“UNEC məzunları Azərbaycan iqtisadiyyatına misilsiz töhfələr verəcək”

30 İYUN 2017 | VIEWS:
3922

UNEC-də “Məzun Günü” keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra məzunlar üçün qurulan şərti auditoriyada “son dərs” keçirilib. Dərsdə  elektron jurnalla fakültələrin davamiyyəti yoxlanılıb.

UNEC-in rektoru, professor Ədalət Muradov “auditoriyada” quraşdırılan elektron tribunadan məzun adını qazanan bütün tələbələri təbrik edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində təhsilin inkişaf etdiyini bildirən rektor, azərbaycanlı tələbələrin cəmiyyətin fəal və ayrılmaz bir hissəsinə çevrildiyini diqqətə çatdırıb. Rektor ölkədə keçirilən bilik və idman yarışlarında, könüllülük hərəkatında, vətənin qorunmasında UNEC tələbələrinin təmsil olmasını qürurverdici hal adlandırıb.

Gənclərə karyeralarında uğurlar arzulayan rektor, onlara seçdikləri ixtisasa daim sevgi ilə yanaşmağı tövsiyə edib. Çıxışını Ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” sözləri ilə tamamlayan Ə.Muradov UNEC məzunlarını Azərbaycan dövlətini yaşatmağa və inkişaf etdirməyə səsləyib.

45 il öncə təhsil aldığı ali məktəbə UNEC-in fəxri məzunu kimi dəvət olunmaqdan məmnunluğunu ifadə edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev tələbəlik illərindən söz açıb. UNEC-in son dövrlərdəki uğurlarını, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığını, beynəlxalq reytinqlərdə yer almasını sevinclə izlədiyini bildirən M.Musayev ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu diqqətə çatdırıb. O, UNEC məzunlarının Azərbaycan iqtisadiyyatının inkişafına misilsiz töhfələr verəcəyinə əminliyini vurğulayıb.

Universitetin ənənəsinə uyğun olaraq, ən yüksək balla (98.6) məzun olan Aida Həsənovanın adı UNEC-in fəxri daşına həkk edilib. Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu olan A.Həsənova UNEC tələbəsi olmağın üstünlüklərindən danışıb. Bildirib ki, UNEC-də tələbələrin beynəlxalq standartlara cavab verən ali təhsil alması üçün hər şərait yaradılıb. Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran A.Həsənova UNEC məzunu olmağı ilə fəxr etdiyini bildirib.

Universiteti yüksək balla bitirən məzunlara UNEC-də çalışmaq təklif olunduğunu qeyd edən rektor Ə.Muradov bu imkandan A.Həsənovanın yararlana biləcəyini diqqətə çatdırıb.

Səhnəyə UNEC-in bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər. Ənənəvi “papaqatma” mərasimi atəşfəşanlıqla müşayiət olunub. “Məzun Günü” UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında konsert proqramı ilə davam edib.

Qeyd: 2016/17-ci tədris ilində UNEC-i 4378 məzun bitirir. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.

 

VİDEO

3923 1