UNEC pilot universitet seçilib

21 FEVRAL 2017 | VIEWS:
1442

Azərbaycan ali təhsil sistemində keyfiyyət təminatı üzrə yeni standart və təlimatlar təsdiqlənib. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni akkreditasiya qaydaları “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsi çərçivəsində hazırlanlıb.

Yeni akkreditasiya qaydalarının tətbiqi ilə əlaqədar UNEC pilot universitetlərdən biri seçilib. Bu məqsədlə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinin akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov, layihəni həyata keçirən Finlandiya və Estoniyanın təhsil ekspertləri UNEC-də olub.

“Hədəfimiz dünya səviyyəli ali məktəblər sırasında olmaqdır”, deyən UNEC rektoru, professor Ədalət Muradov ekspertlərlə görüşü zamanı universitet haqqında, tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən yeniliklər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, UNEC-in keyfiyyət təminatı üzrə yeni standart və təlimatların tətbiqində pilot universitet kimi seçilməsi təhsilin keyfiyyətinin daha da artmasına xidmət edəcək. Ə.Muradov qeyd edib ki, ekspertlər layihənin tətbiqi ilə əlaqədar qiymətləndirilmənin aparılması üçün UNEC-in bütün imkanlarından yararlana bilər.

Görüşdə mütəxəsislər layihə barədə ətraflı məlumat verərək, bildiriblər ki, məqsəd universitetdə strateji planlaşdırma, idarəetmə, insan resursları, təhsil proqramları, tədqiqat fəaliyyəti, eləcə də tədris və təlim resursları, dəstək xidmətlərini Avropa standartlarına uyğunlaşdırmaqdır.

Sonra İşçi qrupunun hazırladığı özünütəhlil hesabatı ekspertlərə təqdim olunub. Qeyd edilib ki, özünütəhlil ümumi qiymətləndirmə prosesinin önəmli hissələrindəndir və hesabat qiymətləndirmə sahələrinin strukturuna uyğunlaşdırılıb. Eyni zamanda təhliledici istiqamətdə hazırlanaraq, təkmilləşdirilməli sahələr müəyyənləşdirilib.

Qeyd olunub ki, layihənin qiymətləndirilməsi dörd mərhələ üzrə aparılacaq: beynəlxalq qiymətləndirmə qrupunun təyin edilməsi və təlimləndirilməsi, ali təhsil müəssisəsi tərəfindən özünütəhlilin aparılması, ali təhsil müəssisəsinə səfər və hesabatın dərc olunması. Qiymətləndirmə beynəlxalq və yerli ekspertlərdən ibarət qrup tərəfindən həyata keçiriləcək.

Layihə çərçivəsində ekspertlərin UNEC-ə səfərləri təşkil olunacaq. Onlar özünütəhlil hesabatını nəzərdən keçirəcək və keyfiyyətli təminatın qiymətləndirilməsi prosesini müşahidə edəcəklər.

 

1443 1