Ədalət Muradov: “Məqsədimiz dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır”

27 YANVAR 2023 | VIEWS:
222

“525-ci qəzet”

“Əsas məqsədimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 100 yaşı tamam olanadək dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır”. Bu fikirləri UNEC rektoru, professor Ədalət Muradov universitetdə ötən ilin yekunlarına dair keçirilən tədbirdə deyib. 

Hesabat tədbirində UNEC nəzdində İctimai Nəzarət Şurasının üzvləri – millət vəkilləri Etibar Əliyev, Hikmət Məmmədov, Arzu Nağıyev, professor Şahlar Əsgərov, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva, Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın sədri Günel Səfərova, media nümayəndələri və universitetin struktur rəhbərləri iştirak ediblər.

Rektor bildirib ki, 2030-cu ildə ali məktəbin 100 yaşı tamam olacaq: “Universitetimiz ən yaxşı ali məktəblər sırasında olmağa layiqdir. Mən inanıram ki, buna nail olacağıq”.

Ədalət Muradovun dediyinə görə, UNEC-də bakalavr üzrə təhsil alanların sayı 4,1 faiz artıb. Ötən il bakalavr üzrə təhsilalanların sayı 14025-dən 14588, magistratura üzrə təhsilalanların sayı 4177-dən 4477-ə yüksəlib.

Rektor qeyd edib ki, MBA üzrə təhsil alanların sayında 54,08 faiz artım olub. Belə ki, MBA üzrə təhsil alanların sayı 1494-dən 2302-yə çatıb: “MBA proqramı üzrə təhsil almaq istəyən tələbələrin 46 faizi UNEC-i seçir. Bu da çox qürurvericidir”.

Rektor bildirib ki, universitetə qəbul olan əcnəbi tələbələrlə bağlı qürurlana biləcək bir inkişaf yoxdur: “Ötən tədris ilində ali məktəbə 316 əcnəbi tələbə qəbul olunub. 2014-cü ildə bu rəqəm 264 olsa da, hələ də beynəlxalq standartların altında qalmaqdadır. Standartlara görə, əcnəbi tələbə sayı ümumi tələbələrin 5 faizindən az olmamalıdır. 4 dildə təhsil verən UNEC-də bakalavriatura üzrə 22, magistratura üzrə 20 ixtisas, MBA poqramı üzrə 29 ixtisaslaşmaya qəbul aparılır. MBA proqramı üzrə 8 yeni ixtisaslaşma 2022-ci ildə yaradılıb. 2013-2014-cü illə müqayisədə bakalavriatura üzrə tələbə sayı 4,01 faiz, magistratura üzrə 7,1 faiz, MBA proqramı üzrə 54,08 faiz artıb. Qəbul planı müvafiq təhsil səviyyələri üzrə 3,57 faiz, 62,8 faiz, 84,8 faiz yüksəlib. UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb. Tədrisin təşkilində EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi kağız daşıyıcılar üzərindən deyil, Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır. Tədrisin demokratikləşdirilməsi və himanistləşdirilməsi məqsədilə 100 hibrid auditoriya yaradılıb. Tələbələr 53 ixtisas fənni üzrə mühazirə dərslərini istər distant, istərsə ənənəvi formada dinləyə bilərlər. 13 qeyri-ixtisas fənni üzrə isə mühazirələr yalnız distant formada aparılır. Tələbələrin təhsil sənədlərini daha rahat və operativ şəkildə əldə etmələri üçün 2019-cu ildən “Bir Pəncərə Xidməti” fəalliyyətə başlayıb. Təkcə 2022-2023-cü ildə Bir Pəncərə Xidmətinə 17000 tələbə müraciəti olunub”.

Ədalət Muradovun sözlərinə əsasən, ötən ilin sentyabr ayından ali məktəbdə bütün qeyri-ixtisas fənləri distant şəkildə tədris olunur. “Flipped Education” modelinin tətbiqi sayəsində müəllim tələbələrə mühazirə keçmir: “Belə ki, müəllim onlayn formada mühazirəni tələbəyə göndərir. Tələbə 20 dəqiqə ərzində mühazirə ilə tanış olduqdan sonra başa düşmədiyi məqam olduqda müəllimə bildirir”.

Rektor vurğulayıb ki, UNEC Avropa Şurasından 703 min avro qrant alıb. Bu vəsait UNEC-in greenmetrics reytinqində sürətlə irəliləməsinə imkan yaradacaq: “Qeyd edim ki, hazırda UNEC bu reytinq siyahısında 866-cı yerdədir”.

Ədalət Muradov qeyd edib ki, əsas hədəf UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir. Bu təcrübə xarici universitetlərdə də var: “Yerli ali məktəblərdə də tətbiqi haqda düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Onda imtahana ehtiyac qalmayacaq”.

Rektor deyib ki, UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək. Ölkədəki universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə nəzərə alınmır: “Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə yanaşı, qeyri-akademik transkript də verilir. Biz də təqribən iki ildir bunun üzərində çalışırıq. Növbəti mərhələdə biz ekspertlər və iş adamları ilə qeyri-akademik traksriptin verilməsini müzakirə edəcəyik və gələcəkdə tələbələrimizə qeyri-akademik transkript də veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək. Həmin transkriptdəki QR kodu oxutduran işəgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq”.

Ədalət Muradovun sözlərinə əsasən, UNEC tələbələri məzun olduqda ən azı bir xarici dil bilməlidir. Universitetdə ingilis dili 4 bacarıq üzərindən 2 il müddətində tədris olunur. Rektor UNEC-də IELTS tərəfdaşı olan Dil Mərkəzinin fəaliyyətə başladığını və dekabr ayında ilk imtahanların keçirildiyini bildirib.

Kitabxanaların fəaliyyətindən danışan rektor, hazırda UNEC Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250 nüsxəyə çatdırıldığını, elektron resurs sayının isə bir milyondan çox olduğunu deyib.

UNEC-də daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

Ədalət Muradov UNEC-də Ömürboyu təhsil mərkəzinin fəalliyətə başladığını, kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığının aparıldığını qeyd edib: “Qeyd edim ki, UNEC əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə universitetdə orta aylıq əmək haqqı 1,92 dəfə artırılıb. Bu, pedaqoji heyət üzrə 1,96 dəfə, inzibati heyət üzrə isə 2 dəfə artım təşkil edir”.

Ədalət Muradov hesab edir ki, elmi dərəcə və elmi adların verilməsi universitetlərdə aparılmalıdır. Bu mövzuda universitetlərə qarşı ciddi müqavimət var: “Biz bu istiqamətdə addımlar da atmışıq. Məsələn, UNEC dosenti, UNEC professoru adı təsis etmişik. Bu dərəcələri almaq üçün meyarlar var və uyğun gəldikləri təqdirdə namizədlərə verilir. Onların əməkhaqqı dosent, professor maaşına bərabər olacaq”.

UNEC yanında İctimai Şuranın sədri, millət vəkili Etibar Əliyev bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti artıq inkişaf etmiş universitet statusu alıb: “Universitet tədqiqatçıları da bu barədə maraqlı yazılar yazırlar. Müasir dövrün tələblərinə uyğun inkişaf etmiş universitet modeli qurulub. Tələbələrin tədqiqat işlərinə cəlb olunması olduqca önəmlidir. Universitetin kifayət qədər yaşı var, ancaq yeniliklərlə uyğunlaşmağı bacarır. Elm mühitinin sözün əsl mənasında formalaşması UNEC-in həm də mədəniyyət mərkəzinə çevrilməsinə səbəb olub”.

Millət vəkili vurğulayıb ki, UNEC ölkədə Ali təhsilin hərtərəfli inkişafı ilə bağlı yeniliklərə imza atan ali məktəbdir.  Professor Ədalət Muradov UNEC-in Tədqiqat Universitetinə çevrilməsini hədəf seçdiklərini bildirib: “Universitetlə tanışlıq və rektorun hesabatından əmin olduq ki, bu istiqamətdə xeyli işlər görülüb. E-universitet modelinin yaradılması Dünya Universitetlərinin reytinq göstəricilərindən biridir. UNEC daxili vəsaitlər hesabına bu işin öhdəsindən layiqincə gələ bilib. Universitet idarəçiliyində, xüsusilə struktur islahatlarında ən mütərəqqi kontentlər seçilib. Bugünkü qənaətimiz belədir: UNEC-də təhsil almaq və işləmək qürurvericidir”.

Millət vəkili Hikmət Məmmədov rektorun hesabatını “Ümid” adlandırıb. Yeni nəsil universitet modelinin formalaşdırılması istiqamətində UNEC təcrübəsini yüksək qiymətləndirən millət vəkili İqtisad Universitetinin ictimaiyyətdə UNEC brendi kimi müsbət imiclə formalaşmasını universitetin böyük uğuru adlandırıb.

Professor Şahlar Əsgərov İctimai Nəzarət Şurasının üzvü kimi universitetdəki yenilikləri yaxından izlədiyini diqqətə çatdıraraq, UNEC-in idarəetmə, təhsilin məzmunu, struktur baxımından yeni çağırışlara cavab verən ali təhsil müəssisəsi modeli yaratdığını deyib.

Sevinc QARAYEVA

*

https://news.unec.edu.az/xeber/125-universitet/9659-bold-red-edalet-muradov-megsedimiz-dunyanin-en-yaxshi-500-universiteti-sirasinda-yer-almagdir-bold-red

223 1