UNEC layihə müəllifləri ilə investorları virtual aləmdə görüşdürür

16 OKTYABR 2017 | OXUNUB:
293

UNEC-in Texnologiya Transfer Mərkəzinin rəsmi saytı fəaliyyətə başlayıb.

İnnovasiyaya maraq göstərənlər üçün nəzərdə tutulan www.ttm.az saytından ideya müəllifləri, patent və texnologiya sahibləri, eləcə də investorlar yararlana bilərlər.

Layihə müəllifləri ilə investorlar arasında əlaqə yaratmaq funksiyası daşıyacaq saytda hər iki tərəf üçün alt bölmə yaradılıb. Buraya daxil olan məlumatlar “tələb-təklif” informasiya bazasını formalaşdıracaq. Saytın əsas qrafik menyusu potensial istifadəçilərə həm öz fəaliyyətləri haqqında məlumat yerləşdirməyə, həm də onu maraqlandıran sahələr haqqında sorğu göndərməyə imkan verir. Hər səhifədə layihə və texnologiyalar haqqında məlumatla yanaşı, istifadəçilərin şərh yazması üçün müvafiq forma da yerləşdirilib.

Mərkəzin saytında “İdeyalar bankı” bölməsinə qeydiyyatsız daxil olmaq mümkündür. Burada Texnologiya Transfer Mərkəzinin qiymətləndirdiyi ən qabaqcıl ideya və layihələr yerləşdiriləcək.

Saytda texnologiyaların kommersiyalaşdırılması metodikası üzrə faydalı materiallar, eləcə də Mərkəzin tərtib etdiyi “Texnologiyaların Kommersiyalaşdırılması Bələdçisi” yerləşdirilib.

Sayt istifadəçiləri öz ideyalarını “İdeyalar bankı”na, fəaliyyətlərini “İxtiraçılar”, texnoloji sorğularını isə “Biznes üçün” bölməsinə yerləşdirə bilərlər.

294 2