UNEC-də seminar: “Xərçəng ölüm deyil!”

21 FEVRAL 2017 | VIEWS:
2106

UNEC-in İqtisadiyyat fakültəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan “Xərçəng ölüm deyil!” adlı layihəsinin növbəti seminarı keçrilib.

Fakültə dekanı, dosent Asiman Quliyev layihənin əhəmiyyətindən danışaraq, gənc nəslin bu barədə maariflənməsinin əhəmiyyətini vurğulayıb. Seminarın UNEC-də təşkil edilməsinin təşəbbüskarı “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının baş müəllim İsmayıl İsmayılov xərçənglə mübarizə yollarının daha geniş auditoriyaya çatdırılmasına xidmət edən layihələrin önəmini qeyd edib.

Layihə rəhbəri Zərxanım Ağayeva bildirib ki, insanlar bir çox hallada məhz məlumatsızlıqdan xərçəng xəstəliyinə tutulur. Bu  xəstəliyə tutulan  bir çox insanlarda isə gələcəyə ümidsizlik yaranır, depressiyaya düşürlər. Halbuki, xərçəngə tutulmaq heç də son deyil. Bu gün bu xəstəliyin də müxtəlif üsullarla müalicəsi həyata keçriliir. Ona görə də biz layihə çərçivəsində seminar iştirakçılarına insanların həm bu xəstəliyə tutulma riskini maksimum azaltması üçün nə etməli olduqları, həm də xərçəng xəstəliyinin müalicəsi ilə bağlı məlumat vermək istəyirik.

Tibb Universitetinin Onkologiya Şöbəsinin həkimi Nərmin Əhmədli xərçəng xəstəliyinin yaranma səbəbləri, özünü necə biruzə verməsi, xərçəngə tutulma riskini artıran hallar, qidalar, zərərli vərdişlər barədə geniş məlumat verib. Təqdimatla insanın müxtəlif orqanlarında xərçəng xəstəliyinin yaranmasının əlamətlərini nümayiş etdirib. Sonra isə xərçəng xəstəliyinin müalicəsində istifadə olunan  müasir  metodlardan söz açıb.  Bildirib ki, Azərbaycan dövlətinin dəstəyi ilə onkoloji xəstəxanalarda xərçəng xəstəliyinin müalicəsi üçün hər cür şərait yaradılıb, müasir avadanlıqlar gətirilib. N.Əhmədli vaxtında aşkarlandıqda xərçəng xəstəliyinin tam və daha asan müalicə olunduğunu bildirdi. Konkret faktlarla gec müraciət edən xəstələrin də müalicəsinin mümkün olduğunu qeyd etdi.

Sonra həkim-onkoloq tələbələrin suallarını cavablandırıb.

 

2107 3