UNEC-in dünyanın aparıcı universitetləri ilə təcrübə mübadiləsi davam edəcək

14 FEVRAL 2018 | OXUNUB:
916

UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyənin nüfuzlu universitetlərində təcrübə mübadiləsində olan gənc müəllimlərlə görüşüb.

Görüşdə gənc müəllimlər Türkiyənin Boğaziçi, İstanbul, Uludağ, Süleyman Dəmirəl, Sakarya və İstanbul Sabahattin Zaim universitetlərində əldə etdikləri təcrübələri bölüşüblər. Tədris proqramları, sillabusların hazırlanması, distant tədrisin təşkili, imtahan və dərs prosesi, elmi tədqiqatların aparılması, laboratoriya və kitabxanaların fəaliyyəti ilə bağlı müşahidələrini paylaşıblar. Səfər çərçivəsində gənc müəllimlər ezam olunduqları universitetlə UNEC-in akademik heyətinin iştirakı ilə videokonfransların təşkil edildiyini bildiriblər.

Türkiyə universitetlərinin rəhbərliyinin UNEC-in gənc müəllimlərinin potensialını yüksək qiymətləndirdiyinə və onlar barədə müsbət fikirlər söylədiyinə diqqət çəkən rektor bununla qürur duyduğunu ifadə edib. Təcrübə və fikir mübadiləsinə hər zaman ehtiyac duyulduğunu vurğulayan rektor belə səfərlərin Türkiyə universitetləri ilə məhdudlaşmayacağını, UNEC-in akademik heyətinin dünyanın aparıcı universitetləri ilə təcrübə mübadiləsini davam etdirəcəyini qeyd edib.

Görüşdə Türkiyədən qayıdan müəllimlərin öz təcrübələrini daha geniş auditoriya ilə paylaşmaları üçün hər həftə Radio UNEC-in efirində qonaq olacaqları bildirilib. Müəllimlər efirdən müşahidələrini paylaşacaq, hər iki universitetin oxşar və fərqli cəhətlərini açıqlayaraq, müqayisəli təhlillər aparacaqlar.

917 1