UNEC-in gənc alimləri elmi müsabiqəyə qatılacaq

04 APREL 2017 | VIEWS:
2048

UNEC-in gənc alimlərinin görüşü keçirilib.

UNEC-in Gənc Alimlər Şurasının (GAŞ) təşkilatçılığı ilə keçirilən görüşün məqsədi “Gənc alimlər və maliyyə savadlılığı” mövzusuna həsr edilən müsabiqəyə təqdim olunacaq məqalələrin dinlənilməsi olub.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov ölkədə elm və təhsilin inkişafına, xüsusən də gənc alim və tədqiqatçılara dövlətin diqqət və qayğısından danışıb. UNEC-də son illərdə elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması, tədrisə gənc alimlərin cəlb olunması istiqamətində atılan addımlardan bəhs edib.

UNEC GAŞ-ın sədri Vuqar Məmmədzadə müsabiqə barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu, Mərkəzi Bank və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqəyə UNEC-in 3 gənc müəlliminin elmi məqaləsi təqdim olunacaq. Müsabiqə elmin gənc tədqiqatçılar arasında populyarlaşdırılmasına, elmi fəaliyyətin stimullaşdırılmasına xidmət edən maliyyə savadlılığı layihəsi çərçivəsində  həyata keçiriləcək. Müsabiqənin şərtlərinə əsasən, təqdim olunan məqalələr mövzu üzrə 2017-ci ilin fevral-aprel ayları ərzində müvafiq qaydada aprobasiyadan keçirilməlidir.

UNEC-in “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosenti Nurlana Kərimovanın “Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar”, “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi Yaşar Dəmirovun “Əhalinin maliyyə savadlılığının qiymətləndirilməsi və maliyyə xidmətlərinin yüksəldilməsi yolları”, “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi Vüqar Məmmədzadə və “Maliyyə və maliyyə institutları” kafedrasının  doktorantı Samir Ağayevin  “Yığım potensialının yüksəldilməsində maliyyə savadlılığının rolu: investisiyalar və böhranlar” mövzularında elmi məqalələri dinlənilib.

Görüş müzakirələrlə davam edib.

2049 2