Professor Şahlar Əsgərov-80: “Hikmət məclisi”

14 İYUN 2021

Hikmet Meclisiİyunun 14-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, UNEC Ekonofizika Tədqiqat mərkəzinin rəhbəri, əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 80 illik yubleyi münasibəti ilə “Hikmət məclisi” təşkil olunacaq. 

Tədbir Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə baş tutacaq.

“Hikmət məclisi”ndə yubliyarla birlikdə Təhsil Nazirliyinin rəsmi şəxsləri, rektor və professorlar, Şahlar Əsgərovun tələbələri, yaxınları çıxış edəcəklər. Tədbir çərçivəsində professorun yeni çap olunan “Düzgün qərarın hikməti” və “Yonulmuş daş yolda qalmaz” kitabları da təqdim ediləcək.

Yubiley tədbiri saat 15.00-da “T-Network”un feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Tanınmış ictimai xadim Şahlar Əsgərovun elmi nəticələri NASA-da kosmik gəmilər üçün ion mühərriklərinin hazırlanmasında müntəzəm olaraq geniş istifadə olunur. Professorun 1979-cu ildə Helsinki Universitetində elmi ezamiyyəti zamanı professor Mauri Luukkala ilə aldığı elmi nəticələr Nobel mükafatı laureratı Alen Kormaxın böyük marağına səbəb olub və qısa müddətdə Böyük Britaniyanın “Elektron letters” jurnalında çap olunub.

1990-cı ildə “Amorf təbəqələr” elmi – tədqiqat laboratoriyasını yaradıb.

Azərbaycan Respublikası Milli Məclisinin iki çağırış üzvü və 2000-2005-ci illərdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri olub.

2010-cu ildə Rusiya Təbiətşunaslar Akademiyasının qərarı ilə “Şahlar Əsgərov adına Elmi məktəbin banisi” adına layiq görülüb. 20-yə yaxın tədqiqatçının elmi rəhbəri olub.

Müxtəlif elmi, elmi-publisistik məqalələrin, o cümlədən “Keçid dövrünə fəlsəfi baxış”, “Təhsilimiz: dünən, bu gün və sabah”, “Düşüncə tərzi”, “Kamilləşən düşüncə”, “Kamilləşən bəşəriyyət” (rus və türk dillərinə tərcümə olunub) kitablarının müəllifidir.

“Şöhrət” ordeni və “Əməkdar elm xadimi” fəxri adları, o cümlədən Avropa Elm-Sənaye Konsorsiumunun qərarı ilə Wilhelm Leibniz medalı ilə təltif edilən professor bir sıra beynəlxalq akademiyaların üzvüdür.