UNEC Elmi Şurasının daimi komissiyaları yaradılıb

18 İYUL 2016 | VIEWS:
1128

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi Şurasının daimi komissiyaları yaradılıb. Daimi komissiyaların yaradılmasında məqsəd Elmi Şuranın işinin səmərəliliyini artırmaq, qərarların hazırlanmasında yüksək ixtisaslı mütəxəssislərin geniş dairəsinin iştirakını təmin etməkdir.

Elmi Şurada beş daimi  komissiya fəaliyyət göstərəcək. Bunlar Təhsil və elmin vəhdəti, Sosial məsələlər, Attestasiya, Əmək bazarı ilə əməkdaşlıq və Təhsilalanlarla iş üzrə komissiyalardır.

Daimi komissiyaların qarşısında duran əsas məsələlər Elmi Şura iclaslarına çıxarılan məsələlərin, yaranan vəziyyətin təhlili, təkliflər, tövsiyələr və tədbirlər, Elmi Şura qərarlarının yerinə yetirilmə müddəti və qərarın yerinə yetirilməsi üçün məsul şəxslərin göstərilməsi ilə qərar layihələrinin hazırlanması da daxil olmaqla, öncədən nəzərdən keçirilməsindən ibarətdir. Şura iclaslarına çıxarılan məsələlər bir qayda olaraq əvvəlcə müvafiq komissiyalar tərəfindən nəzərdən keçiriləcək.

Daimi komissiyanın tərkibi Elmi Şura sədrinin və ya Elmi Şura Komissiyaları sədrlərinin təqdimatı əsasında dəyişilə bilər. Yeni daimi komissiyalar yaradıla, əvvəlkilər ləğv edilə və ya yenidən təşkil oluna bilər. Daimi komissiya tədris ili üçün qəbul edilən və Elmi Şura sədrinin təsdiq etdiyi plana müvafiq işləyəcək. Komissiyanın iclasları adətən ayda bir dəfədən az olmayaraq keçiləcək. Daimi komissiyaların işinə nəzarəti Elmi Şuranın sədri həyata keçirir.

1129 1