İqtisadi elmi tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu mərkəzlərindən biri UNEC-lə əməkdaşlıqda maraqlıdır

17 DEKABR 2019 | VIEWS:
993

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda elmi seminar keçirilib.

Tədbirdən öncə seminarda əsas məruzəçi olan Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb. Görüşdə hər iki elm müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılaraq, əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.

Sonra UNEC-in professor-müəllim heyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmilərinin, dövlət qurumlarının rəhbərlərinin, biznes nümayəndələri və elm adamlarının iştirakı ilə dəyirmi masa işinə başlayıb.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru, Professor Zahid Məmmədov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edib. O, müvafiq istiqamətdə elm-təhsil-biznes vəhdətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, UNEC-də elmin və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə elmi tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov seminarda geniş məruzə ilə çıxış edib. O, alkoqollu içkilərin satışı ilə bağlı tətbiq olunan vergi siyasəti, kölgə iqtisadiyyatı ilə mübarizə, dövlət və özəl sektorlar arasında əməkdaşlıqda beynəlxalq təcrübədən danışıb.

İqtisadiyyat Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva isə  çıxışında ölkədə vergilər sahəsində həyata keçirilən islahatlardan danışıb. Mikro və makro sahibkarlığın inkişafında vergilərlə bağlı tətbiq olunan stimullaşdırıcı tədbirlər, KOS subyektlərinə dövlət dəstəyi, onların klasterləşdirilməsi barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə vergi siyasətində konkret istiqamətlərin müəyyən edildiyini bildirib, həyata keçirilən islahatların, həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət etdiyini vurğulayıb.

Auditorlar Palatasının sədri prof. Vahid Novruzov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti prof. Məmməd Musayev, Bakı Tekstil Fabrikinin direktoru, Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva elmi seminarın böyük əhəmiyyət daşıdığını bildirib, maraqlı təkliflərlə çıxış ediblər.

Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev təqdimatla çıxış edərək, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Həmçinin Azərbaycan hökumətinin iqtisadi əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirərək, dövlət və özəl sektorlar arasında səmərəli əlaqələrin qurulduğunu bildirib.

Elmi seminar müzakirələrlə davam edib. Dövlət orqanlarının yeni məcəllələrinin hazırlanmasında elmi müəssisələrin yaxından iştirakının vacibliyi, vergi hüquqpozmalarında beynəlxalq təcrübənin öyrənilməsi, startap layihələrinə güzəştli vergilərin tətbiqi və digər təkliflər səsləndirilib.

http://news.unec.edu.az/xeber/100-elm/6001-bold-red-unec-de-sahibkarligin-inkishafinda-vergi-siyaseti-muzakire-olunub-bold-red

994 1