UNEC-in 90 illiyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” keçirilib

29 MAY 2020 | VIEWS:
989

Mayın 29-da UNEC-in təşkilatçılığı ilə universitetin 90 illik yubileyinə həsr olunan “II. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı” təşkil olunub.

Konfransın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Paşa Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov çıxış ediblər.

Rektor Ədalət Muradov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə təhsilin keyfiyyətinin artırılması, milli təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası istiqamətində zəruri addımlar atıldığını, müvafiq dövlət proqramları və strategiyanın qəbul edildiyini bildirib. Sənədlərdə tədrislə yanaşı, elmi tədqiqatların keyfiyyətinin artırılmasının da əsas vəzifə kimi qarşıya qoyulduğunu deyən rektor, UNEC-də bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb. Dərəcəsindən asılı olaraq, impakt faktorlu jurnallarda çap olunan məqaləyə görə müəllim, magistr və doktorantlara 4000 manatadək qonorar verildiyini, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə universitetdə 31 elmi tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini, UNEC Tədqiqat Fondunun təsis edildiyini diqqətə çatdırıb. Magistrlərin ikinci Beynəlxalq konfransının UNEC-də keçirildiyinin təsadüfi olmadığını vurğulayan Ə.Muradov, ölkədə təhsil alan bütün magistrlərin 22 faizinin,  MBA proqramı üzrə təhsil alan magistrlərin isə 67 faizinin UNEC-in payına düşdüyü qeyd edib. Rektor ölkədə ilk dəfə olaraq beynəlxalq konfrans standartlarına cavab verən rəsmi conferences.az saytının qurulduğunu, dünyanın müxtəlif ölkələrinin magistr və doktorantlarını bir platformada toplayan konfransın beynəlxalq təcrübəyə uyğun olaraq təşkil edildiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov UNEC-in 90 illik yubileyinə həsr olunan magistr və doktorantların beynəlxalq konfransının aktuallığını vurğulayıb. Nazir müavini iqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.

Paşa Holdinqin Baş İcraçı Direktoru Cəlal Qasımov ölkədə elmi tədqiqatların inkişafına töhfə verən beynəlxalq elmi platformanın yaradılmasını yüksək qiymətləndirib. İqtisadiyyat və idarəetmə ixtisası üzrə dünya magistr və doktorantlarını bir araya gətirən beynəlxalq konfrasın ölkəmizin nüfuzu üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Cəlal Qasımov Paşa Holdinqin korporativ sosial məsuliyyət siyasəti haqqında məlumat verib.

Konfransda ABŞ, Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin magistr və doktorantlarının iştirakı ilə 4 dildə (azərbaycan, ingilis, rus və türk) plenar çıxışlar olub. Azərbaycandan Kamal Mirzəyev “Strateji İnsan Resursları Sistemində Təmin Fəaliyyətinin Ölçülməsi və Qiymətləndirilməsi”, ABŞ-dan Sevinc Məmmədova “How Education and Training Affect the Economy”, Türkiyədən Sezgin Uysal “Politik Risk ve Enerji Fiyatları İlişkisi İktisat Tarihinden Doğal Bir Deney” və Rusiyadan Alexander Lyash “Эффективное Управление Денежными Средствами На Основе Финансовых Технологий” mövzularında plenar çıxışlarını onlayn olaraq təqdim ediblər.

Konfransın açılış mərasimi UNEC-in rəsmi Facebook səhifəsi, Youtube kanalı və konfransın rəsmi saytından canlı olaraq azərbaycan və ingilis dillərində yayımlanıb.

Konfransa təqdim edilən 431 məruzədən 325-i çıxış üçün seçilib, həmçinin konfransın xülasələr kitabı hazırlanıb. Distant formada təşkil olunana beynəlxalq konfransda ümumilikdə dünyanın 21 ölkəsindən 325 gənc tədqiqatçı 65 bölmədə məruzə ilə çıxış edəcəklər.

Mayın 31-dək davam edəcək beynəlxalq konfransın plenar müzakirələri ZOOM proqramı vasitəsi ilə distant olaraq keçiriləcək. Məruzə ilə çıxış edən hər bir iştirakçıya seksiya bitdikdən dərhal sonra məruzəçi sertifikatı online olaraq göndəriləcək. Bundan başqa, seçilmiş keyfiyyətli tədqiqat işləri beynəlxalq ISBN nömrəsi ilə tam mətn məruzələr kitabı formatında online olaraq nəşr olunacaq və konfransın rəsmi internet səhifəsində yerləşdiriləcək.

http://news.unec.edu.az/xeber/10106-unec-90/6497-bold-red-unec-in-90-illiyine-hesr-olunan-ii-igtisadiyyat-ve-idareetme-sahesinde-magistr-ve-doktorantlarin-beynelxalg-elmi-konfransi-kechirilib-bold-red

990 4