UNEC-in əcnəbi tələbəsi: İnanıram ki, UNEC-də əldə etdiyim biliklərlə ölkəmə faydalı olacağam

23 MAY 2016 | VIEWS:
1263

UNEC əcnəbi tələbələrini təqdim edir: Nigeriya vətəndaşı Elvis Felis İhaza. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsidir.

- Ali təhsil üçün niyə UNEC-i seçdiniz?

– İqtisadiyyat ixtisasını sevirəm. Bu ixtisas üzrə təhsil almaq istəyirdim. Nigeriyada Azərbaycanda təhsil alan gənclərlə görüşdüm, onlar UNEC-in Qafqazın ən böyük iqtisadyönümlü universiteti olduğunu, burada çox yüksək səviyyədə təhsil verildiyini dedilər. Mən də UNEC-i seçdim.

- UNEC-də təhsilin səviyyəsindən razısınızmı? Əsasən nələr xoşunuza gəlir?

– Bəli, çox razıyam. Burada hər şey gözlədiyimdən də yaxşıdır. Məsələn, müəllimlər dərsdən sonra da başa düşmədiklərimi mənə izah edir, əlavə suallarımı cavablandırır, kömək edirlər. Onu da demək istəyirəm ki, əsasən riyaziyyat, konstitusiya və informatika fənləri çox xoşuma gəlir.

- Burada tələbə həyatı necədir? Dostlarınız varmı?

– Tələbələrlə birgə yaşayıram. Qısa müddətdə xeyli dost toplamışam. Azərbaycanlılarla yaxşı ünsiyyət qura bilirəm. Dostlarım arasında təkcə UNEC tələbələri yox, Tibb universitetində təhsil alanlar da var.

- Azərbaycanda qalıb işləmək haqda düşünürsünüz?

– Məzun olandan sonra Afrikaya qayıtmağı düşünürəm. İnanıram ki, UNEC-də əldə etdiyim biliklərlə ölkəmə faydalı olacağam. Xüsusi ilə də səfirlikdə işləmək istərdim.

- Azərbaycanı tanımaq imkanınız olubmu?

– Bakıda ən çox Xəzər dənizini sevirəm. Tələbələrlə Naxçıvanda və Qubada da səfərdə olmuşuq. Orada isə meşələr çox xoşuma gəldı. Qubanın təbiəti əsrarəngizdir. Ümumi götürəndə isə Azərbaycanda həyat çox rahatdır, insanları mehriban, gülərüzdür. Xüsusi olaraq nələri sevdiyimə gəlincə, mətbəxiniz əladır! Toyuq, plov və yarpaq dolmasını çox sevirəm.

1264 1