“Vergi sahəsində hökm sürən özbaşınalıqlara son qoyulub”

14 YANVAR 2019 | VIEWS:
405

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda ölkə iqtisadiyyatının müxtəlif sahələrində gedən köklü islahatlara və onların müsbət nəticələrinə toxunaraq vergi və gömrük sistemini xüsusi vurğulamışdır.

“Vergi sahəsində də çox dərin islahatlar aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu”.

Dövlət başçısı çıxışında həmçinin gömrük sahəsində aparılan islahatlara toxunaraq büdcənin ciddi artımına nail olunduğunu bildirib: “Keçən il dürüstləşmə apararaq büdcəmizi artırmışıq ki, əlavə işləri görə bilək. Həm sosial sahəyə, həm də infrastruktur layihələrinin icrası ilə bağlı əlavə vəsait ayrıldı. Bütün bunlar nəyə görə mümkün olmuşdur? Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik”.

Cənab prezident həm vergi, həm də gömrük sahəsinə təyin edilmiş yeni rəhbərliyin tapşırıqları yaxşı yerinə yetirdiklərini bildirib:

“Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”.

[a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4721-vergi-sahesinde-hokm-suren-ozbashinaliglara-son-goyulub”][/a]

406 1