UNEC rektoru: “Mən işə gələnədək o tələbənin problemi həll olunsun!”

13 YANVAR 2016 | VIEWS:
1793

İqtisad Universitetində media nümayəndələrinin iştirakı ilə açıq imtahan keçirilib. Bu yenilik tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədi daşıyır.

BAKI, 12 yanvar — Sputnik.az

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində media nümayəndələri ilə “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında növbəti görüş keçirilib. Sputnik xəbər verir ki, mediatur təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən təşkil olunub.

İyirmiyədək jurnalistin iştirak etdiyi görüşdə imtahan prosesinin təşkili barədə məlumat verilib. Daha sonra media işçilərindən ibarət müşahidəçilər imtahanın gedişini izləyiblər. Fevral ayının 1-dək davam edəcək qış imtahan sessiyası müddətində tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün İqtisad Universitetində bütün şərait yaradılıb.

İmtahan bitdikdən sonra universitetin rektoru Ədalət Muradov jurnalistlərlə görüş keçirib. 2014-cü ildə bu vəzifəyə təyin olunan Muradov, səmimi açıqlamaları ilə media nümayəndələrinin diqqətini çəkib.

“Güvəndiyim və inandığım ən güclü qüvvə tələbələrdir. Universitetdə nə baş verirsə, məndən tez xəbər tutan olmur. Çünki öz “Facebook” səhifəm var və tələbələrlə mütəmadi ünsiyyətdə oluram. Elə olur ki, gecə saat 1-də dekanlarıma tapşırıq verirəm ki, filan tələbənin problemi mən işə gələnədək həll olunsun”, – deyə rektor bildirdi.

Ə. Muradov universitetdəki əmək haqları barədə isə bunları deyib: “Təqribən 100 göstərici üzrə müəllimlərin reytinqi müəyyən olunacaq. Top 100-lüyə daxil olan müəllimlərin əmək haqqı müəyyən əmsala qədər artırılacaq. Top 10-luğa daxil olan müəllimlərin maaşı isə ikiyə vurulacaq. Bundan başqa biz Elmi Şura qərar vermişik ki, impaktı üçdən yuxarı olan elmi jurnallarda məqalə çap etdirən hər bir müəllimə 2 min dollar pul ödəyək. Düşünürəm ki, bu həvəsləndirici amil effektiv nəticəsini verəcək və verir də”.

Universitetin maddi texniki bazasına da toxunan Ədalət Muradov, 4 korpusu olan UNEC-in sadəcə bir korpusunda vəziyyətin ürəkaçan olmadığını deyib: “4 korpusumuz var. Onların 3-də maddi texniki baza yüksək səviyyədədir. Lakin birində vəziyyət çox pisdir. Bu Rusiya səfirliyinə yaxın yerləşən 3-cü təhsil korpusumuzdur”.

“Biz universitetin öz vəsaiti hesabına onu ən müasir tələblərə cavab verən tədris korpusuna çevirməyi qarşımıza məqsəd qoymuşuq”, — deyə rektor vurğuladı.

Quba rayonunda kampusları olduğunu deyən rektor, müəllim və işçilərin yay aylarında öz ailələri ilə bu kampuslarda universitet hesabına istirahət edə bildiklərini söyləyib. Ədalət Muradov, müəllimlərin təlimlərinin də məhz Qubadakı kampusda keçirildiyini bildirib.

Çıxışının sonunda Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov jurnalistləri mütəmadi olaraq universitetdə görmək istədiyini, bunu reklam üçün yox, nəzarət üçün istədiklərini qeyd edib.

Fuad HƏSƏNOV

1794 1