Vergi amnistiyası vergi yükünü azaldacaq və iqtisadi aktivliyi artıracaq – UNEC eksperti

23 DEKABR 2016 | VIEWS:
1402

apa.tv

“Vergi amnistiyası vergi ödəyiciləri tərəfindən bəyan edilməmiş, yəni vaxtında ödənilməmiş vergilərin könüllü olaraq dövlət büdcəsinə ödəməklə dövlət tərəfindən müəyyən məsuliyyət tədbirlərinin görülməyəcəyi barədə zəmanətin alınması başa düşülür. Vergi amnistiyalarının müxtəlif növləri mövcuddur. Bu həm dövlət, həm də yerli idarəetmə orqanları səviyyəsində aparıla bilər. Vergi amnistiyasının təsiri altına müxtəlif borclar düşür. Birinci, bu borclar vergi ödəyiciləri tərəfindən vaxtında ödənilməyən borclardır ki, buna görə vergi orqanları tərəfindən faizlər hesablanıb və maliyyə sanksiyaları tətbiq olunub. İkinci halda isə vergi ödəyiciləri tərəfindən əvvəldən bəyan olunmamış sonradan könüllü olaraq hesablanmış məbləğlərin amnistiyasından söhbət gedir”.

Bunu “Sosium” proqramının qonağı, Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının professoru Yaşar Kəlbiyev deyib. Onun sözlərinə görə, vergi amnistiyası siyasəti əhəmiyyətinə görə müxtəlif mövqelərdən, vergi ödəyiciləri və dövlət baxımından qiymətləndirilir: “Vergi ödəyiciləri özlərinin borclarını ödəməklə həm əmlakını, həm də gəlirlərini leqallaşdıra bilərlər və daha sərbəst, vergi intizamına əməl etməklə sərbəst fəaliyyət göstərə bilərlər. Dövlət üçün əhəmiyyəti ondan ibarətdir ki, bu halda dövlət büdcəsinə vəsaitlər təmin olunur. Vergi ödəyicisi bir daha vergi borcunun yaranmaması üçün tədbirlər görməli olur”.

Y.Kəlbiyev əlavə edib ki, dünyanın bir çox ölkəsində də vergi amnistiyaları tətbiq olunur. Onun fikrincə, vergi amnistiyaları tətbiq olunan zaman dövlət tərəfindən məsuliyyət tədbirlərinin görülməyəcəyi barədə zəmanət verilməli, kommersiya və vergi sirri qorunmalı, eləcə də birdəfəlik xarakter daşımalıdır. Y.Kəlbiyev qeyd edib ki, vergi amnistiyaları vergi ödəyicilərinin vergi orqanlarına, dövlətə inamını daha da artırır və onların fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsini ciddi sənəd adlandıran Y.Kəlbiyev sahibkarlığın inkişafını stimullaşdırmağa, əlverişli biznes mühitinin formalaşmasına və vergi yükünün azaldılmasına xidmət edəcək: “Aydındır ki, müəyyən vergi borclarından azad olan sahibkarların sərəncamında sərbəst vəsaitləri qalır və nəticədə onlar öz işgüzar fəallığını artırır. Vergi borcları vaxtında və tam həcmdə ödənilmədikdə vergi qanunvericiliyində müəyyən müddəalar nəzərdə tutulub. Bu müddəalar da ondan ibarətdir ki, borcunu ödəməyən vergi ödəyicilərinə müəyyən məhdudiyyət tədbirləri – bank hesablarına sərəncam qoyulması, əmlaklarının qeydə alınması və vergi borcunu ödəmək üçün açıq hərrac yolu ilə satılması nəzərdə tutulur. Bu isə vergi ödəyicilərinin maliyyə fəaliyyətinə, iqtisadi fəaliyyətinə təsir edir. Eyni zamanda, vergi ödəyicisinin inzibati yükünü artırır. Bu baxımdan sözügedən qanun layihəsi bu məsələlərin tənzimlənməsinə və vergi yükünün azaldılmasına xidmət edir”.

Y.Kəlbiyev qeyd edib ki, qanun layihəsi qəbul olunacağı təqdirdə sahibkarların sərəncamında qalan kifayət qədər dövriyyə vəsaitləri onların iqtisadi aktivliyini artıracaq: “ Burada vergi borclarına hesablanmış faizlərin və maliyyə sanksiyalarının silinməsindən söhbət gedir. Birinci halda, yəni vergi borcları ilə əlaqədar yaranan faizlər istisnasız olaraq silinəcək. İkinci halda maliyyə sanksiyalarının tərkibindən asılı olaraq Vergi Məcəlləsinin 58.7-ci maddədə nəzərdə tutulan vergi sanksiyaları, bu daha çox nağd əməliyyatların aparılması qaydalarının pozulmasına görə nəzərdə tutulan maliyyə sanksiyalarıdır ki, bunun da məbləğindən asılı olmayaraq silinməsi nəzərdə tutulur. Eyni zamanda, Vergi Məcəlləsində 58-ci və digər maddələrində nəzərdə tutulmuş maliyyə sanksiyalarının isə müəyyən ardıcıllıqla silinməsi nəzərdə tutulur. Başqa sözlə, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək”.

1403 1