.

733 1