Uğurlu əməkdaşlığın yeni konturları: UNEC və Montpellier Universiteti

06 SENTYABR 2017 | OXUNUB:
319

Fransanın Montpellier Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,  professor Fransua Henn UNEC-də olub.

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Anar Kazımov, UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Lalə Əhmədova ilə görüşən qonaq UNEC-də olmaqdan məmnunluğunu bildirib. Professor F.Henn ötən il UNEC-in rektoru, professor Ədalət Muradovun Montpellier Universitetinə səfərinin maraqla qarşılandığını və əməkdaşlıq üçün geniş perspektivlər açdığını qeyd edib. Təmsil etdiyi ali təhsil müəssisəsinin UNEC-lə bütün istiqamətlərdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan qonaq ikitərəfli əlaqələrin inkişafından, xüsusilə ikili diplom proqramına olan marağın artmasından məmnunluğunu bildirib. Yeni tədris ilində birgə proqramın ilk məzunlarının olacağını əlamətdar hal kimi qeyd edib. Montpellier Universitetində son zamanlar reallaşdırılan layihələr haqqında məlumat verən professor Fransua Henn həmin layihələrə UNEC-in böyük tövhə verəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “NİZAMİ” (Azərbaycanda doktorantura təhsilinin təhmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması) Erasmus+ layihəsinin əhəmiyyətindən bəhs olunub.

Sonra Montpellier Universiteti ilə yeni əməkdaşlıq istiqamətləri haqqında ilkin razılıq əldə edilib. UNEC Biznes Məktəbi ilə Executive MBA proqramı, uzunmüddətli birgə tədqiqatların  dəstəklənməsi,  sahibkarlıq təhsili sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, ekologiya, ətraf mühit və  iqtisadiyyat üzrə birgə layihələrin işlənməsi və digər mövzular barədə fikir mübadiləsi aparılıb.

320 1